Qaia artıq hər şeyin dəyişdiyinin fərqində idi, getdikcə ağlını qaçırırdı.

Mahiyyət nə idi. Sol kim idi. Tanıyırdı onu, əmin idi. Bütün bu paralel dünyaları beyninin içində daşımaq ondan nə alırdı. Onu nəyə, hara hazırlayırdı bu burulğan? O harasa hazırlanmaq istəyirdimi? Beyninin içi bumbuz idi. Getdikcə bu soyuqluq Qainanın vücudunu da keyləşdirirdi. Əlləri, qolları, gözləri, ruhu sözünə baxmırdı. Bunun sonu nə idi? Ruhu getdikcə buzlaşırdı.

Ruhun buzlaşması nədir, xəbərin varmı, əziz oxucu? Ağrılar boğazına dolur. Ağrı getdikcə zoğ atır bədənində. Qarşısıalınmaz bir əzab ruhunu somurmağa başlayır həyasızcasına, dözə bilmirsən. Başını itirirsən az qala. Bu son Qainanın söndürülməsi (yeni texnoloji çağda artıq yaşayan, nəfəs alanlar söndürülürdü) ilə nəticələnəcəkdimi? Yox, Qaia bunu istəmirdi, o söndürülmək istəmirdi axı, o onlar kimi deyildi. İnsanlığını itirmək istəmirdi. İnsanlığına dəyər verirdi. İnsanlığı ilə xoşbəxt idi. Ruhun soyuması nədir, İlahi? Bədən ölmədən ruhun soyuması. Bu necə bir əzabdır, İlahi… Çağın şansı kimi görünən yarı robotlaşaraq ölümsüzlüyün pillələri ilə yüksəlmək onun tərzi, arzuladığı son deyildi.

Uşaqlıqda “Vampir gündəlikləri” adlı serialı həvəslə izləyirdi. O zaman ən böyük arzusu ölümsüz olmaq idi. Bunu eqoistcəsinə istəmirdi, ha! O arzu edirdi ki, bu ona bütün xəyallarını gerçəkləşdirmək imkanı verəcək.

Sonra həyatda bir çox şeylər yaşadı. Ən sevdiyi nənəsini, atasını, spagetti saçlı qızı və anasını itirdi. Hər itirişlə elə möhkəm ölmək istədi ki… Elə möhkəm, həm də…

Ölüm hissi səngidikcə yerini ağlasığmaz dərinlikdə konyonvari uzanan, tənha bir darıxmaq hissi əvəzlədi. Zəncirvari darıxdı. O qədər darıxdı ki, hər şeyi xərclədi həyatında… Bircə özü qaldı xərclənməyən əlində…. Və nəhayət, bir gün özünü də xərcləmək istəyəndə çıxdı gümüşlər onun qarşısına…

Bax, belə, əziz oxucu! İndi sən bütün hər şeyi bilirsən, lap yaxından tanıyırsan Qaianı. İstəmirəm bu romanda sən hansısa, maddi və mənəvi məsələni gündəminə daşıyasan. Sənə nə danışıramsa, ona yönəl. Cinsiyyət amili axtarma bu mətndə. Bu heç sənə lazım da deyil. Əsrlərə calayıb axtardığın hər şeyi kənara burax. Kifayət qədər danışmadınmı, bu mövzulardan? Nəyi həll etdin? Nə düzəldi, zehnində? Bilirəm, indi sən deyəcəksən: “axı ay yazar, axı sənə nə, mən nə düşünürəm? Öz mətnin, süjetini idarə etmək sənə kifayət etmirmi?

Mən isə gülümsəyərək cavablamayacağam sualını. Bilirsən, niyə? Ona görə ki, Baccanalenin pəncərəsindən şütüyən qələbəliyi izləyərək yazıram bu sətirləri, arada Marlboronu da tüstülədirəm. Bildiyin lüks həyat… Ona görə sənin bu axmaq suallarını düşünməyə vaxtım yoxdur. Get, işinlə məşğul ol, əziz oxucu. Bir gün, bəlkə də bir gün sənin sualların mənim düşüncələrimdən və Gümüşlandiya adlı nəhəng dərdimdən daha vacib olar…

Ayağa qalxdı, divarlardan tuta-tuta özünü küçəyə atdı… Qarşısında Bakının köhnə, ancaq bir o qədər də doğma tikililəri var idi. Kürəyini söykədi bu divarlardan birinə. Nə səbəblə tikilmişdi bunlar? Kimlərin səsi hopmuşdu bu barılara, görəsən? Neçə sevinc, kədər görmüşdü, kim bilir… Belində divarın cırmaq izlərini hiss etdi. Çoxdandır heç kimlə sevişmirdi. Sevişməyi çox ciddiyə alırdı Qaia. Sevişmək cəhdlərini adiləşdirsə belə, çox vaxt, daxilindəki gizli reallıq bu idi əslində. Beyninin və ruhunun dərinliklərində, əslində o  çox təlatümlü təklik yaşayırdı.

Danışa bilmirdi. Dinə bilmirdi. Nə danışacaqdı ki? İnsanlar da, robotlar da, titanlar da onun söyləyəcəkləri ilə maraqlanmırdılar. Hər kəsi, bəli, bəli, hər kəsi güldürə bilərdi özünə. Necə əzabdır, İlahi, boğuluram. Nə edim mən? Yuxularım qaçır. Ətimi dişimə keçirib didib-tökmək istəyirəm. İstəyirəm, kimsə tişəni əlinə alıb vücudumu doğrasın, cızsın bütün son qalan insanlıq işartılarını.

Siqareti yenidən damağına qoyub əvvəlki yerinə qayıtdı. Yenə əyləşdi kafenin şüşəyə yaxın hissəsində. Arxasında çoxlu içki şüşələri var idi. Ancaq heç içmək istəmirdi. İçki bütün bədənini yumşaldıb səssizliyinə səssizlik əlavə edirdi. Bu isə kifayət qədər bezdirici idi. Səslər, səslər eşidirdi. Budur, kafenin kənarında oturan lupasifət, soyuq bənizli bir varlıq fincanda nəsə içir. Bütün ağzı qapqaradır. Of, necə də ürəkbulandırıcıdır bu. Budur, onun qarşısında portağal saçlı biri də oturub. O, mavi, yupyumuru dərmanları sapsarı dişlərinin düzüldüyü ağzına təpişdirir. Dodaqaltı necə də nazikdir, İlahi… Gözəl qəmzələri ilə tərs mütənasiblik içindədir dodaqları… Yolka rəngində geyinib. Özünü ətrafa laqeyd göstərir. Ya da elə hamı laqeyddir. Bircə mən, darıxan, nə istədiyini bilməyən şüksüz mənəm, hamı ilə maraqlanan… Sonra, bəs sonra? Sonra bu marağa sahib çıxırmı ürəyim, ağlım? Yox! Yox! Yox! Başım fırlanır. Qulaqlarımın giziltisi qarışır çəngəl-bıçaq səsinə…

Qaia bilirdi ki, nə vaxtsa, o da buna məcbur qalacaq. O labüd sonla, arzuları arasında qalıb başını itirəcək. Axı dünya gözəldir? Düşünmək, hiss etmək , nəfəs almaq, nəfəs dərmək. Bu gözəl dünyadan getmək istəmirdi. Çəkilmək istəyirdi bir kənara. Bütün bu inkişafdan kənarlaşmaq istəyirdi. Bu acgöz insanlıqdan, titanlıqdan, tanrılıqdan tamam kənarda qalmaq istəyirdi. Başqa bir şeyə çevrilmək istəyirdi Qaia… Qıraqda, hardasa, uzaqlardakı bir yerdə qalsaydı, görəsən, necə olardı, inkişaf üçün darıxardımı?

Fransız mahnısının sədaları getdikcə çoxalan iç səsinə qarışır:

Ma femme, la la la la la la…

Ma femme, la la la la la la…

Daxilində fransız…

Kafedə isə italyan mahnısı səsləndirilir.

“Va bene…” söyləyən gənc italyan bakılı ofisiantdan Amerikano istəyir.

Səslənən “Love story” Qaianı 2015-ci ilə aparır – Romadakı günlərinə. O vaxt ayağı ilişmişdi küçənin tam ortasındakı bir sütuna. Bu, qədimdən qalan balaca bir abidə idi.

Xırdavari sütunu belə çox böyük ustalıqla qoruyurdu italyanlar. Yadıma Naxçıvanda yaşadığım illərdə “qorumaq” başlığı altında savadsız memarların güdazına gedən bəzi abidələr düşür…

Onları Batabatın məğrur təbiəti xatirinə əfv edirəm…

Əməlli-başlı səs-küy başlayır daxilində. Yox, başına düşür bu səs-küy…

Burda rol oynayaraq yaşamağa çalışsaydı…

Onu robotlar tək, yalnız, rahat buraxardılarmı? Yoxsa, məcbur edilərdi onlar kimi olmağa. Bəs Gümüşlandiyaya köçsəydi… Axı ora, sadəcə, yuxudaykən köçə bilirdi. Əbədi olaraq yatmalı idi onda. Əbədi uyqu, bəli…

Ancaq mənim “Uyqum çəkilmiş, gönlümü qəm almış”

Bəs gümüşlər, onlar buna necə baxardı? Axı gümüşlər insanları sevmirdilər. Qaianın düşüncəsinə görə, gümüşlər, sadəcə, keçmişə məhkum zorba, kobud varlıqlar idi. Eyni zamanda maraqlı varlıqlar.

Bütün bunlar hara qədər davam edəcəkdi? Ruhu, bəli, ruhu ciddi təlatümlər yaşayırdı.

Bunu heç kim bilməməli idi. Beyni yarıinsan, yarı robotlar tərəfindən tədqiq obyektinə çevrilə bilərdi.

Elanlar verilirdi. Artıq onlar bir yol seçməli idilər. Ya zavallı insan olaraq yaşamalı, ya da texnologiya tanrısına təslim olmalı idilər.

Tanrıyla yarışan insanoğlu hər daim onunla eyni olmağı arzulamırdımı? Hər zaman əbədi yaşam, ölümsüzlük üçün çabalamırdımı?

Ölümsüzlük axtarışına çıxan Şumer qəhrəmanı Gılgamış da yarı tanrıydı…

Ən qədim və ən yaxşı dastanlardan sayılan Gılqamış bizə nə deyirdi, belə?..

Manyetik sahə dəyişirdimi?

Bu gün xəbərlərdə okeanda üzən insanlara balıqların hücumunu oxudum… Nə idi, balıqları belə dəli edən?

Bilirdim ki, yenə hər şey dəyişir. Hiss edirdim bunu. Axına qoşulub yaşamaqmı gözəl idi? Bəs xilas yolu nə idi, Nuhun əfsanəsi də təkrarlanacaqdımı? Nuh gəmisinə dəqiq məni mindirəcəkdimi? Yoxsa, şans da seçilmişlərə veriləcəkdi?

Deyilənə görə, bir gün Tanrı yerə əsəbiləşir. Alın yazısında insanın bütün həyat yolu yazılır, “Tanrı bilmədən tək yarpaq tərpənməz” deyilən bütün müqəddəs kitablarda yazılan bu bəndin əksinə, guya insanoğlu yerdə öz bildiyini edibmiş fəlsəfəsi ilə yeri dağıtmaq üçün bəhanə axtaran Yaradan aşağı baxanda əsəbiləşib yerə tufan göndərir.

Yerdə Tanrı öz adamı olan Nuha tapşırır ki, özünlə xilasını layiq bildiyin canlılardan bir cüt götür:

“Nəhayət, əmrimiz gəldikdə və təndir qaynadıqda (işlər ciddiləşdikdə və su qaynamağa başlayanda) Nuha dedik: “Əleyhinə hökm verdiklərimizdən başqa, hər şeydən iki cütü, ailəni və möminləri gəmiyə mindir”. Onsuz da, onunla birlikdə inanan çox az idi. Nuh dedi: Gəlin, gəmiyə minin. Onun axması da, dayanması da Allahın adı ilə bağlıdır. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir!”

Bundan əlavə, Seyyid Feyzullah Fındıki, “Levamiul-Cəvahir bi İsna Aşere Fennen Yücahir” də bu barədə o qədər danışıb ki, başqa söz danışmaq, sadəcə, vaxt itkisi və əməlli-başlı yorğunçuluq olar.

Bu şans idi insana ki, daha çox yaşasın. Babaları kimi, ölümsüzlüyü tapmadan tərk etmək məcburiyyətində qalmasın bu dünyanı. Bəs çatılan ölümsüzlük buna dəyəcəkdimi?

Bəs insan bu ölümsüzlüklə nə edəcəkdi? Ya bir gün dünya fırlanmaqdan bezsə?

Ya anidən günəş sönsə? Zil qaranlıq dünyada necə yaşayacaqdı insan oğlu. Qaranlığı sevirdi Qaia, dünyanı da, yaşamağı da… Bəs ölümü?

Onu sevirdimi?

Ölüm nə idi, necə idi… Ölümü dərk edə bilmirdi tam olaraq. Anlamırdı ölümü. Bilmirdi, bəlkə də başqa dünyalara açılan qapı idi ölüm? Yox, o istəmirdi o qapını açmaq, bilirdi, əmin idi yaşamaq istədiyindən. Həyat gözəldir. Yaşamaq, nəfəs almaq, sevmək, qaçmaq, kəpənəyin ardınca elə məqsədsizcə, həm də…

Qaia dağlarda gəzməkdən, bütün o təbiət gözəlliklərinin ətrini duymaqdan bezmirdi. O qoxu hərisi idi. Kitabı, adamları, havanı, özünü və yasəmənləri qoxlamaqdan bezmirdi… İnsanları nə səsindən, nə də addımlarından tanıyırdı. Sadəcə, qoxular, o qoxularla ayırd edirdi insanları.

Ancaq insanların qoxu əlindən alınırdı. Hamı eyni idi, hamı bomboz. Boz daim darıxdırıcı idi. Qaia bomboz olmaq istəmirdi… Robotlaşmaq istəmirdi. İnsan qalmaq istəyirdi.

Mənbə: https://edebiyyatqazeti.az/