539

NECƏSƏN

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

HARDASAN DÜNYANIN HALAL ADAMI

Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan?–Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?

Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb acı-acı gülərmisən sən?

Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.

Hardasan dünyanın halal Adamı?–
Sən haqsan, sən varsan!–Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu Şahlığı, nolar, tələs ver.

MƏNİ BU QƏLƏMDƏN QORU,İLAHİ

Küfr mənlik deyil… Əstəğfürullah! –
Sənə can atıram, sənə, İlahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, İlahi!

Burdan daşlayırsan, o yandan çıxır,
Ordan təpinirsən, burda hazırdı.
Dünən gözlərimlə gördüm, masamda
Əyləşib yerimə şeir yazırdı.

İşə yüyürürsən – iş yerindədi,
Dükana girirsən – vitrindən baxır.
Meyxanadan qovub rədd eləyirsən,
Məscidin önündə qarşına çıxır.

Gah əziz dost kimi girir qollara,
Gah qarşı səngərdə top dalındadı.
Gah dilənçimisal çıxır yollara,
Gah milyonermisal qul halındadı.

Bir əli göydələn saraylar tikir,
Bir əli ehmalca qazır altını.
Söyürəm, əlimdən özgə nə gəlir,
Hərçi – pətərinin yeddi qatını.

Elə qucaqlayıb Yer kürəsini,
Bir küncü – bucağı çıxmır yadından.
Şərqdə müharibə alovlandırır,
Qərbdə dil – dil ötür “barış” adından.

Yerdə sahibidi küll-ixtiyarın,
Mahuyət-ül iblis, surət-ül cindi.
Şahlar ən sevimli oyuncaqları,
Rəiyyət əlində plastilindi.

Yoxmu bu gedişin dönüşü, yoxmu,
Yoxmu bu gərdişin sonu, İlahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, İlahi!

O SEVDALI ÇAĞLAR YADINDADIRMI?

O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?…
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adıyla başımı qatdım…
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb –
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl!