Polad Sabirli

Vətəni sevdim

Könül xoşluğumdu, qulaq dincliyim,
İlhamımdan axıb gələn kəlmələr.
Arxadan əl edən dəli gəncliyim,
İndi səndələyib saça dən ələr.

Kiminin yolları görünür, hamar,
Kimsə yaz ömrünə sərt qış istəməz
Kimi etdiyindən mükafat umar,
Kimi də özünə alqış istəməz.

Özgə çırağını yandıranların,
Günəş öz evində doğar hər zaman.
Hiylədən, haramdan yan duranların,
Başından sevinclər yağar hər zaman.

Kiminsə təsəlli verəni olsa,
Dağ kimi görünməz gözünə dağ da.
Üzünə güləni əgər tapılsa,
Həyatı xoş keçər aranda, dağda.

Səsi sinəsində gurlayanların,
Sözü şimşək olar, çənə bürünər.
Eşqi günəş olub parlayanların
Hər şey gözlərinə aydın görünər.

Çəkilən əziyyət gedəndə becah,
Adamın tüstüsü közü yandırar.
Yamanlar, yaxşıya olanda urcah,
Ürəyin atəşi gözü yandırar.

Daha qorxulular daş altındadı,
Fəlakət törədər əsəbdən susan.
Elə zəhərlər var, ”aş” altındadı,
Özünə düşməndi özgəni pusan.

Mənzilə çatmamış dönəndən qorxdum,
Hədəfə inadla yetəni sevdim.
Bu gün unudulmuş dünəndən qorxdum,
Özümə güvəndim, vətəni sevdim.

20.04.2017.

Görmüşəm

Baxmayıb çətinə, ağ, qarasına,
Tikəsin yarıya bölən görmüşəm.
Məlhəm neyləyəcək söz yarasına,
Sözündən yıxılıb ölən görmüşəm.

Şairin şeirdi, sözdü var-yoxu,
Söz yoxsa, hədəfdən yayınar oxu.
Ürəklə gözünü yaşardar çoxu,
Ürəksiz gözünü silən görmüşəm.

Köz üstə qovrulur, köz-közdü ürək,
Toxunma, yandırar alovdan əl çək.
Odu söndürəcək, oda dönəcək,
Yaxşı ki, sevgiyə güvən görmüşəm.

Gördüyü hər işin əlhəmin tutan,
Ləngərin saxlayan, yöndəmin tutan,
Sambalın qoruyan, həmdəmin tutan,
Eşqin məbədinə dönən görmüşəm.

Gözdən pərdə asan, pərdələnən də,
Bəxtindən küsən var, bəxt güləndə də,
Polad, tonla gəlir dərd gələndə də,
Dərdən havalanıb, gülən görmüşəm.

28.11.2015.