***

Mənim ünvanım – Nəhayətsizlik.

Zaman.

Məkan.

Dünən,

bu gün

və sabah.

Görünən, görünməyən. Eşidilən, eşidilməyən

Qalaktika. Günəş sistemi.

Yer kürəsi. Torpaq.

Bir az Avropa. Bir az Asiya. Böyük ölkə. Doğma yurdum Azərbaycan.

Bakı.

Sakit bir küçə.

Ev dörd, mənzil otuz yeddi. Otaq.

Üçbucaq masa. Kağız və qələm. Şeirlər…

***

Kağızın üstünə düşüb

İki əlimin kölgəsi.

Yenə də lap zilə qalxıb

Təkliyimin yalquzaq səsi…

Vaxtdan yaxa qurtarmışam,

Bilmirəm saat neçədir.

Ay yarımçıq, ulduzlar yox,

Yaman ölməli gecədir…

Nə varım var, nə barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa…