abdullamuellim

MƏNİM NAĞILIM

(“GƏRÇƏK YUXULAR SİLSİLƏSİNDƏN”)

Mənim nağılımın əvvəli ölüm,
Mənim nağılımın sonu kədərdir,
Mənim nağılımda sürünmək zülüm,
Ölərək yaşamaq ondan bətərdir.

Mənim nağılımda yollar ikili,
Mənim nağılımda yollar qarışıq.
Durmuşam gözləri yola dikili,
Özümdən xəbərsiz dərdlə barışıb.

Qırxıncı otağı üzümə bağlı,
Ümid qapısından kilid asılıb.
Göylər tək qaralıb bəyaz nağılım,
Mavi səmasından bulud asılıb.

Mənim nağılımdır gərçək yuxular,
Gərçək yuxularda nağıldır ömür.
Ölümdən o yana ağır sorğular,
Əcəldən bu yana noğuldur ölüm.

Özümdən çıxmışam özüm olunca,
Bacarsan, gəl məni sözümdə ara
Bu nağıl dünyamın özü tapmaca,
Açması-olumdur, ölümdən sonra.

Bağışla sən məni, ay abır-həyam,
Özümdə deyiləm,canım, özümdə
Gözümdən düşübdür bu gərçək dünya,
Qorxuram gözümdən düşüm ozüm də.

DEMIRƏM BIR YOLLUQ GÜNAHIMDAN KEÇ

Çəkib bu yollardan baxışlarını,
Dikib bir nöqtəyə nə düşünürsən?
Ovuda bilmirsən göz yaşlarını,
Dərdinə qısılıb hey üşünürsən.

Qınında korşalan xəncərəm sənə,
Məni çıxarmağa əlin də gəlmir.
Bilirəm, qəlbində kədərəm yenə,
Könlümü qırmağa dilin də gəlmir.

Bəlkə gözlərinə çökən dumanam,
Çəkilə bilmirəm yolundan sənin?
Varmı məndən özgə dərdinə həyan,
Büdrəsən, yapışa qolundan sənin?!

Adımı tutanlar özümü tutmur,
Özünü tutanlar bəyənmir məni.
Neyləyim – ürəyin sözümü tutmur,
Sözünü tutanlar öyənmir səni.

Sağ yer arayıram bu canımda mən,
Sağımda solumda salamat deyil.
Sağalmaz yaram da canımda sənsən,
Yolunda can qoymaq – zarafat deyil..
.
Tutulan səmayam, dolan buludam,
Qorxuram islada gözlərim səni.
Olub keçənlərdən dərd uda-uda,
Tək səni yaşadır – sözlərim səni.

Alın yazısıdır səhvimiz demə,
Demirəm bir yolluq günahımdan keç…
Yem olub sevgimiz qüssəyə, qəmə,
Bir çiçək ömrünü yaşamadı heç!