“Dünya siyasi liderlərinin şəkillərini yığırdım, onların adlarını əzbərləyirdim”

Müsahibimiz gənc Amal Əkbərlini adi gənclər sırasından çıxaran görmə qabiliyyətinin olmadığı halda ali məktəbdə əlaçı tələbə kimi təhsil almasıdır.
1993-cü ildə Bakı şəhərində doğulub, orta təhsilini Nərimanov rayonu 5 nömrəli orta internat məktəbində alıb. 2014-cü ildə Qərb Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin Politologiya ixtisasına daxil olub, hazırda 3-cü kursda təhsil alır. Amalla elə təhsil aldığı Qərb Universitetində görüşdük.

– Orta məktəb illərində necə oxuyurdun?

– Bu suala cavab verərkən bir az qeyri-təvəzökarlıq etməli olacam, ancaq həqiqətdir ki, yaxşı oxuyurdum. Əlimdən gələni edirdim ki, yüksək nəticələr göstərim. Hətta 11-ci sinifdə oxuyarkən şərəf lövhəsində şəklim var idi, əlaçı idim.

– Orta məktəbdə oxuyarkən hansı istiqamətlərə xüsusi marağın var idi?

– İctimai-siyasi sahə mənim üçün çox maraqlı idi. Bu sahəyə uyğun olan fənlərə də xüsusi maraqla yanaşırdım. İctimai-siyasi mövzulara marağım o qədər böyük idi ki, bütün xəbərlər və siyasi proqramları izləməyə çalışırdım. Anam da burdadır, təsdiqləyər ki, hələ məktəbə getmirdim, başqa uşaqlar cizgi filmlərini izləyəndə, mən siyasi verilişlərə baxırdım. Hətta o qədər azarkeş idim ki, dünya siyasi liderlərinin şəkillərini yığırdım, onların adlarını əzbərləyirdim. Bu, mənim ən sevimli məşğuliyyətim idi. Əslində, heç əzbərləməyə ehtiyac da yox idi, o qədər informasiya buraxılışlarını izləyirdim ki, bütün liderlərin adları istər-istəməz yadımda qalırdı.
O vaxtlardan istəyirdim ki, ali təhsil alım və bu təhsil mütləq və mütləq ictimai-siyasi sahə ilə bağlı olsun – əlbəttə, bu, politologiya da ola bilərdi, siyasi jurnalistika da ola bilərdi, hər halda siyasətlə bağlı olmalı idi.
İndi peşə baxımından özümü çox xoşbəxt hiss edirəm.
Uşaqlar adətən ya müəllim olmaq istəyir, ya həkim, ya polis. Məndə isə bir qədər fərqli idi və şükür edirəm ki, arzuladığım sahə üzrə təhsil alıram.

– Amal, ali məktəbə hansı formada imtahan verdin?

– Şifahi imtahan verdim. Hamı kimi 5 fənn üzrə. Sadəcə, TQDK tərəfindən bizim kimi imtahan verənlərə xüsusi köməkçilər ayrılır, onlar imtahan verənin seçdiyi variantı cavab kartında qeyd edir.

– Dərslərə fiziki olaraq necə hazırlaşırsan?

– Anam kitabı oxuyur, mən onu telefonun diktofonuna yazıram və öyrənirəm. Bu vasitə mənə çox kömək edir. Həm də tez mənimsəyə bilirəm. Tam sağlam adamlar var ki, bir cümləni öyrənmək üçün on dəfə oxuyur, məndə elə problem yoxdur, yaddaşım çox yaxşıdır. Təhsil aldığım istiqamət mütaliə, geniş biliklər tələb edir. Ona görə elektron kitablardan da geniş istifadə edirəm. Yalnız dərslərə hazırlaşmaq kifayət etmir. Gələcək siyasi icmalçıya nələr lazım ola bilər: siyasi biliklərlə yanaşı, iqtisadi və coğrafi biliklər, tarixi biliklər və s. Buna görə də mən daim yeni məlumatlar toplamağa çalışıram. Bir gün ərzində 50 səhifədən çox kitab oxuduğum olub. O kitabları internetdən götürürəm və MP 3 faylına çevirməklə oxuyuram.
Anam mənə çox kömək edir. Biz ana-övlad münasibətlərindən əlavə həm də dostuq. Universitetə hazırlaşdığım illərdə oturub, evdə söhbət edərkən həmişə deyirdim ki, mən məcburi təhsil ala bilmərəm – tutaq ki, ictimai-siyasi elmləri sevirəmsə, heç vaxt riyaziyyat-fizika sahəsində, lap humanitar sahə olsun – hüquqşünaslıq sahəsi üzrə təhsil ala bilmərəm. Diplom xatirinə oxuya bilməzdim.

– Necə oxuyursan?

– Əla deyə bilərəm. Çalışıram ardıcıl olaraq yüksək nəticə göstərim.

– Hansı əlavə məşğuliyyətlərin var?

– Yazıram.

– Nəzm, yoxsa nəsr?

– Hər ikisi. Cızma-qara edirəm deyərdim. Yazmaq məni çox yüngülləşdirir. Bəzən kədərlənəndə, nədənsə təsirlənəndə yazıram. O düşüncəni adi sözlərlə ifadə etmək olmur, şeirə, hekayəyə və s. çevrilir. Bədii ədəbiyyatı, mütaliə etməyi də çox sevirəm. Az-çox musiqi ifa etmək qəbiliyyətim də var, məsələn, həvəskar səviyyədə qarmonda ifa edə bilirəm.

– Sentimentalsan, hər şeydən təsirlənənsən, özünə qapanansan, yoxsa qaynayıb-qarışan?
– Bu, həssas nöqtədir mənim üçün. Çox maraqlıdır ki, yaşıdlarımdan daha çox özümdən böyüklərlə, hətta 10-15 yaş böyüklərlə daha rahat ünsiyyət qururam, onlarla münasibətim daha yaxşı alınır.

– Müəllimlərinlə, tələbə yoldaşlarınla münasibətlərin necədir?

– Öncə deyim ki, Qərb Universiteti mənim ikinci evimdir. Burda özümü çox rahat hiss edirəm. Bizə yüksək səviyyədə təhsil verməklə yanaşı burada bütün tələbələrlə müəllimlər arasında səmimi-demokratik münasibət var. Universitetimizdə özünü inkişaf etdirmək üçün çox yaxşı mühit və imkanlar yaradılıb. Qiymətləndirmə şəffafdır, yaxşı oxuyan tələbələri stimullaşdırırlar – bu isə şübhəsiz, hər birimizi daha yaxşı oxumağa təşviq edir. Tələbə yoldaşlarımla da çox isti münasibətlərimiz var, məni özləri kimi qəbul edirlər, dostcasına münasibət göstərirlər.

– Politologiya sahəsində təhsil alırsan. Yəqin ki, müasir siyasətlə də maraqlanırsan. Dünyada siyasi kataklizmlər bir-birini əvəz edir. Bir gənc politoloq kimi səni daha çox nələr narahat edir?

– Bu sual ətrafında çox geniş danışa bilərəm. Dünyada baş verən siyasi proseslər çox mürəkkəb və ziddiyətlidir. Amma hər bir azərbaycanlı kimi məni də ilk növbədə Dağlıq Qarabağ münaqişəsi narahat edir. Münaqişənin faktiki olaraq “dondurulmuş münaqişə”yə çevrilməsi cəhdləri çox acı təəssüf doğurur. Bəzi siyasi güclərin bu münaqişə ətrafındakı maraqları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olur. Ancaq görünən odur ki, Azərbaycan çox güclü diplomatik siyasət aparır, beynəlxalq nüfuzunu, mövqelərini gücləndirir və istənilən halda, haqq öz yerini tutmalıdır və tutacaq.

– Sənə stimul verən nədir?

– İlk növbədə, əlbəttə ki, yaxınlarım. Daha sonra təhsil aldığım sahəyə sevgim. Və məndə bir hissin daha qabarıq şəkildə özünü göstərdiyini hiss edirəm: liderlik hissi. Etiraf edirəm ki, bir az şöhrətpərəstəm. Əlbəttə ki, bu da bir stimuldur.

– Bəs əsas hədəf?

– Müəyyən yaşdan sonra ölkənin ən tanınmış politoloq və yazıçılarından biri olmaq. Bunun üçün də çalışıram.

– Yəqin ki, politoloq kimi efirdə görünmək, ictimai-siyasi verilişlərdə şərh vermək istərdin?

– Bəli, ən böyük arzularımdan biridir. Deyərdim ki, həyatda ilk müəllimim televiziya olub. Bu sahə üzrə təhsil almazdan öncə siyasi proseslərlə məhz daha çox televiziya vasitəsilə maraqlanırdım, nəzəri bilikləri isə burada – universitetdə öyrənməyə başladım. Çox istərdim ki, hətta televiziyada çalışım, müəllif proqramım olsun.

– Müasir politoloqlardan kimləri daha çox izləyir, nəsə öyrənməyə çalışırsınız?

– Dünyasını dəyişmiş Vəfa Quluzadənin şərhlərini çox diqqətlə izləyirdim. İndi isə müəllimimiz Fikrət Sadıqovu qeyd etmək istərdim. Fikrət müəllim ilk dəfə bizim auditoriyaya daxil olarkən yanaşı oturduğum qrup yoldaşıma dedim ki, hələ universitetdən çox-çox öncə onu tanıyır, rəğbət bəsləyirəmm. Belə tanınmış şərhçinin, maraqlı insanın müəllimimiz olması biz tələbələrə çox şey qazandırır. Deməliyəm ki, Qərb Universitetində belə müəllimlər çoxdur, biz bu fürsətdən istifadə etməliyik.

Amalı universitetə – dərslərə aparıb gətirən anası Durna Həsənovanın dediklərindən:

– Amal çox çalışqandır, istəklidir, çox böyük həvəslə hazırlaşır dərslərə. Evimizdə kitaba, təhsilə çox böyük maraq olub həmişə. Görünür, bu, Amala da keçib… Orta məktəb illərindən məktəbin bütün tədbirlərində Amal fəal iştirak edirdi.

Söhbətləşdi: Tural