mt

Qalsın

Əhvalını xoş eyləyim,
Qanad verim, quş eyləyim.
Sənə günəş bəxş eyləyim,
Sisliyin qalsın özünə.

Ələkdən ələyim səni,
Allahdan diləyim səni.
Qızıla bələyim səni,
Misliyin qalsın özünə.

Didib məni didim-didim,
Qoyma heç göyərim, bitim.
Gəl, sənə yaxşılıq edim,
Pisliyin qalsın özünə.

Gözlərin

Xətrini həmişə əziz tutduğum jurnalist xanım dostum,
Yeganə Bağırova üçün ən xoş və səmimi arzularla!

Demə, şeir-qəzəlmiş,
Mənə baxan gözlərin.
Baxmağı nə gözəlmiş:
Mənə baxan gözlərin?

Məni dərdə salandı,
Gördüm, könlüm talandı.
Canımdan can alandı,
Mənə baxan gözlərin.

Qəmdən dolub axmasın,
Yağış olub yağmasın.
Qeyrisinə baxmasın,
Mənə baxan gözlərin.

Saçımda dənə gəlsin,
Kipriyi qəmə, gəlsin.
Hər dərdi – mənə gəlsin,-
Mənə baxan gözlərin.