* * *
Bu gün sevgililər günüdü axı…
Dedim bir şeir yazım
ikimizin adından.
Elə yazım,çıxmasın
ancaq heç nə yadımdan.
Elə yazım,döyünsün
ürəyim hər misrada.
Saçlarının qoxusu
o saat düşsün yada.
Necə üzür gör məni
ayrılığın,həsrətin.
Bu eşqin əzabına
dözmək gör necə çətin…
Nola,bir az oxşaya
gözünün qarasına.
Sonra basım bu şeri
qəlbimin yarasına…
Hər hərifi od alsın
ürəyimin odundan.
Sənə hədiyyə edim
gül kimi öz adımdan.
* * *
İçinə su dolan gəmi kimiyəm,
Elə qərq olmuşam ümidsizliyə.
Qəfil yıxılmışam arzularımdan,
Daha bircə kimsə yetməz köməyə.
Tufanlar qabartmaz ağ yelkənimi,
Mənə yoldaş olan yellər susdular.
Yolumu gözləyən gözlər yoruldu,
Arxamca əl edən əllər susdular…
Mənsiz qəribsəməz bir doğma liman,
Adım bir sahilin yadından çıxar.
Ürəyim bir qara qutudan betər,
Yanmış xatirələr altından çıxar.
Ömür bir səfərdi,bitər nə vaxtsa…
Yalan elə şirin, həqiqət acı.
Mən elə ölmüşəm biganəlikdən,
Daha təsəlliyə yox ehtiyacım.