Qiymət Məhərrəmli: “Mən başqa cür yaşamağı bacarmadım…”
Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət xanım Məhərrəmlidir.
– Qiymət xanım, sizinlə həmsöhbət olan jurnalistlər çox olub. Və sizi yetərincə tanımağa və tanıtmağa çalışıblar. Mən suyunu içib, çörəyini yediyimiz bir elin övladı kimi, yəni sizin elliniz kimi, sizi tanıdığım gündən fikirlərimizin üst-üstə düşdüyünü bilirəm. Bir yaradıcı müsahib kimi verdiyim suallara alacağım cavabları da təxmini bilirəm. Siz sizi sevənlərin gözündə şəxsiyyət kimi çox maraqlısınız. İstədim, sizinlə müsahibədə elə çalarlara toxunum ki, müəyyən mənada maraqlı tərəf kimi çıxış edib, özünüzü oxuculara daha yaxından tanıdasınız. Millətin dərdinin böyüklüyündən danışıb, bu yükü daşımaq istəyən alim, jurnalist, yazıçı-publisist kimi, həmişə diqqət mərkəzindəsiniz. Siz elə bir kitabsınız ki, səhifələndikcə daha da çox maraqlı çalarlar üzə çıxır. Siz o qədər təvazökar insansınız ki, sizə qalsa, bu məqamlar sizi sevənlər üçün gizli qalar. Lakin özündə, sözündə təpər tapan, sizi sevən hər bir məsləkdaşınız istər ki, şəxsiyyət kimi maraqlı tərəfləriniz açılaraq səhifələnsin. Çünki bu gün şeirin, sözün ucuzlaşdığı bir vaxtda buna ehtiyacımız var.
Deyilməyən söz ürəkdə sirrdir,
Çıxsa dil atdan incidir, dürrdür.
Siz də, Qiymət xanım, ürəyinizdə sirr olan dürlü sözlərinizi, inci fikirlərinizi sizi sevənlərdən əsirgəməyin. Bir az ərklə deyim ki, insan nə qədər təvazökar və qürurlu olsa da, sizin təbirinizcə desək, “bir gülümsər üz görəndə uşaq kimi söyünür”. Allah gülümsər üzləri sizinçün əskik etməsin. İndi isə keçək suallara:
– Sosial baxımdan yanaşsaq, ucuz söz bazarında nəyi baha alıb, nəyi ucuz satardınız?
– Əlimdə olsaydı, ləyaqət, vicdan, namus, əxlaq, halallıq, dürüstlük kimi dəyərləri aşağılamağa çalışan bütün mənfiliklərin üstündən qara bir xətt çəkərdim. Zamanın tərəzisinin əyilməsinə duruş gətirmək bu “atı ucuz, iti baha dünyada” elə dözülməzdir ki!…
– Açdığınız cığırın məxsusiliyi sizə nəyi verib, nəyi alır?
– Hər şeydən öncə mən özüməm və təbii ki, ömrümün sonunacan özüm olaraq da qalacağam. İnsanlıq cığırı ilə irəliləyirəm və bu yolda məhrumiyyətlərin sayı-hesabı yoxdur, lakin heç də peşman deyiləm. Əqidəsiz olub zənginlik içəriçində itib-batmaqdansa, ləkəsiz, təmiz vicdanımın mənə qazandırdığı insan sevgilərinin fövqündə bəxtiyar olmağın ləzzətini dadmaqdayam hər addımda.
– İnsan qəlbi oxunmayan kitabdırsa, onu oxumağa ehtiyac varmı və onu kimlər oxuya bilər?
– Həqiqətən də, hər bir insanın qəlbi oxunmayan, sirli kitaba bənzəyir. Bu kitabı oxumağa çoxları cəhd göstərsə də, yalnız bəsirət gözü açıq olanlar onu oxuyub öyrənə bilirlər. Zənnimcə, bəzən yersiz səylər də insanı bezikdirə bilər, axı belə bir deyim də var: “İnsan ürəyi süfrə deyil ki, hər gələnin qabağına açasan”. Mənə görə, Yaradanın ən böyük möcüzəsi elə budur ki, heç insanın özü özünü tanıyıb öyrənə bilmir ömrünün sonuna qədər. O da ola başqaları. Təsadüfi deyildir ki, bir zamanlar yazmışdım:
Sirrlər yuvasıdır ürəyim mənim,
Qapısı kilidli, açar düşməyən.
Tez-tez olursa da qapı döyənim,
Qapanır üzünə qapılar həmən.
– Əlinizə qələmi götürəndə qəlbinizdəki dalğalar özünü sahildə tənha hiss edərəkmi yazır? Dəniz… dalğa… ləpələr duyğularınıza nə verir?
– Təlatümlü dəniz kimi,
Çırpınıram, döyünürəm… – bu, mənim həyat tərzimdir, desəm, səhv etmərəm. Dalğalar şahə qalxarkən, çətin ki, ləpələrin təbəssümlü baxışlarına duruş gətirə biləsən.
– Heç olubmu ki, kölgəniz sizi qorxutsun?
– Heç vaxt. Öz kölgəsinə pərəstiş edənlərə, yaxud ümumiyyətlə kölgəsinin olduğuna özünü inandıranlara yazığım gəlib həmişə.
– Poeziya aləmində qadınlar arasında özünüzə rəqib görürsünüzmü?
– Bəlkə də istərdim, içərimdə sağlam rəqabət deyilən bir hiss baş qaldırsın. Lakin bilmirəm, hədsiz ailə qayğıları, yaxud işlərimin çoxluğu səbəbindən bu hiss heç vədə qəlbimə yaxın düşə bilməyib. Ümumiyyətlə, rəqabətdə əlim olmadığındandır ki, çox şeyi, arzu kimi qəlbimin dərinliyində gömmək məcburiyyətində qalmışam. İçimdəki mənlə rəqabətdə isə hər zaman uduzduğumu hiss etmişəm.
– Göylərə qalxdınız, Göy Adamının sizə nə bəxş etdiyini sizi sevənlərə bildirmək fikriniz olubmu? Bu kitabın davamı nə vaxt çıxacaq?
– Göylərdə olmağın bir özgə nəşəsi var. Bunun nə demək olduğunu Göy adamları yaxşı bilir və ömürləri boyunca yazıb-pozduqları da elə bu missiyanı sevənlərinə izhar etməkdən ibarətdir. Hər halda, Göy adamının sevənlərinə deyəcəyi hələ çox sözü var. Sağlıq olsun.
– Sizcə, mənəviyyat alınmırsa, necə satılır?
– Əslində, satılanın nə olduğunu bilmirəm, bircə onu bilirəm ki, hər nədirsə, mənəviyyat deyil. Çünki mənəviyyat nə alınır, nə də satılır. O, Tanrının insana əmanətidir. Mənəviyyat ruh məsələsidir. Ruhunu satmaq?! Buna mən inanmıram!
– İnsan danışmasa, onu necə tanımaq olar? Sokrat demişkən: “Danışın, sizi tanıyaq”.
– Belə bir deyim var: İnsanı görkəminə görə qarşılayıb, ağlına görə yola salırlar. Lakin çox vaxt söz artıqlıq edir, qarşındakını adicə baxışından, yerişindən-duruşundan tanıyıb, dəyərləndirə bilirsən. Çox olub ki, mənə intuisiyam belə hallarda yardımçı olub. Təəccüblü də olsa deyim ki, mən ilk baxışdan tanıdığım insan barədə qənaətimdə çətin ki, yanılam.
– Bəxtiyar müəllimin verdiyi xeyir-dua çiyinlərinizdə ağır yük deyil ki? Yəni, onun məsuliyyətini hələdəmi hiss edirsiniz?
– Əlbəttə. Türk dünyasının əvəzsiz söz sənətkarı, böyük ustadım Bəxtiyar Vahabzadənin 1998-ci ildə “Ədəbiyyat qəzeti”ndə mənim ünvanıma yazdığı “Alt qat” adlı yazıdan sonra inanın, bu məsuliyyəti hər addımda hiss edirəm. Elə bilirəm, yazdığım şeirlərin hər kəlməsi birər-birər onun təfəkkür süzgəcindən keçir. Dediyi: “Bu gənc şair uydurmur, yaşadığını hiss edib, duyduğunu yazır” – sözləri məni uydurmalardan uzaqlaşdırır. Özümə o dərəcədə tənqidi yanaşıram ki, bəzən aylarla əlimə qələm almaqdan çəkinirəm. Sanki hansısa bir qüvvə içimdə oturub yaradıcı fəaliyyətimə senzorluq eləyir.
– Heç qəlbinizdən keçdimi: “Bilmirəm, dünyaya mən niyə gəldim?” Həyatın eniş-yoxuşları sizi çaşdırmayıb ki?
– Əstəğfurullah! Dünyaya gəlişimiz, yaxud gedişimiz bəndənin əlində deyil ki, asi də olaq. Lakin, gizlətməyəcəyəm, elə anlar olub ki, əyilməsəm də, azca qalıb ki, sınam. Elə həmin andaca hardansa bir Xızr əli uzanıb yuxularımda da olsa və məni səmalara qaldırıb. Ruhum elə yüksəlib, elə yüksəlib ki! Şükürlər olsun Yaradanın böyüklüyünə ki, məni heç bir məhrumiyyət Haqq yolundan sapdıra bilməyib. Çaşmamışam, çaşmaram da!
– Bəzən insan özündən bezərək özünü də tərk etmək istəyir. Bu zaman üzünüzü hara tutmaq istərdiniz?
– Analı-atalı uşaqlıq dünyama. Orda saflıq vardır, səmimiyyət vardır, təmənnasız məhəbbət vardır…
– Nizami, Füzuli dühası “sevirdi” deyəndə, Leyli-Məcnun yada düşür. Elə bir ifadə varmı ki, səslənəndə Qiymət yada düşsün?
– “Bəyəm adım kəndçi deyil, ay sağ olmuşun balası?!”
– Bu ifadənin ağırlığı bir yana qalsın, onun ucuzlaşması, hətta eşidəndə az qalır, insan qulağını tutsun (hər halda bu söz Vətənini sevən insana aiddir), “Qarabağı azad edəcəyik!”, “Torpaqlarımız qayıdacaq!” – bu ifadələr sizdə qıcıq yaradırmı?
– Ona görə ki, hələ də “biz qalib çıxırıq söz vuruşundan!” Mənim neçə illər bundan qabaq yazdığım belə bir başlıqda şeirimdəndir bu sözlər. Doğrudan da, Qarabağ dərdimizin – qara bağrımızda qara bir yara kimi oyuq açdığı bu illər ərzində biz ancaq pafoslu şüarçılıqla məşğul olduq, nəticədə ortada nə iş oldu, nə əməl. Şair düz deyir ki, “Vətəni sevmək azdır, onu qorumaq gərək!” Qorumadığın torpağın, qeyrətini çəkə bilmədiyin millətin övladı olmaqla necə öyünə bilərsən axı?
– Təvazökarlıqdan özünüzü poeziya aləmində gizli saxlamağa çalışırsınız. Görünən tərəfi budur, bəs görünməyən tərəfi nədir?
– Mən özünü zorla ədəbi sima kimi qələmə verənləri gördükcə, sanki bir boy kiçilmişəm həmişə. Atalardan məsəl var: “Ağac bar verdikcə, başını aşağı əyər”. Bizdə isə hər şey tam tərsinədir. Barsız-bəhrəsiz ağacların başı az qalır buludlara dəyə. Barının ağırlığından başını aşağı əyənləri isə, əksər hallarda başqa cür “dəyərləndirməyə” çalışırlar. Təvazökarlığın insana heç də fayda gətirmədiyini bilsəm də, başqa cür olmağı da bacarmıram. Təəssüf ki, həqiqətən də “mən başqa cür yaşamağı bacarmadım” həyatda.
– Gələcəyə anons verə bilərsinizmi: nə vaxtsa nəvələrinizdən hansısa sizi kölgədə qoya bilərmi?
– Hər şey ola bilər. Mən görücü deyiləm, lakin irsən, genlə keçməni öz həyatımda gördüyümdən, hər halda bu ehtimalın doğruluğuna inanmaqdan başqa çarəm qalmır.
– İctimai xadimsiz, gözəl anasız. Sadiq dostsunuz – buna özünüz də əminsiniz. Bəs gözəl qaynana ola bilmisinizmi?
– Əvvəla, bunu öz balam kimi sevdiyim gəlinim Günel xanımdan soruşsaydınız, daha düzgün olardı. Ancaq hər halda, bir Allah şahiddir ki, mənonunla münasibətdə heç vaxt özümü qaynana gözündə görməmişəm.
– İnsan qəlbində qələmə sarı açılan yol üçün körpü hardan başlayır?
– Çox güman ki, genlərdən.
– Redaktor kimi, “Elimiz.Günümüz” deməklə nəyi ünvanlamaq istəmisiniz?
– Zənnimcə, bu iki müqəddəs kəlmə bir vətəndaş olaraq açıqlamaq istədiyim fikri özündə tam şəkildə ehtiva edir.
– Düşünmürsünüz ki, çox qürurlu olmaq sizi sevənlərinizdən uzaqlaşdıra bilər?
– Bəlkə də. Hər halda belə olmasını istəməzdim.
– Heç ürəyinizdən keçibmi ki, Həcc ziyarəti üçün zəvvar olasınız?
– Hələ ki, yox. Lakin qəlbimin dərinliyində belə bir mənəvi ehtiyacın haçansa üzə çıxacağına inamım var.
– Sizcə, ən böyük günah nədir?
– Mənə görə, ən böyük günah səni dünyaya gətirənlərin üzünə ağ olmaqdır.
– Hamı sizdən yazmaq istəyir (Sizi sevənlər), ürəyinizin gizli qatını açmaq istəyir. Siz necə, haçansa öz həyatınızı təfərrüatı ilə qələmə almaq niyyəti ürəyinizdən keçmir ki?
– Deməzdim ki, bütün təfərrüatı ilə yazacağam. Lakin hər zaman belə bir arzu ilə yaşayıram. İnanıram ki, yazacağım əsər sənədli bir roman kimi olduqca oxunaqlı olacaq.
– Baxıram, müsahibələrinizdə qarşı tərəf sizi daha çox şəxsiyyət kimi tanımaq istəyir. Yaradıcı xanım kimi yetərincə tanınırsız. Bu qədər maraqlı olmağınızın səbəbi nədir?
– Bəlkə də buna səbəb mənim qarşı-tərəf üçün heç də bütün sirlərimi açıb-tökməməyim olub.
– Müəyyən arzu ilə yatıb, ilk gözünüzü açdığınız zaman kimi görmək istərdiniz?
– Yalnız və yalnız ANAMI!
– “Kəndçiliyiniz tutanda” nə işlə məşğul olursunuz?
– “Kəndçiliyim” tez-tez “tutur” və belə olanda tez həyətə çıxır, sevdiyim işlə məşğul oluram: güllərin, ağacların başına pərvanə kimi dolanır, suyunu verir, alağını edir, diblərini boşaldıram. Hətta evdə tək olsam belə, samovarı qaynadıb həyətdəki stolun üzərinə qoyur, oturub çay içə-içə həsrətlə kiminsə indicə darvazadan içəri girəcəyini gözləyirəm. O qədər duyğulanıram ki, hərdən mənə elə gəlir ki, rəhmətliklər sağdır və hətta bəzən səsləri belə qulağıma gəlir. Aldanıram, diksinirəm, kövrəlirəm… sonra yavaş-yavaş “kəndçiliyim”dən əsər-əlamət qalmır…
– Həyatda əsiri olduğunuz bir şey varmı ki, elə hey gedirsiniz, amma ona çata bilmirsiniz?
– Nə vaxtsa ən gözəl şeirimi yazacağıma, qəzetimin ən gözəl sayını buraxacağıma, övladlarımın sözün həqiqi mənasında, xoşbəxt olacaqları günü görəcəyimə bütün varlığımla inanaraq, “gidiyorum gündüz-gecə…”
– 40-cı otağın açarı əlinizdə olsaydı, açardınızmı? Açdığınız zaman qarşılaşacağınız vəziyyətə hazırsınızmı? Təqribən, qarşınıza çıxan nə ola bilər?
– Nağıllara heç zaman inanmasam da, 40-cı otağın qapısının üzümə haçansa açılacağı ümidiylə yaşamışam həmişə, açarı əlimdə olmasa belə. Buna hər zaman hazır saymışam özümü, azından ona görə ki, vicdanımı heç zaman və heç nəyə satmamışam. Haqqı nahaqqın ayağına verməmişəm. Deyirlər ki, ümid sonda ölür, odur ki, işığa sarı gedən bir yolun yolçusu kimi deyərdim ki, bu yolda yalnız və yalnız işıq görünür.
Müsahibəni apardı: Təranə Şəms