Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü

Şuşa

Musiqi beşiyim, səssiz qalmışdın,
Dumanlı dağların bizsiz qalmışdı,
Əsir yaşayırdın, susuz qalmışdın,
Mən əsgər andımı içdim səninçün.

Sən azad olmalı, hürr olmalıydın,
Bir gecə içində sirr olmalıydın,
Qara sevdamıza yar olmalıydın,
Yar bağrım başını, açdım səninçün.

Sıldırım qayandan od ələdilər,
Qoynunu tənimə yurd elədilər.
Ayağın altına “cənnət” dedilər,
Mən ayağı yalın qaçdım səninçün…

Dan yeri sökülür yaralı yerdən,
Götür şəhid olmuş balanı yerdən!
Keçilməz yollardan, dolama yerdən
yol tapıb canımdan keçdim səninçün,
Yol bulub canımdan keçdim səninçün.

Xarı bülbül

Bir tweetle gəldi xəbərin –
Çiçəyim, quşum!

On deyil,
On beş deyil,
İyirmi də,
Tam iyirmi səkkiz il sonra
Döndün, Şuşam.

Kəlmələrə tökəmmirəm,
Sadəcə,
Gözümdən tökülür deyəcəklərim:
Tökülməsin ləçəklərin,
Gülüm,
Çiçəyim, quşum…
misra-misra,
yaşam-yaşam,
azad olmuşum,
Şuşam!

İstanbul vaxtı ilə

Eyni işləməz
Gedənlə qalanın saatı…
Getdim,
Bir saat geri çəkdim həyatı.

Mənbə: https://edebiyyatqazeti.az/