rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

GÖZ YAŞLARINA

“Mənim dünyam” – silsiləsindən

Dövran dönür, zaman keçir, vaxt təzələnir,
Ömrə, günə acı-şirin anlar ələnir.
Kimi gülür, kimi bədbin, kimi şellənir,
Bu gün kimsə güvənməsin sərvət, varına-
Fani dünya acımayır göz yaşlarına.

Haramxorlar, haqq yeyənlər eşitsin, duysun,
Bərk tutduğu dünya malın , əl çirki saysın.
Bəsirətdən xilas olsun, qalxsın, ayılsın,
Yığdıqları axirətdə gəlməz karına-
Fani dünya inanmayır göz yaşlarına.

Çox Səddamlar, Qəddafilər görüb bu dünya,
Mübarəkin ehramları çatırdı aya.
Taxt-tac üçün bu gün Əsəd , asi Tanrıya,
Çeviribdir yazıq xalqı öz şikarına-
Fani dünya acımayır göz yaşlarına.

Tazı təkin arxalanıb öz yiyəsinə,
Düşmən bizə caynaq atıb vəhşicəsinə.
Bilərəkdən göz yumulur Haqqın səsinə,
Həsrətdədir yurdda bülbül halal xarına-
Fani dünya acımayır göz yaşlarına.

Qış fəslinin yaraşığı dumandır, qardır,
Dumanın da, boranın da bir sonu vardır.
Sevin Dövran , qarşımızda, öndə bahardır,
Qovuşacaq şikəstəmiz qaval, tarına-
Son qoyacaq el-obamız göz yaşlarına.

QURBAN OLDUĞUM

“Könül dəftərim” – silsiləsindən

Könül səni seçib, səni sevmişəm,
Eşqinin gücündən ilham aldığım.
Canımı- canına qurban demişəm,
Sevdalı canına, qurban olduğum.

Sarılam boynuna güllə, çiçəklə,
Saçını oxşayam həzin küləklə.
Vəsf edəm boyunu nəğmə, çələnglə,
Sevdalı canına, qurban olduğum.

Eşqinə, sevginə layiq olasan,
Duyğusal qəlbimin qəhrin alasan.
Ömürlük qanıma hopub qalasan,
Sevdalı canına, qurban olduğum.

Simruğun olaram, qanad çalaram,
Ölüncən əhdimə sadiq qalaram.
Gündə yüz yol gülüm, qadan alaram,
Sevdalı canına , qurban olduğum.

Gecə- gündüz deməm, hər an yoxlaram,
Yarımı göz üstə, gültək saxlaram.
Bir ömür telini öpüb, qoxlaram,
Sevdalı canına, qurban olduğum.

Əfsunun hökm etdi ürkək ceyrana,
Siyarət eylədin ruha, həm cana.
Oldun Allah lütfü, şair Dövrana,
Sevdalı canına, qurban olduğum…