Sərçə yuvaları

Yandım qayğısına ötən illərin,
Duydum körpəliyin havasını mən.
Nadinc sərçələrin, boz sərçələrin
Dağıtdım yurdunu, yavasını mən.

Dağlayır keçmişim qəlbimi hər an,
Özümün özümlə davam var mənim.
Sərçə yuvasını dağıdan zaman,
Unutdum yurdum var, yuvam var mənim.

Ötdü neçə həftə, ötdü neçə il,
Soyudu qəlbimdə həmin od, atəş.
Sanki əllərimdə heç sərçə deyil,
Çırpınan, döyünən ürəyim imiş.

İllər aparsa da, istədiyini,
Körpəlik çağından qopmaq olmayır.
Sərçə yuvasının istiliyini
Böyük şəhərlərdə tapmaq istəyir.

İndi mən həsədəm körpəliyimə,
Çoxdandır qəlbimdə dəcəllik sönüb.
Öz isti yuvamı alıb əlinə,
Tale bir dəcəlcə uşağa dönüb.

Arzu

Ölüm qanadını mənə toxuya,
Əzrayıl da kənar dayanmaya heç.
Bir gecə sakitcə gedəm yuxuya,
Səhər yuxudan oyanmayam heç.

Sönəndə həyatım şam kimi sönə,
Mənasız, bəhrəsiz itib keçməyə;
Bir şirin yuxuya, röyaya dönə
Ancaq yuxu kimi ötüb keçməyə.

Müqəddəs, uğurlu bar-bəhər kimi
Ruhumu ulduzlu şəfəqlə yuyam.
Ayın süd rəngini səhərə kimi
Üzüm-gözümdə hiss edəm, duyam.

May, 1991-ci il.