Xalq şairi Vahid ƏZİZ.”BU EVDƏ İSİNMİR ÇOXDAN HAVALAR…”

Bir vaxtlar Məcnunla-Leyli kimiydi,
Ər-Arvad oldular
“Fərhadla- Şirin”,
davavaşız-şavasız ötüşmür indi
günləri bu, ömrü kəmşirinlərin,

Sanki, kərəntilər daşa dirənir,
öyüd-nəsihətlər düşür kəsərdən,
“küçə uşaqları” söyüş öyrənir
dünənki “divanə sevgililərdən!”

Bu evdə isinmir çoxdan havalar,
iki alovlu baş, buz kimi ürək,
arada bölünməz iki körpə var-
yazıqlar bunlardan nə götürəcək?

Bəlkə məhəbbət də özü bir yalan,
eşqi qayğılarmı dəyərdən salır?
Bu evdə insanı göyə ucaldan
indi ayaqların altında qalır!

Bu, keçmiş aşiqlər dil tapmır niyə,
olur Cin libaslı sevimli Mələk?
Görünür- hansısa çərləmıyiylə
başqa birisini “xoşbəxt edəcək…”