mm

ÖMÜR TƏSƏLLİDİR…

Payız günəşinin dalında qış var,
İananma yalançı işartısına.
Sevincin qapısı qəmə açılar,
Baxmaz gözlərinin yaşartısına.

Yoxuşa dirənir enişin sonu,
Ağlı-qaralıdır həyatın özü.
Uğur gətirməz ki, hər işin sonu,
Bərabər yaranıb əyrisi, düzü.

Gülüşün izini yuyur göz yaşı,
Şirinin yerini acılar tutur.
Ömür təsəllidir, insanlar naşı,
Hər kəsin öz dərdi özünə çatır.

Əli boş gəlirik, boş gedirik biz,
Dünya alış-veriş dünyası imiş.
Doğumun bədəli ölümdür, şəksiz,
Pozulmaz qaydadır bu gediş-gəliş.

BİR DƏ XƏBƏR TUTURSAN Kİ…

Bu dünya xəlbir dünyadır,
İçində saxlamaz bizi.
Gəlib sahmana salarıq,
Gedəndə ağlamaz bizi.

Hər gün keçdiyim yolları,
Oxuyub bitirəm gərək.
Daşıdığım qısa ömrü,
Mənzilə yetirəm gərək.

Qırılan son umuddan da,
Sıxılır canı admaın.
Azca qara buluddan da,
Qaralır qanı adamın.

Hər şey verib Tanrı, hətta,
Aşımızı qarışdırır.
Ömrü də oyuncaq verib,
Başımızı qarışdırır.

Bir də xəbər tutursan ki,
Bir anlıq aman qalmayıb.
Ruh da yır-yığış eləyib,
Qalmağa zaman qalmayıb.