* * *
Qəm eləmə,
ən az darıxıram sən təki.
Nəfəs kimi varlığıma caladığım,
Əlim əllərində güvəndə idi.
Ey, dua tək ürəyimdən süzülən –
Vüsalını bircə günlük daddığım.
Belə olmamalı,
bu ağrını bu sevgiyə yazmaq günah,
bu məcburiyyət,
bu ayrılıq –
bizi üzər, bizi yıxar sevdiyim.
Evimizdən çöldə qalıb bu sevgi.
Evimizin qapısından keçə bilmir.
Evimiz qovur eşqimizi,
Sayqı duymur bizə,
duyğulrımıza.
Düşünürəm gecə yarı,
Qəlbim sınıq,
Ruhum sənsiz,
Gözüm bağlı
axtarıram gözlərini,
axtarıram əllərini…
Axtarıram –
Bakı yollarında,
Gəncə qapısında,
Sənin – mənim ürəyimdə gizlənən eşqi.
* * *
Ocaq qalanmışdı,
Insanlar imanını ona bəxş edirdi.
“Tək sənsən müqəddəs” deyirdi…
“Cəhaləti yandıracan,
Yalanları yox edəcən.
Bərəkət verəcən,
Səadət ərz edəcən…”
Baxdım kənardan,
Imanımı axtardım-
Qəlbimdə tapdım.
Axmaqlaşmış ağlımı
cəhalətin adıyla atdım atəşə…
Sonra çarmıxa çəkdilər həqiqəti,
Tac qoydular…
Bükdüm ovcuma yalanı,
Mismarladım çarmıxa…
Mən yalanı mismarladım –
Onlar qəlbimi,
Imanım evsiz qaldı çöllərdə.
Yetimləşdi.
Qəlbim çarmıxdan qeybə çəkildi…
Bir heykəl qurdular,
Bir taxt yapdılar,
Üstünə bir ipək sərdilər,
Onu “Mən” zənn etdilər…