et

“Bizim günlərdə yaltaqlıq nəsə rüsvayçı bir şey sayılır, ancaq o kəslər üçün ki, onlar şeylərin adını şeylərin mahiyyətindən daha əhəmiyyətli sayırlar. Onlar belə düşünürlər ki, yaltaqlıqla sədaqət bir araya gələsi şey deyil: ancaq necə də səhv edirlər, axı hətta düşüncəsiz heyvanları belə, bunun əksinə dəlalət edən misal kimi göstərmək olar. Köpəkdən də yaltaq bir məxluq varmı? Bəs ondakı sədaqət?”. Rotterdamlı Drideriuz Erazmus

1962-ci ildə qələmə aldığı “Əssə də bir gün dizim…” misrası ilə başlanan şeirinin sonunda “Allah, məni qoru sən/ İçki məclisindəki/ Sağlıq nitqlərindən!” – yazan mərhum şair Əliağa Kürçaylının (1928-1980) öz satira yaradıcılığında yaltaqlıq mövzusuna müraciət etməsi heç də səbəbsiz deyildir.

Bizcə, bu səbəbi Ə.Kürçaylının XX əsr rus şairi V.V.Mayakovskinin (1893-1930) satira yaradıcılığı ilə yaxından tanışlığında, onun (V.V.Mayakovskinin – E.R.) bəzi satirik şeirlərini sevə – sevə doğma Azərbaycan dilinə tərcümə etməsində və “Yeni başlayan yaltaqlara ümumi rəhbərlik” (1927) satirasından ( Tərcümə edəni R.Rza ) ( Bax: V.Mayakovski. Seçilmiş əsərləri. İki cilddə. İkinci cild ( Şeirlər). Bakı, Azərnəşr, 1958, səh. 302-305) bəhrələnərək satira yaradıcılığında yaltaqlıq mövzusunu ilk dəfə “Şair Mayakovski ilə söhbət” ( Bakı, 1954) şeiri ilə başlamasında axtarmaq daha düzgün olardı.
Kürçaylının XX əsrin 60-cı ilində qələmə aldığı “Ay dost!” satirik şeirini məzmununa əsaslanıb şərti olaraq iki hissəyə bölə bilərik.
Birinci hissədə xoş sözlərlə dostunu yaxşı tərəfdən təqdim edən şair ikinci hissədə dəyişilib yaltağa çevrilmiş “dost”una üzünü tutub təəssüflə deyir:

… Gör necə də dəyişdin,
Sanki heç o deyilsən.
Sən ikiqat olursan
Bir rütbəli əyilsə.
Gör necə artırmısan
Sifətinin sayını.
Min cilidə girirsən
Almaq üçün payını.
Nə əvvəlki hünərin,
Nə cürətin qalıbdır,
Nə dosta örnək olan
Təbiətin qalıbdır.
Nə eşqin, nə əvvəlki
İstedadın qalıbdır.
Keçmişdən bir familin,
Bir də adın qalıbdır.
Tanımayır görənlər,
Kim deyər ki, beləydin?
Gərək onda öləydin,
Ay dost, gərək öləydin!

Qarşısında alçaldığı insanın hər sözünə mütilik göstərərək boyun əyib “öl” desə, ölən, “qal” desə, qalan, papiros çəkəndə də ondan izin alıb yaxın adamı kimi başına and içən, onun üçün canından, var – yoxundan belə keçməyə hazır olan yaltağı novatorcasına “Qaloşcütləyən” (1965) adlandıran Əliağa Kürçaylı dörd il sonra – 1969-cu ildə yazdığı “Dedim – dedin” satirasını mövzuya daxil olan digər şeirlərində rast gəlinməyən, insanda vicdanın gərəkliliyini, haqsız işlərin keçməyəcəyini bildirən, insanları bir üzlü görmək istəyib dönüklüyə, riyaya qarşı barışmaz olan, “idarə rəhbəri gərək yaltağı, alçağı qovsun uzağa” hökmünü verən şairlə pis əməllərlə məşğul olub rəisini müdafiə edən yaltağın mükaliməsi üzərində qurmaqla yanaşı, bu satirik şeirini şeir boyu izlədiyi məqsədinə uyğun şəkildə bitirməyi də unutmamışdır.

… Dost, kimə gərəkdir “ayı xidməti?”
Di yetər bükülüb döndün yumağa.
Saxla qulağında bu nəsihəti:
Sabun yaranıbdır əl – üz yumağa!

Satira yaradıcılığında yaltaqlıq mövzusunu alleqorik “Üç tula” (1974) satirası ilə davam etdirən Ə.Kürçaylı keçən əsrin 75-ci ilində qələmə aldığı “Bilmirəm” rədifli satirik qoşmasında bir göyün altında yaşasalar da kimliyini bilə bilmədiyi yaltaqla payına düşən sevinci, kədəri bölə bilməyən şair bu “insan” haqqındakı həqiqətləri dilə gətirib yazır:

… Həyatdır, gah qalxdın, gah da ki, endin,
Qalxdın – qürrələndin, endin – süründün.
Gah şar, gah dördbucaq kimi göründün,
Hansıdır sifətin hələ bilmirəm.

Özünə ev tikib, evlər yıxmısan,
İnsan bada verib, dövlət yığmısan.
Yüz sudan min dəfə quru çıxmısan,
Mən səndən nə deyim elə? – bilmirəm!

Daha başda durub, öndə getməzsən,
Kökün çürüyübdür, daha bitməzsən.
Bir də fürsət düşsə nələr etməzsən –
Qatıram ayları ilə, bilmirəm!

Sabiranə tərzdə qələmə aldığı “Yaltaq” (1977) satirasında yaltaqlıqda saçını ağardan yaltağı öz sözləri ilə ifşa edən, bir az əvvəl adını çəkdiyimiz şeirlə eyni – 1977-ci ildə yazdığı “Nə istəyirəm” satirik şeirində isə nə uca rütbəyə çatmaq, nə var – dövlət, nə də bağça – bağ istəyən Kürçaylı “ağ”a “göy”, “göy”ə “qara” deyib gündən – günə pillə – pillə ucalan, qamətini ikiqat əyib hər arzusuna, istəyinə qovuşan yaltağa onun taleyinin axırını görmək üçün ondan bir gün çox yaşamaq istədiyini bildirib “dost”unu aşağıdakı ali həqiqətə inanmağa çağırır:

… Yüz alçaqlıq boy atsa da ucalmayır.
Gəncliyində ləyaqətlə yaşamayan
Təmiz, müdrik insan kimi qocalmayır …

“Əliağa Kürçaylının satira yaradıcılığında yaltaqlıq mövzusu”dan bəhs edən bu kiçik yazımızı onun (Ə.Kürçaylının – E.R.) 1961-ci ildə qələmə aldığı adsız şeirlərindən biri ilə tamamlamağı lazım bildik.

Bilirsən həyat nədir?
Həyat – məhək daşıdır!
Ağır dağları da, o
Çiyinlərdə daşıdır.
Verdiyi bəzən sevinc,
Bəzən də göz yaşıdır.
Lakin mərd insanların
Dostudur, qardaşıdır.
Sevir bir sözlüləri,
Sevir bir üzlüləri!
Hünərə qahmar çıxır,
Tək hünəri sevir o.
Bir sifətli, bir üzlü
Kişiləri sevir o.