UĞURLU DİSSERTASİYA MÜDAFİƏSİ
K.Adışirinov İsmayıl bəy Nakamı “diriltdi”
Zəkəriyyə ƏLİZADƏ,
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, g.m.e.d., professor
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
Müasir ədəbiyyatşünaslıq elmimizin qarşısında duran ən mühüm vəzifələrdən biri klassik ədəbiyyatın tədqiq edilməsidir. Şanlı ənənələri olan ədəbiyyat tariximizin incələnməsi eyni zamanda zəngin milli-mədəni sərvətimizə yiyələnməyimiz, onu qoruyub gələcək nəsillərimizə miras qoymaq deməkdir. Buna görə də klassik şair və yazıçılarımızın həyat və yaradıcılığı, irsi haqqında yazılan, nəşr edilən hər monoqrafiya, müdafiə edilən hər dissertasiya bu nəcib işə dəyərli bir töhfə kimi dəyərləndirilməlidir.
AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutu Şəki Filialının baş müəllimi Kamil Fikrət oğlu Adışirinovun 17 may 2013-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “İsmayıl bəy Nakamın həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etməsi yalnız Şəkinin elmi-mədəni həyatında deyil, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığında əlamətdar hadisədir.
XIX yüzilin ikinci yarısı – XX yüzilin başlanğıcında Şəkidə yaşayıb-yaratmış İsmayıl bəy Nakam (İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəddinbəyov) (18..-19..) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olsa da onun ömür yolu və zəngin ədəbi irsi indiyədək layiqincə öyrənilməyib, bu haqda bir sıra araşdırıcılar yalnız yeri düşəndə söz açaraq şairin hansısa əsərinə ötəricə toxunublar. Bu üzdən az qala unudulmaqda olan qüdrətli sənətkarın həm yaşamının incəliklərinədək öyrənilməsi, həm də poetik irsinin bütün yönləriylə hərtərəfli elmi təhlil süzgəcindən keçirilməsi özü-özlüyündə alqışlanmalı olsa da dissertant Kamil Adışirinovun bu işin öhdəsindən yüksək peşəkarlıqla gəlməsi daha da fərəhlidir.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologoya elmləri doktoru, professor Teymur Kərimlinin sədrliyi ilə keçirilən islasda ilk öncə Dissertasiya Şurasının elmi katibi, filologiya elmləri doktoru İmamverdi Həmidov aparıcı təşkilatın – Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müsbət rəsmi rəyini oxuduqdan sonra Bakı Dövlət Unversiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və b. elmi qurumlarda çalışan görkəmli alimlərin dissertasiya və onun avtoreferatı haqqında yazdığı rəylərlə Şura üzvlərini tanış etdi.
Dissertantın əməyini yüksək qiymətləndirən Bakı Dövlət Unversitetinin professoru Qara Namazov qeyd edib ki, K.Adışirinov dissertasiyanın məqsəd və vəzifələrinin öhdəsindən layiqincə gələ bilib; müəllifin elmi-nəzəri hazırlığı, ədəbi fakt və prosesləri dəyərləndirmək, təhlil etmək bacarığı güclüdür; dissertasiya işi mövzunu tam əhatə edir və sanballı elmi araşdırmadır.
AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov dissertasiyaya yüksək dəyər verərək yazıb ki, müəllif Nakamın həyat və yaradıcılığı ilə bağlı mübahisəli məsələləri düzgün məcraya yönəldib, onları məntiqin və həqiqətin süzgəsindən keçirərək həll edə bilib; əsər ədəbiyyatşünaslığa töhfə olmaqla yanaşı, yeni insan tərbiyəsi ilə bağlı pedaqoji məsələlərin həllində də mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Dövlət Pedaqoji Unversitetinin professoru Ramazan Qafarlının bəyəndiyi ən müsbət cəhətlər bunlardır ki, dissertasiyada İsmayıl bəy Nakam yaradıcılığı bütün parametrləri ilə əhatə olunub, Nakam XIX əsrin qüdrətli qəzəl şairi, divan ədəbiyyatımızın layiqli yaşadıcısı kimi təqdim edilib, şairin poetik irsi ilk dəfə obyektiv elmi mövqedən dəyərləndirilib, onun yaradıcılıq yolu ənənə və varislik istiqamətində araşdırılıb, ədəbi irsinin qaynaqları müəyyənləşdirilib, sənətkarlıq keyfiyyətlərinin özünəməxsusluğu üzə çıxarılıb.
Daha sonra kürsüyə dissertant Kamil Adışirinovun özü çıxdı. Onun dissertasiya haqqında verdiyi ətraflı bilgini Şura üzvləri razılıqla qarşıladılar. Rəsmi opponentlər: filologiya elmləri doktoru Kamandar Şərifov və filologiya elmləri doktoru Məhəmmədəli Mustafayev də dissertasiya işini yüksək dəyərləndirdilər və təbii ki, müəyyən iradlarını da bildirdilər. Dissertantın həm aparıcı təşkilatın və rəsmi opponentlərin iradlarına, həm də Dissertasiya Şurası üzvlərinin çoxsaylı suallarına verdiyi əsaslandırılmış cavablar Şura üzvlərini tam razı saldı.
Bundan sonra dissertasiya ətrafında canlı müzakirə başlandı və Şura üzvləri əsərlə bağlı öz fikirlərini bildirdilər. Onların, demək olar ki, hamısı dissertasiyanı ədəbiyyatşünaslığımızda yeni söz adlandırdı və yüksək elmi səviyyədə yazıldığını bildirdi. Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, filologoya elmləri doktoru, professor Elmira Rəhimova, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, filologiya elmləri doktoru, professor Mahirə Quluyeva, filologiya elmləri doktoru İmamverdi Həmidov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, dissertantın elmi rəhbəri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və iclasda qonaq kimi iştirak edən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Avrasiya Unversitetinin professoru Ədalət Tahirzadə və başqa alimlər öz cıxışlarında paytaxtdan uzaq əyalətdə – mərkəzi kitabxanalardan, arxiv və əlyazma xəzinələrindən xeyli aralıda yaşayan və çalışan Kamil Adışirinovun uzun illər apardığı və gərgin zəhmətinin bəhrəsi olan dissertasiyanı yeni dövr Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən əsər kimi qiymətləndirdilər. Çıxış edənlərin bəziləri dissertantın yüksək şəxsi keyfiyyətlərindən: gözəl müəllim olmasından, özəl həyatındakı ciddi problemlərə baxmayaraq elmi axtarışlardan vaz keçməməsindən, ana yurdu Şəkinin mədəniyyət və ədəbiyyatına vurğunluğundan… da söz açdılar. Çıxışlarda müəllifin araşdırmaları davam etdirməsi, bütövlükdə XIX yüzil Şəki ədəbi mühitini doktorluq dissertasiyası kimi işləməsi tövsiyəsi də səsləndirildi. Həm dissertasiya, həm də onun müəllifi haqqında bütün deyilənləri nəzərə alan Şura üzvləri Kamil Adışirinovu filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq gördülər və buna yekdilliklə səs verdilər.
Biz də Kamil müəllimi bu böyük elmi uğur münasibətilə ürəkdən təbrik edir ona gələcək tədiqatlarında yeni-yeni uğurlar arzulayırıq!