Azərbaycanın və dünyanın xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığına həsr edirəm. 4 oktyabr 2016-cı il tarixində Bakıda Rəşid Behbudov heykəlinin açılışı münasibətiylə yazılıb)
Bir yol tutdun – bu yol uzun, yorucu…
Bir yol tutdun – təşaş dolu, ömür kəsən – sıxıcı!
Bir yol tutdun – vətənin gülşənində saf səsinlə bülbül kimi şən nəğmələr ötməyə!
Ürəyinin vətən eşqi, sevinci bir vətənə sığmadı! Bu eşq səni əbədi yolçuluğa səslədi!
Bir yol tutdun – xeyirli, bərəkətli! Bir yol tutdun – dünyanı görə-görə, insanları doya-doya, duya-duya sevməyə!
Anlar ötüb keçmədən tələşlandın, zamanın cilovunu əlindən buraxmadın!
Yaradanın sənə səxavətlə bəxş etdiyi fürsəti əlindən qaçırtmadın! Qatarlarda, uçaqlarda uzun-uzun məsafələr qət etdin. Doğulduğun Qarabağ mahalının sirrini ellərə, aləmə açıqladın! Bu sirrin sehirli gücüylə Qarabağı dünyada tanıtdın!
Sinənin altında “Qarabağ incisi” yatırdı! Bu “inci”nin sirrini bir Yaradan bilirdi!
Elə ki, bu “inci” ilhamla oyanırdı, bütün oktavalarda səsin enib-qalxırdı! Səsin dağ seli kimi – oktavanı aşırdı!
Eşq seli şahə qalxır, ürəkləri yandırırdı, yaxırdı! İnsanlar cuşa gəlir, konsert salonlarında sevinc aşıb-daşırdı!
Bir yol tutdun – vətənin cəfasına dözməyə!
Bir yol tutdun – vətənin ölümsüz yolçularını – savaş, əmək qəhrəmanlarını baldan şirin səsinlə mədh etməyə!
Bir yol tutdun – qəlbinin Qarabağ sevincini səsindən doymayan ellərə ilhamla bəxş etməyə!
Doya-doya, sevə-sevə mahnılar oxudun, “nə anandan, nə də doğma vətəndən” heç doyunca doymadın!
Əbədi yolçuluğa gedən yollarda nələr-nələr yaşamadı o səbatlı ürəyin, nələrə, nələrə dözmədi o lətif ürəyin!
Əzablı-əziyyətli yollarda “pəhrizkarlıq ruhu” heç vaxt səni tərk etmədi. Bu ruh sənin vücudunu nəzarətdə saxladı!
Sarsılmaz iradən – qılıncdan iti, şaxtadan soyuq ağlına güc verdi, ağlın iradənə baş əydi, təslim oldu!
Əbədi yolçuluğa – sonsuza gedən yolda – ölümsüz həyatın təntənəsi başladı!
Bir yol tutdun – şəlalətək çağlayan səsinlə aləmə sevinclər bəxş etməyə!
Bir yol tutdun – ömründən-günündən darğınlara, bəxtindən küskünlərə səsinin qüdrətiylə həyat gücü verməyə!
Ürəyinin vətən eşqi – oxuduğun mahnıların Mahnı teatrında həyat tapacağını diktə edirdi sənə, səni sevən sirrindən xəbərsizə, səni duyan, anlamayan dünyadan xəbərsizə!
Taxt qurdun könüllərdə – Qarabağın dərin-dərin sirlərindən qaynaqlanan səsinlə! Yaratdığın instrumental ansamblla yeni ruh, yeni nəfəs gətirdin Mahnı teatrına!
Mahnı teatrı Bakını Novruz xonçası kimi bəzədi!
Qeyrət damarın sənə keçilməz sədləri qeyri-adi hünərlə aşmağı öyrətdi! Elin coşqun sevgisi nur kimi, həlqə-həlqə ətrafını bürüdü!
Bir yol tutdun – doğma vətən ətirli!
Bir yol tutdun – laləli, qərənfilli, süsənli, sünbüllü!
Bir yol tutdun – ürəklərin qapısından ədəblə, nəzakətlə könüllərə köçməyə!
Bir yol tutdun – nurla, işıqla dolu bir əbədiyyət yolu!
Bir yol seçdin özünə – dünyanın qapısından uça-uça sonsuzluğa keçməyə!
Yazının bu yerində bir faktı xatırlatmaq istərdim…
Dahi sənətkar Mahnı teatrını yaratmaq istədiyi ərəfələrdə Mədəniyyət Nazirliyinin dəhlizində çağırış dəvəti gözləyirdi…
Salam verdim, başını qaldırıb xəfifcə kədər çökmüş gözüylə salamı aldı. O qədər sarsıntı, intizar və təlaş hissi keçirirdi ki, mən ordan uzaqlaşaraq dəhlizin axırına getdim…
Onu bu vəziyyətə gətirən bəlkə məmur laqeydliyi, bəlkə də gördüyü möhtəşəm işlərin çətinliyi idi?! Bilmədim…
Ey əbədiyyət yolçusu, rahat yat, rahat uyu!
Təməlini Qarabağın eşqiylə qoyduğun Mahnı teatrını əziz varisin, gözümüzün işığı Rəşidə Rəşid “dişi aslan” kimi cəsarətlə qorudu, hünərlə yaşatdı!
Möhtəşəm dünyamızın dayağı, bel sütunu İlham Heydər oğlu Əliyev cənablarının dahi sənətkarın adını daşıdığı küçədə, onun şərəfinə qoydurduğu Rəşid Behbudov heykəli Qarabağsız çətin günlər yaşayan xalqımızın yaralı ürəyinə bir təsəlli, onun sənət irsinə verilən qiymətin bariz təzahürüdür!
Qoy uca Yaradanın xoş nəzəri – Azərbaycanın və dünyanın qeyrətli hamisi – ölkə Prezidenti İlham Heydər oğlu Əliyevin, onun cəfakeş ailəsinin və xalqımızın üstündən əskik olmasın! Amin!!!
Böyük hörmət və ehtiramla:
Ulduzə Süleyman qızı Nəsir,
respublikanın Əməkdar artisti, şairə, publisist