TƏRCÜMEYİ-HAL
Qabil Ədalət 1990-cı ildə Ağcəbədi rayonunun Boyat kəndində doğulub.Bakı şəhəri, Binəqədi rayonu 205 saylı orta məktəbi bitirib.
“Ömür antologiyası – 2013”, “Türk Dünyası Şairlər Antolojisi-2013” və b. almanaxlarda şeirləri yayımlanıb. Hal-hazırda üçüncü kitabını çapa hazırlayır.
16-17 noyabr 2013-ci ildə Antalya Şairlər Buluşmasında iştirak edib.
Ukrayna Respublikası, Kirovaqrad Milli Texniki Universietinin tələbəsidir. 2011-ci ildən Yol və Nəqliyyat işçilərinin “Azərbaycan Yolları” qəzetinin şöbə müdiridir.
AZAN VAXTINA QƏDƏR
Artıq dövran dəyişib,
dünya faniliyindən
adamlar xainliyindən əl çəkib,
Dostluq, barış içində
bir yaşam qurulubdur.
Rüşvətə yox deyilib,
“tapşırıq” son bulubdur.
Xəyanət yalan olub,
yalansa talan olub.
Dillər “həsrət qalıb”
söyüşə, qeybətə…
Həsəd, nifrət, paxıllıq
ikiüzlülük, üzsüzlük qeyb olub.
Oğurluq bitib tamam,
Yerdə pul, qızıl görən,
əl vurmadan ötmədə…
İnsanlıq qayıdıb imana-dinə.
Yalançı mollalar, falçılar belə…
Daha insanlar Həccə
Ad-sançün getmir,
Daha bəzi qadınlar öz çirkin işlərini
hicab ilə gizlətmir.
Bəndələr Allahdan qorxur.
Və mən bu gözəl dünyadaykən
müəzzin azan çəkdi
ayıldım
gördüm, əşi, nə gerçək?..
Yuxu imiş, sən demə.
Bu dünya heç düzəlməz.
Düzəlməzmi?!.
DEYİLƏM
Elə bil, qərq oldum bahara, yaza,
Qəlbim dilə gəldi, çevrildi saza.
Səbr edib dözəcəm işvəyə, naza,
Bu işvə, bu nazdan bezən deyiləm.
Vuruldum gözlərə, dilə, dodağa,
Çatma qaşlarına, alma yanağa.
Olsa da bu yazıq sənə sadağa,
Səndən uzaqlarda gəzən deyiləm.
Yandırıb odlara yaxmısan, gülüm,
Nur olub qəlbimə axmısan, gülüm.
Qabil Ədalətin, baxtısan gülüm,
Səndən əllərimi üzən deyiləm.