abdullamuellim

YUXUMU QAÇIRAN GECƏ

Çırpıb şübhələrinı
yuxumu qaçıran
gecənin zülmətinə,
Yaddaşımın ətəyinə
atdığın dərd daşlarını-
tənhalıq sirdaşlarımı,
Tökdüm gözlərimə çəkdiyim
Sən gedən yolların üstünə.
Yuxusu qaçan gecədə
Sənli fikirlərimlə
qaldım başlı-başına.
Yuxumu qaçıran ğecə də
Qüssə yorğanını
çəkib başıma…
Qənim kəsilib səhətimə
yuxusu qaçan gecə də.
Sənsiz, sənli sevgimi bu gecə
alıb qollarım üstünə,
Ha düşünüb-daşındım,
Özüm özümdən yaşındım-
Heç özüm də
bilmədim necə,
Ürəyimdə qövr eləyən,
həsrətimin göynəyindən
ayağıyalın, başıaçıq-
Yuxusuz gözlərimlə
ulduzları dərə-dərə,
Çıxıb zülmətin köynəyindən-
Bu tənha gecədə
Həsrətimin göynəyindən,
tənha qüssəmin
üzündən qaçıb,
Özümdən qaçıb…
Yüyürdüm,hey yüyürdüm,
yüyürdüm geri baxmadan,
Dan yeri sökülən yerə-
Baxım,görüm necəsən?
Mənsiz qaldığın gecə sən,
Necə ötüşdün tək,
necə sən?!

Azərbaycan.Quba.
05.05.2001.

SÖZ CÜCƏRDİ

Tək əldən səs çıxmadı,
Tək əldə söz cücərdi.
Cığır açan izimin
Yerində göz cücərdi.
Göz gördüm-gözüm düşdü,
Qəlb dindi, sözüm düşdü.
Ovcuma gözüm düşdü,
Gözümdə duz cücərdi.
Təkləndim təkəm deyə,
Təkliyi çəkəm deyə…
Gözünü döyə-döyə
Əyri də düz cücərdi.
Tək Allahdır, tək Allah,
Təklərə pənah Allah…
Gözüm önündə günah,
İçimdə köz cücərdi.
Gecə uzundur,uzun,
Darıxdım sənsiz, quzum.
Köksümə basdım duzu,
Gözümdə buz cücərdi.

Azərbaycan.Quba.
02.10.2001.