ÖMÜR NAĞIL MİSALI – AYLAR, İLLƏR QANADLI

Şəxsiyyətinə hörmət, qələminə rəğbət bəslədiyim,
mənimçün doğma və dəyərli insan olan Adilə Nəzərə

Yenə dost dediklərin öz qınına çəkildi,
Günün namərd əliylə göy əskiyə büküldü,
Zülmətlə çarpışan dan gözlərində söküldü,
Açıldı bir sabah da, salam, sabahın xeyir.

Ömür nağıl misalı – aylar, illər qanadlı,
Ürəyini verdiyin ürəyini qanatdı,
Sən günahdan qaçındın, günah sənə can atdı,
“Gözəl şairə” adlı ulu günahın xeyir.

Tərs düşdü güneylərin, qüzeylərin qarışdı,
Tanrı qisməti deyib, taleyinlə barışdın,
Sorğu-suala çəkdin özünü, hey soruşdun:
Heç yandımı halına bir uzaq, yaxın? – Xeyir!

Həyatdı, kimlərisə qəlbə yaxın eyləyər,
Nisgil fürsət buldumu – qəlbə axın eyləyər,
Sanki mərmı partlayar, qəlpə axın eyləyər,
Üstünə qoşun-qoşun gələn bu axın xeyır,

Bir şeytan bir baxışı azı yüzə döndərər,
Digəri bir dastanlıq şeirə, sözə döndərər,
Ahın dağları dələr, daşı toza döndərər,
Köksün dağlanmadımı bu ahdan, ahın xeyir.

Başını dik tutmaqla, namərdə ibrət etdin,
İnan – yoxla, bu sözə həmişə diqqət etdin,
Bu qısaçıq ömründə neçə ömür qət etdin,
Çoxuna örnək olan bu gözəl çağın xeyir,
Salam, Adilə Nəzər, salam, sabahin xeyir!

SƏNƏ SÖZ VERDİYİM ŞEİR

İstedadlı şairə, mənimçün çox doğma olan Adilə Nəzərə

Neçə gündü qələmin ucunda
əsim-əsim əsir,
titim-titim titrəyirdi
sənə söz verdiyim şeir.
Bir əlçim bulud kimi,
Bir sınıq umud kimi,
Dünyanın pərsəng daşı kimi,
Bir damla göz yaşı kimi,
Kəsdirmişdi vərəqin başının üstünü.
Sanki ağ vərəqə düşüb
qara taleli olacağından,
Ömürlük bir küncdə
qalacağından qorxurdu.
Qorxurdu ömrünün
azlığından,
Fikirlərin
dayazlığından,
Kağızın məsum-məsum
üzünə baxan
bəyazlığından.

Sanki
əgər üzümü qara edəcəksənsə,
mənə toxunma,
İncitmə hisslərin, duyğuların
pak ruhunu deyirdi…
…Bir tərəfdən də
“yaz”, “yaz” deyən ilhamım
içimdə üsyan qaldırmışdı.
Şeir başa çatanda
göz yaşlarım artıq
ovcumu doldurmuşdu.
Bu bir ovuc göz yaşını
şərbət kimi çəkdim başıma,
Sonra da son nöqtəni qoyub,
Yol aldım
Pərən-pərən düşmüş
Arzularımın,
ümidlərimin dalınca –
üzü sonsuzluğa doğru…