Polad Sabirli

Dünyanın

Hər işi görəsən öz zamanında,
Çox böyük hökmü var hər bir anın da,
Gör kimlər üyüdü dəyirmanında,
Sehirli dünyanın, sirli dünyanın.

Gah bal kimi şirin, gah ilan dişi,
Gah bir az sərt olur, gah xoş vərdişi,
Gahdakı baş-ayaq gedir gərdişi,
Sehirli dünyanın, sirli dünyanın.

Bəzən də haqsıza verir fürsəti,
Haqlının boynuna yıxır minnəti,
Küləyə sovrulur, gedir sərvəti,
Sehirli dünyanın, sirli dünyanın.

Polad, öz bəxtindən etmə gileyi,
Tanrı bəxş eləyib belə taleyi,
Heç kimə qalmayıb, bil ki, heç nəyi,
Sehirli dünyanın, sirli dünyanın.

Görmüşəm

Ay daşa möhkəm deyənlər,
Daşdan möhkəm üz görmüşəm.
Düzü səhv edib əyənlər,
Əyriləri düz görmüşəm.

Bir baxışdan qan qaraldan,
Göz gördü qəlb oldu talan,
Adamın həm dərdin alan,
Həm dərd verən göz görmüşəm.

Yerli-yersiz bax qınağa,
Dərddən döndüm lap yumağa,
Söz var ki, qaldırar dağa,
Dağ da vuran söz görmüşəm.

Əxlaqım pak, vicdanım saf,
Bunu görür, duyur sərraf,
Kaş ki, hər şey olsun şəffaf,
Kül altında köz görmüşəm.