fil.ü.f.dr. Məlahət Ramizqızı (Babayeva)

Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti xətti ilə seçilən sənətkarlardan biri də Hüseyn Caviddir. H. Cavid XX yüzil Azərbaycan romantizminin banilərindən olmaqla yanaşı, həm də ortaq türk dilinin mübariz təbliğatçılarındandır.
H. Cavidin yaradıcılıq yolu bütün türk dünyasının milli oyanışı, özünüdərki, müstəmləkə və despotizmə qarşı kəskin etirazı dövrünə təsadüf edir. Belə ki, 1905-ci ildə baş verən inqilab Çar Rusiyasının müstəmləkələrində də geniş vüsət tapmış, ayrı-ayrı xalqların azadlıq mübarizəsinə çevrilmişdi. Nəhayət ki, 1918-ci ildə Azərbaycan xalqı öz arzusuna qovuşmuş, müstəqil Azərbaycan Demokratik Cümhuriyyətini yaratmışdı. Lakin Rus və Osmanlı kimi nəhəng imperiyaların tənəzzülü, dünyada gedən mürəkkəb ictimai-siyasi proseslər uzun müddət davam edən milli münaqişələrə, qanlı müharibələrə səbəb olmuş, nəticədə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci ildə süquta uğramış, Azərbaycan gah daşnaksyutun partiyasının, gah Sentrokaspi diktaturasının və nəhayət Sovet imperiyasının işğalına məruz qalmışdı.
H. Cavid elmə böyük həvəs göstərdiyindən demək olar ki, bütün həyatını maariflənməyə, ortaq türk tarixi və mədəniyyətinin tədqiqinə həsr etmişdir. O, ilk təhsilini doğma şəhərdə-M.Sidqinin yeni tipli «Məktəbi-tərbiyəsində» almış, təhsilini davam etdirmək üçün isə 1902-ci ildə Cənubi Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Təbrizə gəlmiş, burada məşhur «Talibiyyə» mədrəsəsində tarix, ədəbiyyat, Şərq fəlsəfəsinin incəliklərini öyrənmişdir. Şair 1906-ci ildə Türkiyəyə gəlmiş, burada İstanbul Universitetinin Ədəbiyyat fakültəsində sərbəst dinləyici kimi iştirak etmişdir. Cavid o dövrdən İstanbul ədəbi mühiti ilə sıx əlaqələr qurmuş, Tofiq Fikrətlə tanış olmuş, Rza Tofiqdən fəlsəfə və ədəbiyyat dərsləri almışdır.
Cavidin Türkiyədə təhsil alması cavidşünasların da diqqətini cəlb etmiş, türk ədəbi mühitinin onun ideya-fəlsəfi görüşlərinin formalaşmasına təsirini düzgün qiymətləndirmişlər. Cavidşünaslar bunun məhz neçənci illərə təsadüf etməsini də dəqiq araşdırmış, buna görə də dövrü mətbuatda və monoqrafiyalarda müxtəlif yazılar qeydə alınmışdır: «Cavid, 1903-cü ilin iyul ayında, ali savad almaq üçün İstandula gedir. Həmin ildə Batumdan Məmmədəli Sidqiyə yazılmış bir məktubda da Cavidin 1903-cü ildə Türkiyədə olduğunu öyrənirik. Məktubda deyilir ki, «Sidqinin şagirdlərindən Hüseyn Rasizadə də bu saat İstanbulda təhsili elmdədir» lakin İstanbulda Cavid xəstələndiyindən təhsilini davam etdirə bilmir. 1904-cü ildə o, Naxçıvana qayıdır, burada qalıb sağaldıqdan sonra Bakıya gəlir…». (6;27)
Qulam Məmmədli isə Cavidin 1904-cü ildə “Şərqi Rus” qəzetində çap atdirdiyi məqalə və məktublarına əsasən ədibin may ayınadək Urmiyada sonra isə Naxçıvanda yaşadığını qeyd etmişdir. (5)
«Mənim hesabladığına görə Hüseyn Cavid Naxçıvandan 1906-cı il aprelin 10-da çıxmış, sabahısı Tiflisə çatmış, burada “Axundov” mehmanxanasında qalıb, aprelin 12-də Tiflisdən Batuma yola düşüb; Batumda bir neçə gün qalıb, xarici pasport alıb, aprelin 19-da «Paqi» adlı fransız gəmisi ilə İstanbula getmişdir». Aprelin 24-də İstanbula çatmışdır. (7; 35-36)
H. Cavidin Qurbanəli Şərifova göndərdiyi məktublar Əziz Şərifin bu hesablamalarının doğruluğunu bir daha sübut edir.
H.Cavidin Türkiyəyə gəldiyi dövrdə Sultan II Əbdülhəmidin otuz ildən artıq sürən istibdad rejimi-«zülm dövrü» hökm sürürdü.
«Zülm» rejimi ölkənin iqtisadi-siyasi həyatına böyük zərbələr vursada mütərəqqi qüvvələrin inkişafının qarşısını ala bilmədi, II Əbdülhəmidin despotik rejimini konstitusiyalı quruluşla əvəz etmək istəyən «Gənc türklər» hərəkatı başlandı. 1889-cu ildə “Gənc türklər” “İttihad və tərəqqi” adlanan inqilabi siyasi təşkilatın əsasını qoydu. XX əsrin əvvəllərində imperiyanın ayrı-ayrı vilayətlərində olan üsyanlar Türkiyədə inqilabi şəraitin yaranmasına səbəb oldu. 1908-ci ildə Gənc türklər inqilabı sultan II Əbdülhəmidi konstitusiyanı bərpa etməyə məcbur etdi. 1908-ci ilin aprelindən isə II Əbdülhəmid taxtdan salınaraq qardaşı V Mehmed Rəşad sultan elan edildi. Əslində isə on il ərzində (1908-1918) hakimiyyət gənc türklərin “İttihad və tərəqqi” partiyasının əlində oldu.
“Osmanlı imperiyasında 1839-cu ildən XIX əsrin 70-ci illərinin əvvəlinə qədər keçirilmiş, Rəşid paşanın tərtib etdiyi “Gülxanə xətt-i şərifinin” elan olunması ilə başlanan (1839, 3 noyabr) və Əli paşanın tərtib etdiyi “Xətt-i hümayun” (1856, 18 fevral) əsasında davam etdirilən islahatlar dövrünə Türkiyə tarixində “Tənzimat dövrü deyilir”. (1;251)
Tənzimat ədəbiyyatı da məhz bu ictimai-siyasi hərakatın nəticəsi kimi meydana gəlmiş ədəbi cərəyandır. Əslində Tənzimat ədəbiyyatına yeniliklər, yəni Avropalaşma ədəbiyyatı da demək olar. Tənzimat dövründə insan şəxsiyyətinə, real həyata meyl göstərən yazıçılar yetişdi. Qərb, xüsusən, fransız ədəbiyyatına maraq artdı, yeni janrlar-dram, novella, roman və s. yarandı. İbrahim Şinasi, Namiq Kamal, Şəmsəddin Sami, Əhməd Midhət tənzimat dövrü ədəbiyyatının tanınmış simalarıdır. Əbdülhaq Hamid Tarhan, Rəcaizadə Əkrəm, Rza Tofiq və b. şerlərində insanın mənəvi gözəlliklərini tərənnüm etmişlər. Romantik kədər duyğuları Tofiq Fikrətin ilk dövr şerləri üçün də səciyyəvidir; XX əsrin əvvəllərində onun şerlərində vətəndaşlıq motivləri gücləndi.
Xalid Ziya Uşaqlıgil, Mehmet Rauf, Hüseyn Cahit Yalçın və Əhməd Hikmət sosial movzulu romanlar yazmışlar. Bu mühitdə Qərbçi və yenilikçi şair və ədiblər öz sənətlərini cəmiyyət üçün istifadə edirdilər. Sənətdən çox fikir və ideal arxasınca gedib zülmə, haqsızlığa qarşı döyüş açırdılar. Vətən, millət, azadlıq, ədalət, hökümət anlayışlarını böyük həyacanla müdafiə edirdilər. Daha geniş kütlələrə səslənə bilmək üçün dildə sadəlik uğrunda mübarizə aparırdılar.Tənzimat ədəbiyyatının ilk nəsli olan Şinasi, Ziya Paşa, Namiq Kamal kimi şair və yazıçılar “Türk nə deməkdir deyə?” siyasi Tənzimat dövrüylə müqayisə olunmayacaq qədər geniş bir ziyalılar ordusu yetişdirmişlər. Onların ən əhəmiyətli fəaliyyəti isə türk dilinin inkişafina göstərdikləri səylər olmuşdur. Xüsusilə Şinasinin (1826-1871) nəşr etdirdiyi “Təsviri Əfkar” qəzeti ətrafında oyatdığı populist dil hərəkatı və onun ardınca gələnlərin gətirdiyi yeni ədəbiyyat anlayışı bu işdə əhəmiyyətli rol oynamışdır. Eyni zamanda Tənzimat ədəbiyyatının qurucusu sayılan Şinasi şeirdə ilk dəfə ənənəvi formalar içində yeni anlayışlar istifadə etmişdir. Namiq Kamal isə daim böyük əks-sədalar törədən əsərlər yazmış, dövrünün ən gur səsli şairi və iddia adamı olaraq səciyyələndirilmişdir. Ziya Paşa divan şeiri ənənəsini davam etdirməsinə baxmayaraq, siyasi və ictimai düşüncələr, xalq dilinin yazi dili olmasını müdafiə edən fikirləriylə qələm dostlarına qatılmışdır. Bu ilk nəslin ümumi sənət fəlsəfəsi “cəmiyyət, vətən, azadlıq və xalq üçün sənət” anlayışı olmuşdur. Tənzimat ədəbiyyatının birincilər qədər üsyankar olmayan ikinci nəsli siyasi mühitin mürəkkəbliyi ilə əlaqədar olaraq “Cəmiyyət üçün sənət” fəlsəfəsini “Sənət sənət üçündür” prinsipini dəstəkləməli olmuşlar. Tənzimat ədəbiyyatının bu iki nəsli arasında Namiq Kamal, Şinasi, Əbdülhaq Hamit kimi güclü nəsil yetişməsinə baxmayaraq o dövrdə ədəbiyyatda yeniliklə köhnəlik mübarizə halında olmuşdur. Buna baxmayaraq yeni nəslin fikirləri qısa zamanda geniş kütləyə yayıla bilmişdi.
Şinasi (1826-1871) 1860-cıildə “Əhval” tərcümə qəzetini nəşr etdirərək yeni ədəbiyyatın öndərlərindən olmuşdu. Çap olunan ilk dram əsərin müəllifi olan sənətkar eyni zamanda türk ədəbiyyatında haqq, ədalət, bərabərlik, azadlıq anlayışlarını istifadə edən ilk ədibidir. Namiq Kamal, Ziya Paşa (1825-1880) şeirləri məzmun və forma baxımdan divan ədəbiyyatının xüsusiyyətlərinə uyğunluq təşkil edir. Ən məşhur əsəri “Xərabat” adlı şeir divanıdir.
Qərb roman və hekayə texnikasına türk xalq hekayələrini uzlaşdırmağa çalışan Əhməd Mithat Əfəndi (1844-1912) əsərlərində xalqa səslənməyi, onları maarifləndirməyi qarşısına məqsəd qoymuşdu. Qırxdan çox roman, dram, hekayə müəllifi olan Əhməd Midhətin əhəmiyyətli əsərləri bunlardir: Həsən Mellah, Hüseyn Fellah, Yeniçərilər və s.
Əbdülhaq Hamit Tarhan (1892-1937) türk ədəbiyyatında “şairi əzəm” adlandırılan sənətkar köhnəliyə, geriliyə meydan oxuyan əsərlərin müəllifidir. “Sənət sənət üçündür” fikrində olan Hamit türk ədəbiyyatında romantizmin banilərindəndir. Türk şerinə ilk dəfə təbiət təsviri, fəlsəfi məzmun gətirmiş, sərbəst şerin ilk nümunələrini yaratmışdır. İ.Şinasi və N.Kamalın maarifçilik ideyalarını inkişaf etdirmişdir. “Təzadlar şairi” olaran Hamitin yaradıcılığında vətən məhəbbətinin və azadlıq ideyalarının tərənnümü mühüm yer tutur. Tarix və müasir mövzularda yazdığı “Azadlıq” (1872), “Hind qızı” (1875), “Nəstərən” (1878), “Əşbər” (1880), “Finten” (1915-16) və s.
Avropa ruhunu gətirməklə başlanan tənzimat ədəbiyyatı 1896-1901-ci illər arasında “Sərvəti Fünün” jurnalı ətrafında birləşən yeni nəsillə istibdad rejiminə qarşı ikinci bir hücum etmişdir. Digər adı “Ədəbiyyatı cədidə” olan “Sərvəti Fünün” II Əbdülhəmid dövründə “Sərvəti fünün” jurnalı ətrafında toplanan sənətkarların qərb təsirilə inkişaf etdirdikləri ədəbiyyatdır. “Sərvəti fünün” əslində Əhməd Lütfkarlıq tərəfindən təsis edilən bir fənn məcmuəsinin adı olmuşdur.
1891-1944-ci illərdə İstanbulda “Sərvəti-fünun”, yəni “Fənlər sərvət”i adlı elmi-kütləvi və ədəbi-ictimai türk jurnalı çıxmağa başlamışdır. Bu jurnal 1896-1901-ci illərdə-baş redaktoru Tofiq Fikrət olarkən Türkiyədə Əbdulhamid cəmiyyətinin eybəcərliklərini açıb göstərən, öz səhifələrində ədəbiyyat, hüquq, iqtisadiyyat, tarix məsələlərinə dair məqalə və resenziyalar yer vermiş, ölkənin ədəbi-ictimai həyatında, yeni türk ədəbiyyatının yaranmasında mütərəqqi rol oyamışdır.
Tənzimat ədəbiyyatının ilk zamanlarda Ziya Paşa, Namiq Kamal başda olamaqla üzrə bu axının liderliyini edən ədəbiyyat “Sənət sənət üçündür” qanununa bağlı idilər. Onlar “hər şey şeirin mövzusu ola bilər” fikrini irəli sürmüş, lakin dövrün siyasi təzyiqləri nəticəsində eşq, təbiət, ailə-məişət kimi mövzuları işləməli olmuşlar. Bundan başqa “sərvəti fününçular” şeirdə ilk dəfə mövzu bütövlüyünü təmin etmişlər. “Sənətkaranə üslub” və yeni bir sözyaradıcılığı qayğısıyla olduqca mürəkkəb bir dil istifadə etmişlər. Bu dövr sənətkarlar Avropa ədəbiyyatı ənənələrindən istifadə etmişlər. Bu ədiblər daha çox yaşadıqları mühiti izah etməyə çalışmışlar. Onların yaratdıqları əsərlərdə “Sənət sənət üçündür” prinsipi hakim olduğu üçün bu əsərlər geniş xalq kütlələrinə deyil, əsasən ziyalı təbəqəyə ünvanlanmışdır.
“Sərvəti Fünun” dövrünün əhəmiyyətli nümayəndələri aşağıdakılardır:
Türk ədəbiyyatında “Sərvəti fünün və ya Ədəbiyyatı cədidə” adlanan cərəyanın banisi olan Tofiq Fikrət (1867-1915) 1888-ci ildə Qalatasaray litseyini bitirmiş, bir müddət xarici işlər nazirliyində işləmiş, 1894-1915-ci illərdə türk dili və ədəbiyyatından dərs demişdir. İlk şerlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu “Sərvəti fünun” jurnalında dərc etdirmişdir. Tofiq Tofiq Fikrət türk şerinə mənzum və formaca yeniliklər gətirmiş, ilk dəfə “sənət həyat üçündür” prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq etmişdir. İnqilabi ruhlu şerlərində zülm, istibdad və dini fanatizmi qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm etmişdir. Əsərləri qadağan edilməsinə baxmayaraq, mütərəqqi gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən ömrünün sonuna qədər təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalmışdır.
Tofiq Fikrətin yaradıcılığınln ikinci dövrü 1901-ci ildən başlayır və şair bu dövrdən başlayaraq “cəmiyyət üçün sənət” anlayışını irəli sürərək ictimai mövzulara yönəlmişdir. Tofiq Fikrətin ən böyük amalı Osmanlı İmperiyasının müasir həyatın tələblərinə yiyələndirmək idi. Şairin fikrincə bunu Qərbin texnologiyasını ölkədə tətbiq etməklə nail olmaq olardı. Ona görə dünyada ən əhəmiyyətli varlıq insandır. Şair onların azadlıqlarını və haqqlarını müdafiə etmişdir. Lakin şairin fikrincə müharibələrin qaynaqlanmasına səbəb dinlərdir. Buna görə də o, dinlərə ayrılıq mənbəyi kimi baxmışdır. Ölkənin gələcəyinə gəldikdə isə şair bunu gənclikdə görürdü. Buna görə də o, uşaqlara böyük sevgi və səmimiyyətlə yanaşmış, ilk dəfə uşaqlar üçün şerlər yazmışdır.
Əsərləri Azərbaycanda rəğbət qazanmış, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və b.-nın yaradıcılığına müəyyən təsir göstərmişdir.
Rza Tofiq Bölükbaşı (1868-1949) ixtisasca həkim olsa da əsasən şair və filosof kimi tanınmışdır. O, “İttihad və tərəqqi” təşkilatının üzvü (1907), məşrutə hərəkatının fəal xadimlərindən olmuşdur. Rza Tofiq 1918-ci ildən Türkiyənin maarif naziri işləmişdi. Yaradıcılığına aşıq şerinin-Qaracaoğlanın, Dərdlinin və sufi poeziyasının, əsasən də Yunus Əmrənin, habelə impressionizmin güclü təsiri olmuşdur. Böyük filosof olan Rza Tofiq türk poeziyasında heca vəzninin mövqeyini möhkəmləndirmiş, şeirlərində insanpərvərlik ideyalarını, təbiət gözəlliklərini tərənnüç etmişdir. Bölükbaşının əsərləri əsasən “Ömrümün sərabı” (1934) adlı kitabında toplanmışdır. Bundan başqa onun “Əbdülhaq Hamid və fəlsəfi görüşləri” (1913), “Fəlsəfə dərsləri” (1914), “Tofiq Fikrət” (1945) və s. fəlsəfi əsərləri də var. Rza Tofiqin şeirləri XX əsrin əvvəllərinndən Azərbaycan ədəbiyyatında yayılmış və romantik ədəbiyyata öz təsirini buraxmışdı.
Yuxarıdakıları nəzərə alaraq onu qeyd edə bilərik ki, 1906-1909-cu illərdə Türkiyədə ədəbiyyat fakültəsində təhsil alan H.Cavid dövrün ictimai-siyasi məsələlərinə, ədəbi proseslərinə biganə qalmamış, “bana elm lazımdır, şəhadətnamə deyil” deyərək yalnız fakültə dərsləri ilə kifayətlənməmiş, N.Kamal, Z. Paşa, Ş. Şamil, R.M. Əkrəm, A.Hamit və Rza Tofiq kimi dövrün qabaqçıl ədəbi şəxsiyyətləri ilə yaxından tanış olmuşdur:
“Əfəndim! Bəndəniz ta Ramazana qədər beş-altı ay (edadi) proqramını ikmala çalışırdım və hər həftə də məşhur filosof Riza Tevfiq bəydən bəzi həqayiqə dair bir-iki dərs proqram xaricində oquyurdum. Sonra hürriyyət alınır-alınmaz Riza Tevfiq bəy Ədirnə məbusu intixab edildi. Bəzi asari-nafiə nəşrinə başladı, darülfünunun ədəbiyyat şöbəsinə professor təyin edildi. “İttidad-tərəqqi” cəmiyyəti tərəfindən millət vəkalətinə namizəd oldu. Xülasə, iş iş üstündən aşdı, daşdı, bizə vaqt qalmadı. Sonra Ramazanda darülfünuna istida təqdimilə ədəbiyyat şöbəsinə qeyd və qəbul olundum. Şimdiyə qədər də davam ediyorum. Şimdilik bənim təqib etdiyim dərslər: ədəbiyyati-osmani, ədəbiyyati-farsi, tarixi-ədəbiyyat, məbadiyi-fəlsəfə, tarixi-ümumi və siyasi, coğrafiyayi-tarixi, təbii və ümrani…Bu proqram ustadi-möhtərəm Riza Tevfiq bəyin səlah gördüyü bir proqramdır”. (4;261)
H.Cavidin həm darülfünun, həm də əsərlərindən tanıdığı müəllimlərinin ideyalarını öz əsərlərində təcəssüm etdirmiş, onların əsərlərindən sitatlar gətirmişdir. Müəllimi Rza Tofiqin “İttihad və tərəqqi” cəmiyyətinin üzvü olması və həmin cəmiyyətin vətənini üçün etdiyi xidmətləri dəyərləndirən H. Cavid 1916-cı ildə qələmə aldığı “Hərb və fəlakət” şerində bu mövzuya belə toxunmuşdur:
İdealsız nicat ümidi məhal…
“İttihad!” İştə ən böyük ideal!
Səni qurtarırsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!.. (4;s54)
H.Cavid 1914-cü ildə Məhəmməd Tahir Menemenlizadədən təsirlənərək onun 1896-cı ildə yazdığı “Uyuyor” şerinə nəzirə yazmışdır. Bundan başqa Tofiq Fikrətin “Rubabi-şikəstə”sindəki “Əncəli hikmət; Əzməyən əzilir” fikrini H.Cavid özünün Qars və Otluda zülmə məruz qalanlara ithaf etdiyi “Məzlumlar için” şerində “Bir həqiqət bu: “əzməyən əzilir!..” deyə təsdiqləmişdir.
H.Cavid “Xəyyam” (1935) pyesində V.Şekspirin “Hamlet” faciəsində təsvir olunan qəbristanlıq səhnəsinə oxşar bir səhnə təsvir etmişdir. Bu mövzuya türk romantiklərindən N.Kamal da “Gülnihal” adlı əsərində yer vermişdir. “Əsərdə Muxtar bəy eyniylə İngiltərəyə qayıdaraq Horatsiyo ilə görüşən Hamlet kimi şəhər qəbristanlığında görüşür. “Hamlet”də olduğu kimi Muxtar bəy də məzarçıların mahnılarına qulaq asır:

Qazmanı vurdum məzara
Sümük çıxdı para-para
Can verib aldanma yara,
Səndən keçər, sən ölmənə bax.( 9;22)

H.Caviddə də məzarçılar dünyanın faniliyindən, sonunda hamını eyni aqibət gözlədiyindən mahnılar oxuyur:

Birinci məzarçı
Biri ölməzsə dirilməz birisi,
Hiçdır ömrün sonu yaxud gerisi.
Olsa qurnaz nə qadar bir tilki,
Boğazından çıqacaqdır dərisi. (4;92)

H.Cavidin tədqiqatçılarından birinə çevrilmiş Enver Uzun Türkiyə ədəbi mühitinin təsirini düzgün qiymətləndirmiş, haqlı olaraq “Hüseyn Cavid və Türkiye edebiyatı” əsərini həsr etmişdir. H.Cavidin yaradıcılığının Türkiyə dövrü həm də onun dövrü mətbuatda çap olunan şerləri ilə də yadda qalandır. Tədqiqatçı şairin darülfunun həyatını təsvir edərkən bu məqamlara da toxunmuşdur. “Cavid İstanbulda qaldığı illərdə bir tərəfdən fikir adamlarından dərs almış, digər tərəfdən isə İstanbulun mətbuat həyatı ilə yaxından maraqlanırdı. Elmi-Bəşər, Yadi-Mazi əsərləri nəşr edilmişdir…( 8;14) Bundan savayı 1909-cu ildə şairin “Son baharda” şeiri Türkiyənin “Siratül-müstəqim” məcmuəsində nəşr edilmişdir.
Cavidin 1905-illərdə Türkiyə həyatından əxz elədiyi mövzulardan biri də “Uçurum” əsəridir ki, bu Əbdülhəmid üsuli-idarəsinin istibdadının ifrat dərəcəyə çatdığı dövrə təsadüf edir.
Əsərin mövzusu XX yüzilin əvvəli Türkiyə həyatından alınmışdır. Müəllif burda yaxşı bələd olduğu müasir türk gənclərinin həyatını əks etdirmişdir. Pyesin əsas qayəsi Qərb mədəniyyətinin türk gənclərinə mənfi təsirini göstərməkdir. İstedadlı rəssam Cəlal və onun həyat yoldaşı Gövərçin bir-birlərini saf məhəbbətlə sevirlər. Cəlal Avropa rəssamlıq məktəbləri ilə daha yaxından tanış olmaq üçün Fransa və İtaliyaya gedir. Burada o, Fransız qızı Anjellə tanış olur və ailəsini vətənini unudur. Gövərçinin sevgi məktublarını cavablandırmır. Bir müddət sonra içki düşkünü olur, rəssamlıq arzularını unudur və Anjellə İstanbula qayıdırlar. Gövərçinin atası Uluğbəylə qardaşı Yıldırım Cəlalı Anjeldən uzaqlaşdırmağa çalışırlar. İş o yerə çatır ki, Yıldırım nəalac qalıb özünü Anjelə vurulmuş kimi göstərməyə məcbur olur. Lakin Cəlal artıq özünü tamamilə itirmişdir. Gövərçinin yeganə təsəllisi olan Mənəkşə də onun əli ilə həlak olur. Sonunda Cəlal Anjelin ona addımbaşı xəyanət etdiyini və özünün timsalında bir türkün, bir istedadının məhv olduğunu anlayır. Cəlal mənəvi böhran keçirir özünüuçurum olan ataraq intihar edir. Əsərin adı da daha çox rəmzi məna daşıyır və öz kökündən uzaqlaşan, yad mədəniyyətin, yad mənəviyyatının təsiri altına düşməsini bildirir.
Məktublarında Boğaz içinin gözəl mənzərəsinə aşiq olduğunu bildirən H.Cavid burada gözəl qiraətxanaların, kitabxanaların, teatrların mövcud olduğunu, müzeylərin inkişaf etdiyini də bildirmişdir. Məhz İstanbul mühitinin təsirindəndir ki, Cavid sonralar Alp Arslan, Məlikşah (“Xəyyam”), Əmir Teymur, Yıldırim (“Topal Teymur”) və “Atilla”, “Çingiz”(həbsi zamanı NKVD nümayəndələri tərəfindən götürülmüşdür) kimi türk dünyasının məşhur sərkərdələrinə, dövlət xadimlərinə həsr etmiş əsərlərin müəllifi olmuşdur.
Türk ədəbiyyatında Teymurun bədii obrazına Əhməd Cevdet Paşanın “Qisas-i ənbiya və Təravih-i Hüləfa”, Əbdülhaq Hamidin yazdığı “Teyflər keçidi”ndə və Hüseyn Cahidin “Topal” əsərində rast gəlirik. Azərbaycan ədəbiyyatında isə Teymur obrazına Əlibəy Hüseynzadənin “Siyasəti-fürusət”, M.S.Ordubadinin “Teymurləng və İldırım Bəyazid” əsərində rast gəlirik. Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsəri Əbdülhaq Hamidin təsiri ilə yazılmışdır.
H.Cavid də yuxarıdakı sənətkarların əsərlərindən ilham almış və Qərb ədəbiyyatında Napaleonları, Kolumbları, I Pyotrları qəhrəman kimi təbliğ edərək türk fatehlərini qaniçən, qəsbkar kimi qələmə alanlara cavab olaraq “Topal Teymur” dramını yazmışdır. O, burada tarixi təhrif etməmiş, hər bir obrazı tarixi gerçəkliyə əsasən yaratmağa nail olmuşdur.
Bildiyimiz kimi Cavidin üslubu, ədəbiyyata gətirdiyi mövzular həmin dövrdə Azərbaycanda yaşayıb-yaradan digər sənətkarların əsərlərindən fərqlənirdi. Cavid Əlibəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas tutaraq əsərlərində ümumtürk ideyalarını dəstəkləmiş, Şərqin şanlı tarix və mədəniyətini inkişaf etmiş Qərb dövlətləri səviyyəsində təbliğ etməyi məqsəd qoymuşdu. Bu da təbii ki, Sovet dövrünün tələblərinə uyğun deyildi. Cavid dövrün diktə etdiyi tələblərə uymadığından onun əsərləri ədəbi məhkəmələrə məruz qalır (“Şeyx Sənan”) üslubu, dili və mövzuları kəskin tənqidə və təzyiqlərə məruz qalırdı.
Tənqidçilər Cavidi Sovet ideyalogiyasını təbliğ edən əsərlər əvəzinə islam və türk tarixindən bəhs edən əsərlər yazdığına görə ittiham edir, onu “müasir” dövrdən uzaq qaldığını söyləyirdilər. Lakin bütün bu tənqidlərin içərisində onlar Cavidin türk ədəbi məktəbindən və dəqiq olaraq kimdən təsirləndiyini də tədqiq edə bilmişdilər: “Cavid əşkal (şəkil) cəhətdən nə qədər Hamidanə isə üslub cəhətdən Fikrətanə və fəlsəfə cəhətdən Tofiqanə bir əsər yaratmaq istəmişdir”. (2; 20) Sonra tənqidçı Cavidin skletin tarixin rəmzi olduğunu Tofiq Fikrətdən əxz elədiyini qeyd edir. O, “Peyğəmbər” dramında Fikrətin dil və üslubunun, Rza Tofiqin təsəvvüf ədəbiyyatının izi olduğunu bildirir.
Sonunda onu da qeyd etməliyik ki, Cavid onun üçün həyatının mənasına çevrilən elm yolunun zirvəsinə məhz Türkiyədə çatmışdır. İstanbul ədəbi mühiti onun həyatı bahasına olsada amalını, bütün ittihamlara və təzyiqlərə sinə gərəcək gücü verən ideyalını yaratmışdı. Türk ədəbi mühiti Cavidi bir dövr sənətkarlığından çıxararaq əbədiyyət və ümumbəşərlik zirvəsinə qaldırdı. İstanbul Universitetində təhsil alması onu ortaq türk dilinin yaradıcısına, ümümtürk tarixinin və mədəniyyatının təbliğatçısına çevirmişdir.

Qaynaq:

1. Azərbaycan Sovet Ensiklopediyası. 10cilddə. IX cild Bakı: Az.Sovet Ensikl.-nın baş redak.,1986, 624s.
2. Cavidi xatırlarkən: Məqalələr və xatirələr.(ön söz A.Zamanov), Bakı: Gənclik, 1982, 392s.
3. Hüseyn Cavid. Əsərləri, beş cilddə,I cild, Bakı: Lider nəşriyyatı, 2005, 256 s.
4. Hüseyn Cavid. Əsərləri, beş cilddə,V cild, Bakı: Lider nəşriyyatı, 2005, 288s.
5. Məmmədli Qulam. Cavid ömrü boyu. Həyat və yaradıcılıq səlnaməsi. Bakı: Yazıçı, 1982, 186 s.
6. Məmməd Cəfər. Hüseyn Cavid, Bakı: Azərnəşr, 1960, 246 s.
7. Şərif Əziz. Keçmiş günlərdən. Bakı: Yazıçı, 1986, s .
8. Enver Uzun A.Hüseyn Cavid və Türkiye edebiyatı. Bakı: Günəş nəşriyyatı, 1998, 165s.
9. Tanpınar Hamdi A. XIX asr Türk Edebiyatı Tarihi., İstanbul: 1988, 388s.