Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
YA RƏBB ÖZÜN EYLƏ MƏDƏD
“Mənim dünyam” – silsiləsindən
Heç bitməyir dərdi- sərim,
Qatba- qatdır qəlb kədərim.
Olmayır bir xoş səhərim,
Ya Rəbb özün eylə mədəd.
Dərdlər sarıb vücudumu,
Bağlayıbdır əl- qolumu.
Bəniz solub, sarı limu,
Ya Rəbb özün eylə mədəd.
Bəxt qınında bürüşübdür,
Şəfa, sağlıq gen düşübdür.
Əcəl gozə görüşübdür,
Ya Rəbb özün eylə mədəd.
Gözüyaşlı arzularım,
Yazılmamış yazılarım.
Boynubükük ,sevən yarım,
Ya Rəbb özün eylə mədəd.
Fələk məxsus məndən yana,
Gəlməsin heç bu ünvana.
Qəlbisınıq, mən Dövrana,
Ya Rəbb özün eylə mədəd.
QİSMƏT OLA
“Vətənimdir” – silsiləsindən
Hər möhnətə dola-dola,
Qarlı qışı saldıq yola .
Bu novruzu Qarabağda,
Kaş keçirmək qismət ola
Çox söylədik Allah Kərim,
Qəribsəyib yurd yerlərim.
Könül istər o dağlarda,
Çəmənlərdən çiçək dərim.
Torpağımda gəzir yadlar,
Dəyişibdir mərhəm adlar.
Dağıdılmış məzarlarda
İncik ruhlar bizi odlar.
Yelkənsizdir gəmilərim,
Çölə dönüb zəmilərim.
Barsız,bəhərsiz ötübdür
Üzü qara,bəd illərim.
Çox gözlədik,bəsdir daha,
Son qoyulsun dərdə,aha.
Dövran,bu gün hamı deyir:-
“Güman vardır xoş sabaha.”