Düz olmayan dünyanın düz dərdini,
Bəxti küsən qızların duz dərdini,
Ürəyimi üşüdən buz dərdini
Kövrəlib də çəkə bilsən, çək görüm.

Saçımda ağ kağızın boz kölgəsi,
Dərdim baxışımın toran döngəsi…
Ömrə eşqim ömürdən də ötəsi,
Dizlərinə çökə bilsən, çök görüm.

Vaxtsız qonaq qocalıqmı?
Gəldimi?
Ufuldadan, sızıldadan dərddimi?
Düşmənimə açılmayan dərdimi
Dost ovcuna bükə bilsən, bük görüm.

Elə yığdıq tərəziyə daş-başı,
Qoyduq sələmlərə qalan daş-qaşı.
Ətəyimdən bu inadkar “Beş daş”ı,
İzlərimə tökə bilsən, tök görüm.

Bəxt yazan bəxtimi aldatdı daha,
Tökmə, qəm sandığım qat-qatdı daha.
Qəlb evim şüşətək çat-çatdı daha,
Sən Güldərən, tikə bilsən, tik görüm.