Azərbaycanın Xalq şairi
Bu yerlər
Yaxın sirdaş kimi, əziz dost kimi,
Qolunu boynuma saldı bu yerlər.
Mənim bu nisgilim vardı əzəldən,
Oxşayıb könlümü aldı bu yerlər.
Göylərə uçsam da bağlıyam yenə,
Əziz dogma yurda, doğma Vətənə…
Min eldə min nemət dadmışam, mənə-
Şəkərdi bu yerlər, bu yerlər!
Aşıq eldən alır öz nəfəsini,
Gəldim eşitməyə elin səsini;
Könlümün dil açan kəməçəsini,
Zərif əllərilə çaldı bu yerlər.
Obanın, oymağın sordum yaşını,
Dağlar təzim edib əydi başını.
O dəm alim kimi çatıb qaşını,
Dərin xəyalata daldı bu yerlər.
Vidadi xanlardan görmədi kərəm,
Vaqifə dağ çəkdi burda min sənəm.
Öldü qoç Koroğlu, öldü xan Kərəm
Sinəsi kədərli qaldı bu yerlər.
Kim minit Qazağın dilboz atını,
Götürür toyların şal xalatını…
Şeirin, sənətin mükafatını,
Hər zaman hər yanda aldı bu yerlər.
Qazax, 5 yanvar 1938
Mən Qazağa gəlmişəm
Vaxt olub ki, bu yerləri dolanıb
Bir ov üçün min sorağa gəlmişəm.
Düşüb arxasından, başı alovlu,
Boz arandan, göy yaylağa gəlmişəm.
Nə çəkmədim hələ cavan yaşımda?
Oda düşdüm min bir sevda başımda,
Xatirəm var torpağında, daşında,
Mənə tanış bir oylağa gəlmişəm.
Yer üzündə min bir cənnət olsa da,
Bağ-bağçası mələklərlə dolsa da,
Tayı yoxdur bu yerlərin dünyada-
Cənnət kimi bir torpağa gəlmişəm.
Günəş doğdu, parçalandı çən, duman,
Güldü bizim üzümüzə dağ, aran…
Əziz gündür-hər yan çalan, çağıran,
Şən büsata, xoş növrağa gəlmişəm.
İllər keçir, ömür yarı, gün yarı;
Necə atım etibarı, ilqarı?
Bayram günü sizin kimi dostları
Görmək üçün mən Qazağa gəlmişəm.
Qazax 1948