rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

ÖN SÖZ ƏVƏZİ

Nədənsə, bu yazıya başlamaq istərkən, ilk olaraq yadıma düşən bir beyt oldu:

«Bayrakları bayrak yapan üstündəki kandı,
Toprak – uğrunda ölən varsa vatandı».

Uğrunda ölən varsa – torpaq daha geniş və dərin məna kəsb edir, müqəddəsləşir – canımız, qanımız, anamız dediyimiz Vətən anlamına gəlir.
Torpaq uğrunda ölmək – torpağı müqəddəs yurd yerinə çevirməkdi.
Torpaq uğrunda ölmək – şəhidlik zirvəsinə yüksəlməkdi.
Şəhidlik zirvəsinə yüksəlmək – əbədi məşələ dönməkdi.
Şəhidlik – vətəni azad, müstəqil, firavan görmək istəyən insanların bu istək uğrunda mücadiləsidir.
Bu istək əsrlərdən bəri ulu Dədəmiz Qorqudun «Torpağı əkib-becərmirsənsə qorumağına, qorumursansa əkib-becərməyinə dəyməz» sədasından süzülüb gəlir.
Bu istək məmləkətimizin müqəddəs atributlarından biri olan himnimizin:
«Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz…» – nidasından süzülüb gəlir.
Bu istək Məmməd Arazın (ruhu şad!):

«Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim…»

Və:

«Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı…» – inamından süzülüb gəlir.

Şəhidlik torpağını və vətəninin sevən hər bir vətən oğlunun istək və arzusu olsa da, hamıya nəsib olmayan bir xoşbəxtlikdir.
Şəhidlik bir Tanrı istəyi, bir Tanrı qismətidir.
Şəhidin ulu tanrı yanında yeri və dərəcəsi ən ali məqamdır. Müqəddəs kitabımız «Qurani-Kərim»də buyrulur:
«İnsanların içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda – vətən, torpaq, namus yolunda) şəhid olmuş, kimisi (şəhid olmasını) gözləyir».
(Əl-Əhzab, 23)
«Allah (vətən, torpaq, din) yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər…»
(Bəqərə, 154).

Ulu Tanrı tərəfindən belə qiymətləndirilən, dəyərləndirilən şəhidin xatirəsini əziz tutmaq, onu ehtiramla yad etmək, adını əbədiləşdirmək, ailəsinə qayğı və sayğı göstərmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən də dövlətin müqəddəs borcudur. Bu məsələ ilə bağlı hərə öz sahəsində əlindən gələn köməyi əsirgəməməlidir.

70 İLİN ŞİRİN YALANI

70 il Sovet imperiyasının tabeçiliyində yaşayan xalqlara və millətlərə Sovet təbliğat maşını o hissləri aşılamışdı ki, guya Sovet İttifaqı azad və demokratik bir qurumdur və bu qurumda təmsil olunan respublikalar sərbəst halda öz müqəddəratlarını təyin etmək hüququna malikdirlər. Kapitalist dövlətlərində isə hər şey bunun əksinədir. Burada insanlar miskin və acınacaqlı həyat tərzi sürür, heç bir hüquq və imtiyazlara malik deyillər. Bu maşın elə qurulmuşdu ki, insanları bu xoş yalana inandıra bilmişdi. Ancaq hər şeyin son həddi olduğu kimi, qan üzərində bərqərar olmuş bu imperiya da qan gölündə boğulmalı idi. Artıq respublikalarda və əyalətlərdə insanlar öz haqq səslərini ucaltmağa başlamışdılar. Bu səslərin içərisində Azərbaycanın səsi daha aydın, daha gur və daha ötkəm eşidilməyə başlamışdı. Çünki əsrin əvvəllərində Azərbaycan azadlığın tamını dadmış və hürr olmağın necə gözəl bir nemət olduğunu duymuşdu. Artıq Azərbaycan xalqı yalançı vədlərə inanmaq fikrində deyildi. O siyasi cəhətdən yetkinləşib, əqli cəhətdən kamilləşmişdi. Ona görə də qram-qram verilən imtiyazlarla barışa bilməzdi. Sevimli şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək, qram… qram!
Xalqın öz azadlığı uğrunda mücadiləsi başlandı. Məğlubiyyətlə barışmaq istəməyən Sovetlər Birliyinin tör-töküntüləri hər vəchlə bu azadlıq sədalı hayqırtıları boğmağa, susdurmağa çalışırdılar.
İmperiya yaxşı bilirdi ki, Azərbaycanı itirmək bütövlükdə Cənubi Qafqazda dayaqlarını laxlatmaq deməkdir. Eyni zamanda böyük yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycan kimi «yağlı tikə»ni əldən verməyin nə demək olduğunu Moskvada yaxşı bilirdilər.

YIRTILAN PƏRDƏ

Beləliklə də Moskvada qara əllər, xain ürəklərlə tərtib olunmuş plan 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda gerçəkləşdi. Əliyalın küçələrə axışan xalqın ağlına belə gəlməzdi ki, 70 il çörəklə, su ilə, neftlə, pambıqla, nə bilim daha nələrlə təmin etdiyi bir millət onun qəniminə çevrilə bilər. Ancaq azğın imperiya cəlladlarının gözlərini qan elə tutmuşdu ki, bu anda nə dostluq, nə qardaşlıq, nə kəsilən çörək, nə içilən su yada düşürdü.
Beləcə, o gecə yüzlərlə vətən övladının sinəsi güllədən qızılgülə döndü. Torpaq onu canları, qanları qədər sevən ər oğulların qanı ilə suvarıldı.
RƏSMİ XRONİKA
Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu.
Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.
20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
NÖVBƏTİ CİNAYƏT
Yanvar qırğınından düz 2 il 1 ay 6 gün sonra XX yüzilliyin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Elə həmin plan, elə həmin sserani, elə həmin qanlı əllərlə.
Ötən bu müddət ərzində bu ağrı bizi bir anda olsun tərk etmədi. Hər gün, hər saat, hər dəqiqə bizim canımızda, qanımızda dolaşdı. Körpə uşaqların, qız-gəlinlərin, qarı və qocaların harayı və imdad sədaları qulaqlarımıza hakim kəsildi. Bizi özümüzdən uzaqlaşmağa, soyumuzdan, kökümüzdən, varlığımızdan qopmağa qoymadı…

RƏSMİ XRONİKA

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar – 63 nəfər;
qadınlar – 106 nəfər;
qocalar – 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar – 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

7-DƏN 77-YƏ

Xocalıda ilk şəhidin 7, ən yaşlı şəhidin isə 77 yaş olduğunu (yaxın rəqəmlərlə) nəzərə alsaq, bu əməliyyatın dəhşətli mənzərəsi çılpaqlığı ilə gözlərimizin önündə canlanmış olur.
7 yaşın insanın özünüdərk mərhələsinə qədəm qoyduğu an, 77 yaşın isə insanın orta yaş həddi (bəlkə də ömrün tükənən anları) olduğunu nəzərə alsaq görərik ki, bu faciə əsl soyqırım, genosid siyasəti idi. Bu siyasət azərbaycanlıların bir millət kimi yer üzündən silinməsinə yönəlmişdi.
Eyni zamanda, 7 rəqəmi bir mifoloji rəqəmdir. Qüdrət, əzəmət rəmzi, igidlik, dəlilik simvoludur (7777 Koroğlu dəlisi və s.)
Bu həm də, o deməkdir ki, bu xalqın, bu millətin 7-dən 77-yə qədər hər bir övladı bu YURD, bu TORPAQ, bu VƏTƏN uğrunda canını qurban verməyə hər an, hər dəqiqə hazırdır.
… Həmçinin düşmənə bir xəbərdarlıqdır ki, məqamı gələndə bu millətin 7-dən 77-yə qədər hər bir nəfəri əlinə silah alıb öz torpağını müdafiə etməyə qadirdir.

İSTİNAD NÖQTƏSİ

Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərini «Azadlığın ilk qaran¬quşları», Xocalı soyqırımını isə analoqu olmayan faciə adlandırdı. Prezidentliyi dövrün¬də də bəyan etdi: «Bizim borcumuz şəhidlərin qəhrəmanlığını əbədiləşdirmək, şəhid ailələrinə qayğı göstərmək və onların bütün problemlərini həll etməkdən ibarətdir. Əminəm ki, qədirbilən Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmayacaq və onların valideynləri, ata-anaları, övladları həmişə xalqın, dövlətin qayğısı ilə əhatə olunacaqdır».
İndi Azərbaycan xalqı hər il yanvar ayının 20-də və fevralın 26-da ellikcə Şəhidlər Xiyabanına yollanır və şəhidlərin ruhuna dualar oxuyur. Artıq qara yanvar alınlarda qara yazıya yox, millətin üzağlığına çevrilib. Xocalı faciəsi isə bizdən ruhumuzu oyaq saxlamağı, hər an mücadiləyə hazır olmağı tələb edir.

O GÜN UZAQDA DEYİL

Müqəddəsləşən, and yerinə, iman yerinə çevrilən Vətən torpağı uğrunda mücadiləyə qalxaca¬ğımız gün uzaqda deyil. O gün gələcək. Mütləq gələcək! Gələcək və Ali Baş Koman¬danın bir əmri ilə, bir çağırışı ilə yaşından asılı olmayaraq bütün Azərbaycan ərləri, Azər¬baycan ərənləri yumruq kimi birləşərək bir bayraq altında – üçrəngli müqəddəs Azərbaycan bayrağı altında torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxacaq.
Biz Prezidentimizə, Ali Baş Koman¬danımıza bütün varlığımızla inanırıq. Və onu da bilirik ki, bu gün bütün türk dünyasının gözü Azərbaycana dikilib, bütün dünya azərbay-canlıları Azərbaycana, onun Prezidentinə, Ali Baş Koman¬danına ümid, pənah və nicat yeri kimi baxırlar:

Bütün türk dünyasının gözü dikilib sana,
Türk dünyası bir yana, Azərbaycan bir yana,
Yüz milyonluq millətə Azərbaycan bir ana,
O mənim görən gözüm, o mənim cismim, canım,
Ali Baş Komandanım!

Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
Ay gecəyə nur çilər, günəş səhərə arxa,
Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
Azadlıq naxışıyla zinətlənir hər anım,
Ali Baş Komandanım!

Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
Vətən, millət sevdalı soyuna qibtəsi var,
İnam, güvənc yerimsən – bunu mən necə danım,
Ali Baş Komandanım!

Neçə yüz milyonların çörəyi səndən keçir,
Cahanın qan paylayan ürəyi səndən keçir,
İlləri aydan soruş, ayları gündən keçir,
Gör hansı kürsülərdən təriflənir ad-sanım,
Ali Baş komandanım!

Heydər baba naxşı var yurdun hər qarışında,
Dünya baş əymiş ona siyasət yarışında,
Bir çözümü olmalı sülhün də, barışın da,
BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
Ali Baş Komandanım!

Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
Şovinist ocağında neçə «yan» var – seç dedi.
Önündə bir körpü var – bu körpüdən keç dedi,
Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
Ali Baş Komandanım!

Xocalı faciəsi tarixin dərsi bizə,
Neçə tale çarxının fırlandı tərsi bizə,
Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
Bircə anda yetişdi dada Şahi-Mərdanım,
Ali Baş Komandanım!

İyirmi faiz torpağım yağıda qala bilməz,
Çala, çapa, talaya, dağıda – qala bilməz,
Bundan artıq millətim ağıda qala bilməz,
Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
Ali Baş Komandanım!

Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
Haqqa qılınc çalanın qollarını bükərik,
Yurdun hər kədərinə, sevincinə biz şərik,
Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
Ali Baş Komandanım!

Azərbaycan güvənir müzəffər ordusuna,
Qoymaz yağı önündə bu xalqı ordu, sına,
İstər tufanda yoxla, yağışda, qarda sına,
Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
Ali Baş Komandanım!

Ulu öndər eşqinə qılıncı qından çıxar,
Gündə min dona girən iblisi dondan çıxar,
Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
Ali Baş Komandanım!

Bax, onda biz şəhidlərimizin ruhu qarşısında alnı açıq, üzüağ hesat verə biləcəyik. Bax, onda biz bütün dünya millətləri arasında başımızı dik tutub gəzə biləcəyik.

SON SÖZ ƏVƏZİ
Ulu Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, millətimizi ruhlarını oyaq saxlamağa çağırırıq!
Torpağı uğrunda, azadlığı uğrunda, namusu, qeyrəti uğrunda şəhid verməyi bacaran millət böyük millətdir.
Eşq olsun bu böyüklüyə!

Rafiq ODAY,
AJB Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti.