Nə qədər böhtandan, nahaqdan qaçdıq,
Yenə gəlib tapdı şər, böhtan bizi.
“Dosta” qapımızı ürəklə açdıq,
Saldı min əzaba bu “nöqsan” bizi.
Tarix zülmət yolda sınıq əsadır,
Yalanın, yamanın ömrü qısadır.
Duya bilərdikmi fitnə-fəsadı,
Zaman etməsəydi imtahan bizi?
Tutuldu yolumuz, bəndi-bərəmiz,
Təkcə özümüzə qaldı çarəmiz,
Dar gündə edilən tövbələrimiz,
Qurtara bilmədi günahdan bizi.
İşığa aldanıb zülmətdə qaldıq,
Divə əsir olduq, töhmətdə qaldəq,
Vüsal deyə-deyə həsrətdə qaldıq,
Arxayınlıq yıxdı hər zaman bizi.
Boylandıq tarixin xarabasından,
Gördük yurdumuzu qoyublar viran,
Vətənin dərdinə olmasaq həyan,
Alarmı qoynuna bu məkan bizi?
Dağılan məmləkət göz dağımız tək,
Olanlar, keçənlər həqiqət, gerçək,
Birləşə bilərik əl-ələ versək,
Hələ də yaşadır bu güman bizi.