Saqif QARATORPAQ

QARDAŞIM!

İtirdim nə varsa,torpaq da getdi,
Verdim bir ömürü yelə , qardaşım!
Uşaq oyuncaqla oynayan kimi
Söznən oynayıram hələ,qardaşim!

Sinəmə döyürəm yenə “mən”-deyib,
Uca kürsülərdə “ey vətən”-deyib,
Gah çiçək axtarıb ,gah cəmən deyib,
Tərif də yazıram gülə,qardaşım!

Bu qədər susarmı dərdi dağ olan,
Gündə min yol ölüb yenə sağ olan,
Vətənə,torpağa,yurda ağ olan
Yanıb niyə dönmür külə,qardaşım!

Gör necə aldadıb bər-bəzək məni,
Qoyub yaman günə bu ürək məni.
Salıb kəməndinə kəpənək məni,
Çıxıbdı yadımdan güllə ,qardaşım!

Bu gidi dünyada daha gözüm yox,
Budur-yaşayıram… ancaq özüm yox…
Biçarə Saqifə ayrı sözüm yox,
Görüm olsun belə-belə,qardaşım!

* * *

Mən də coxdan ölmüşəm,
Yoxdu yerdən götürən.
Bilmirəm oxudunmu
Özümə başsağlı
Göndərmişdim mən dünən.

İlişib bir tərifə
Yıxıldım, xəbərin var?
Yazığı gələn olsa
Dönüb yerdən qaldırar.

İndi yaman dəbdədi
Özünü sözdən asmaq.
Ölümdən də betərdi
Başın üstə yellənən
Qara kəndirə baxmaq.

Dərd yapışar beşəlli
Tutmağa yaxan olsa.
Dərd eləmə özünə
O dünyadan gələrəm
Mənsiz darıxan olsa.