“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Şükufə xanım çox narahat idi. Şəhərə səs yayılmışdı ki, cümhuriyyət quranların evləri əllərindən alınır. Əslində, Şükufə xanım bu səsin yayılacağını çoxdan gözləyirdi… Nəsib bəyin ölüm xəbəri gələn gündən…
Bu evin Yusifbəylilərə göz dağı olacağı elə həmin gündən bəlliydi. Bəlli olan zaman da gəlməkdə gecikmək istəmirdi.
Nəsib bəyin ölüm xəbəri gələn günü Şükufə xanıma elə gəlmişdi ki, onunla bərabər bu ev də qardaşına ağı demişdi, ağlamışdı. Həmin gün buludlar gürşad yağdırmamışdı, yox… Bircə əlçim bulud asılmışdı düz bu həyətin üstündən, narın damlalar ahəstəcə pəncərələrin çərçivəsini döyəcləmişdi, həyətdəki nar ağacının budaqlarına sarılmışdı… Şükufə xanım ağlamışdı…Çox ağlamışdı…
Damlalar nar ağacıyla sarmaşmaqdan doymamışdı, bu evin divarlarına da sığal çəkmişdi… Sanki, o bircə əlçim bulud Kürdəmirdən bura yüyürüb, düz Qarxun kəndindən Gəncəyə qədər nəfəs dərməyib ki, Şükufə xanım tək ağlamasın…
İndi o hüzünlü gündən çox illər keçmişdi… 1930-cu ilin payızı Gəncənin Xan çinarlarının saçlarını qızılı rəngdə boyamağa başlamışdı… Amma hələ də Nəsib bəyin yazı masası, divardakı kitab rəfi yerindəydi… Şükufə xanım hər gün yazı masasının, kitab rəfindəki kitabların tozunu alır, onları bircə-bircə “Nəsibin yadigarı” deyərək əzizləyirdi. Əzizlədikcə də gah qürurunun qucağında nazlanan doğmalığına sığınır, gah da qardaşının nakamlığı ilə bərabər müəmmasıyla da ruh göynədən yoxluğuna sızlayırdı…
İndi isə… Yox! O, bu evi-Nəsibin özünün, balalarının göz açdığı bu otaqları, Nəsibin nar tingləri əkdiyi bağçanı yadların əllərinə verə bilməzdi… Buna ürəyi gəlməzdi… Buna gücü çatmazdı… Bəs, evi qorumağa gücü çatacaqdımı?! Bunu bilmirdi…
Bir də evdə qərar tuta bilmirdi artıq Şükufə xanım; otaqdan-otağa keçir, başını qaldırıb divarlara baxmağa xəcalət çəkirdi… Ona elə gəlirdi ki, bu saat, bu an “Yusifbəylilərin mülkü” deyə bütün basalaqda boy göstərən, ün salan bu ev onun ürəyindəki nigarançılığı duyur… Elə bu nigarançılıqla da hər bucaq, hər sütun, hər pəncərə şüşəsi ondan imdad diləyir ki:
-Amandı, Şükufə, qıyma bizi yad əllərə!
Şükufə xanım bir neçə gün elə bu cür; boynubükük halda hərdən evin içində gəzindi, hərdən də evin başına dolandı… Dolandıqca da ürəyində öz-özünü inandırdı ki, bu evi qoruyub saxlaya bilər! Bu evi yad əllərə verməyə bilər! Sanki, başqa biri onun beyninin içindən hökm verirdi: “Ev yad əllərə verilməməlidir! Olmamalıdır! Baş verməməlidir!”
Hökm verilirdi… Verilmişdi… Bəs, onun güzgüdə gördüyü; saçlarına dən düşmüş, arıq bir qadın bu hökmü yerinə yetirə biləcəkdimi?!
Şükufə xanım bu otaqdan-o otağa atasının əzəmətini, Nəsib bəyin gülərüz çöhrəsini, Şəfiqə xanımın gözəlliyi yansıyan xoşbəxt anlarını, Eynülhəyat xanımın saf idrakını daşıyırdı, yorulmurdu… Gah atasının onun üçün ta Tiflisdən gətirtdiyi dolaba söykənirdi, gah rəhmətlik Nəsib bəyin yazı masasına bir bacı nigarançılığı ilə tumar çəkirdi, gah da həyətə düşüb Nəsib bəyin əli dəyən hər bir ağacı gözləriylə oxşayırdı… Sentyabr günəşinin onunla gizlənqaç oynaması eyninə də gəlmirdi…O, Yusifbəylilərin mülkünü qorumaq haqqında düşünürdü…
… Yusifbəylilərin ulu babası Cavad xanın vəziri olmuşdu. Gəncənin məğrur xanı ilk göz ovunu-könül ovçusunu da Yusifbəylilərdən seçmişdi; vəzirinin bacısı, gözəlliyi şəhər qalasının divarlarını çoxdan aşmış Şükufə xanımla evlənmişdi… Elə o gözəl xan arvadının adını Yusif bəy öz sevimli qızına qoymuşdu, Yusifbəylilərin ikinci Şükufəsi də öz gözəlliyi ilə şəhərə ad sala bilmişdi… Gəncənin adlı-sanlı nəsillərindən olan Pişnamazzadələr bu gözəlliyi öz nəsil xonçalarına bəzək vermişdi; Şükufə xanımın soyadı Yusifbəyli-Pişnamazzadə olmuşdu. Və bu gün iki nəslin yükünü sısqa çiyinlərinə şərəfli yük eləmiş bir türk qadını “doğma ev” adlı ikicə kəlməni qorumaq üçün bütün gücüylə savaşırdı. Onun gücü zamanın ucsuz-bucaqsız bozqırlarından çaparaq gəlmiş bir gümana könül verən idrakındaydı.
Şükufə xanım təhsilini də bu evdə almışdı… O, təhsilini davam etdirmək üçün Gəncəni cəmi üç illiyinə tərk etmişdi; Bakıda üçillik kursda bağça müəllimliyi ixtisasına yiyələnmişdi. Hələ ötən il, 1929-cu ildə təşəbbüs göstərib uşaq evi açmışdı. Neçə gündü ürəyinə yüklənən nigarançılığı azacıq da olsa süsləməyə, dincə qoymağa ehtiyac duyduğunda uşaq evinə getdi.
Yolda qarşısına Əhməd Cavadın Çanaqqaladan gətirdiyi yetim qız uşaqlarından biri olan Güllü çıxdı. Onun əsl adı Gültən idi. Amma, hamı ona “Güllü” deyə xitab edirdi. Bu qız elə şəhərin Əttarlar küçəsində, Məşədi Minaxanımın evində böyümüşdü. Artıq on yeddi yaşı olan Güllü öz gözəlliyi və şirin ləhcəsi ilə bütün basalağın gözü olmuşdu.
Şükufə xanım ehmal-ehmal Güllüyə yaxınlaşdı, nigarançılıq yağan baxışlarını qızın qoşa hörüklərindən aşağı sürüşdürüb şirəli qazança tutmuş əllərində saxladı. Güman elədi ki, qız Çayqırağında yaşayan Çoban Kəsirgildən, ağartı almaqdan gəlir. Güllü də Şükufə xanıma görə dayanmışdı. Bunu onun parıldayan gözlərindən və təbəssüm qonan çöhrəsindən sezmək olurdu.
-Necesiz, Şükufe hanımım?-birinci qız dilləndi.
-Yaxşıyam, min şükür, Güllü qızım. –Şükufə xanım qızın təbəssümündən azca təskinlik tapdı.
-Çobanlardan süd aldım. –Güllü sentyabr günəşinə qoşulub ürəklə gülümsəyirdi.
-Yaxşı elədin, qadan alım. Yaxşıca bir südlü aş bişirsən, axşama gələrəm. Naharsızam. –Güllünün könül isidən təbəssümünün onu illərin ötəsindən bu günün bu saatına qaytardığını anlayan Şükufə xanım azca toxtadığına özü də sevindi.
-Tamam…
-Yaxşı yol, qadan alım.
Şükufə xanım yolun bundan sonrasını daha inamla addımladı. Canı canından, qanı qanından olan bu qızın ata-anası Çanaqqalada; savaşda ölmüşdülər. Əhməd Cavad savaş sonrası Çanaqqaladan Gəncəyə çox kimsəsiz qız uşaqları gətirmişdi. O qızları bircə-bircə Gəncənin adlı-sanlı adamlarına, xalqı, milləti, soy-kökü üçün yanan insanlara əmanət etmişdi. Hamı da onun əmanətinə göz bəbəyi kimi baxmışdı; Gültənlər, Ayşələr, Nəbahatlar Gəncənin köklü nəsillərinin bir övladı kimi böyüdülmüşdü. Elə o cür də, əsl gəncəli bir ailənin qızı kimi gəlin köçürülən də, evdə xüsusi müəllimlərdən təhsil alanlar da vardı.
Şükufə xanım uşaq evinə çatanacan bütün yol boyu Əhməd Cavadın canına dualar oxudu ürəyində: “Nə gözəl iş görüb, Cavad əfəndi. Savaşda ata-anasını itirən yetim qız uşaqlarını sahibsiz qoymayıb, əli çatanını gətirib bura. Ürəyimizin Çanaqqala göynərtisini bir azca susdura bilib. Zəfərlə bitdi Çanaqqala savaşı. Savaş elə savaşdı axı… Gör nə qədər Güllü yetim, kimsəsiz qalıb?! Yox, vallah, Cavad əfəndiyə bu dünyada rəhmət düşür. O, türk milləti üçün yanmağın əslini yaşayır… Elə Güllünün, Şahsevənlərdəki Mircəmil ağanın evində böyüyən Nihalın, Qazaxlardakı Şaiqənin, Bağmanlardakı Türfənin; bu qədər uşağın kimsəsiz qalmamasının savabı bəsdi Cavad əfəndiyə…”
Şükufə xanım bu fikirlərlə uşaq evinin darvazasından içəri girdi. Uşaq evi iç-içə iki iri otaqdan, bir kiçik mətbəxdən və həyətin o biri başındakı dəstəmazxanadan ibarət idi. Bina üzü çaya baxırdı. O vaxtlar bu binada Cavad xanın dəftərxanası yerləşirmiş. Sonradan uzun illər boş qalan bina bir az da baxımsız vəziyyətdəydi. Şükufə xanım bu binanın təmirə ehtiyacı olduğunu bilirdi. Lakin, hökumət nümayəndələri bu balaca azərbaycanlı uşaqlarına, Turan ağacının bu əzəmətli budağının tumurcuqlarına geniş, işıqlı, təmirli binalardan heç birini qıymamışdılar…
Şükufə xanımı uşaqların sevincqarışıq qışqırıqları qarşıladı; tərbiyəçi Naibə xanımın məlahətli səsinə məhəl qoymayan balacalar kiçik həyətdə bir-birini qovur, “Gözbağlayıcı” oynayırdılar. Şükufə xanım bu uşaqların arasında ayrı bir dünya yaşayırdı… Onun burdakı dünyasında darvazadan eşikdəki bütün problemlər qorxaq-qorxaq beyninin bir tərəfində gizlənirdi… Sanki, olub-olmazlar, hətta, olacaqlardan narahat olan, “nigarançılıq” adlı donu özünə yaraşdıran düşüncəsi bu kiçik binanın taxta darvazasına çatınca çılpaqlaşırdı… Və bu çılpaqlıqda yalnızca uşaq qayğısızlığının min bir rəngi, çaları fərəhlə, təbəssümlə qoyun-qoyuna bərraqlanırdı…
Şükufə xanım həyətin düz ortasındakı kiçik hovuzun kənarında dayandı, bir əlini hovuzun kənarındakı daşın üstünə qoydu. Qəhərinin sevincdən, yaxud gün boyu ruhunu çulğamış nigarançılıqdan qaynaqlandığını kəsdirmək istəyirdi. Baxışlarıyla gələcəyin tumurcuqlarının saçlarını sığallayır, boylarını oxşayırdı. Ürəyindən keçənlər ruhunu arındıran ümidə çevrildikcə acdığını daha da hiss edir, yorğunluğu, halsızlığı onu üstələyirdi: “Bu qızlar… Hər biri böyüyüb ana olacaqlar… Oğullar Xəlillərin, Nəsiblərin, Fətəlilərin, Həsənlərin, Aslanların yurdunda çıraq yandıracaqlar… Onların xatirəsini yaşatdıqları kimi izlərinə ayaq qoyacaq, amallarına da xidmət edəcəklər… Bu torpaq Nizamilər, Bəndərlər, Cavad xanlar, Comərd Qəssablar yetirib, yetirəcək də!”
Ürəyinin riqqətə gəldiyi həmin anda Zərrabilərdən olan Hacı Ələkbərin altı yaşlı nəvəsi Nəsib onun ətəyindən yapışdı:
-Şükufə xala, ay Şükufə xala!
-Can… Xalan qadanı alsın, can!
-Nənəm deyir ki, sənin adını Şükufə xalan qoyub. Dedi ki, sizin evdə yekə, yaxşı bir Nəsib olub. Onun adını qoyubsan mənə. Olar, sizin evə gedək? Nənəm deyir ki, o evdə yekə Nəsib çoxlu, lap çoxlu nar əkib ey…
Şükufə xanım bu balaca Nəsibin gözlərindən boylanan işığı görürdü…Gördükcə də anlayırdı ki, “Yusifbəylilərin mülkü”nü qoruyacaq gücü var! Və bu gücü ona məhz balaca Nəsibin gözündəki işıq verir!
…Həmin axşam Şükufə xanım Güllünün bişirdiyi südlü aşdan doyunca yedi. Kiçik dəftərçəsinə Əhməd Cavadın “Qoşma” kitabından köçürdüyü şeirlərdən də oxudu… Məşədi Minaxanımın şaqraq gülüşüylə köksünü ötürərək gözlərini sıxmağı bir-birini aylar, illər, fəsillər kimi ahəngdarcasına əvəz elədi… Və Şükufə xanım o axşam doğma evə inamlı addımlarla qayıtdı… O, bu evin müsadirə olunmasına izn verməyəcəkdi! Bunu bacaracaqdı!
Yeni gün “Yusifbəylilərin mülkü”nə yeni bir tarixin başlanğıcı kimi gəlmişdi… Şükufə xanım evin hər künc-bucağına əl gəzdirir, otaqları səliqəyə salırdı. Obaşdan durub həyəti də süpürmüşdü… Hələ darvazanın eşiyinə-səkiyə də su çiləyib süpürgə çəkmişdi. O, bu gün bir Yusifbəyli kimi öz ata yurdunu, bir Pişnamazzadə kimi Gəncənin ən köklü nəslinin ocağını Gəncə tarixinə yenidən qazandıracaqdı… Bu mülkü hansısa rus, yaxud erməni məmurunun ya evi, ya da iş yeri olmaqdan xilas edəcəkdi…
Gün bir boy qalxanda basalağın başı üstündəki buludlar da seyrəldi. Küçənin lap o biri başından şən uşaq gülüşləri buludlara inad səmaya yüksəldi. Şükufə xanım bişirdiyi şirin kökələri isti-isti məcməyiyə düzdü, həyətdəki kürənin qapısına yaxın yerə hər ehtimala qarşı yan-yana iki kətil qoydu. Birdən uşaqlardan hansısa nadinclik edib isti kürəyə əl basar, əlini yandırar deyə təlaşlansa da, uşaqların göyə ucalan şən səsləri onun bütün təlaşını qayğısız təbəssümünə qurban verdi. Şükufə xanım yüyürüb darvazanın hər iki tayını da açdı, rəngbərəng çiçəklərə bənzəyən uşaqları bir ana şəfqətiylə qarşılayıb onlara: “Sabahınız xeyir!”- dedi. Uşaqların səsi bir-birini üstələdi; hamısı Şükufə xanımın üstünə yüyürdü.
Naibə xanım əlindəki iri bükülünü Şükufə xanıma verəndə uşaqlar artıq məcməyidəki kökələri həvəslə, iştahla yeyirdilər. Şükufə xanım bu bükülünü ehmalca götürüb sinəsinə sıxdı. Yanağı boyu yuvarlanan iki gilə yaş onun dodaqlarından çıxan ikicə kəlməyə dünyadan böyük səmimiyyət qatırdı… Şükufə xanım Naibə xanıma əsl bacı sevgisiylə:
-Sağ ol!-dedi.
Naibə xanım da kövrəldi. Amma, o, öz təmkininə sadiq qalmağı bacardı; uşaqlara yaxınlaşıb dedi:
-Uşaqlar, şirin kökələrinizi yeyə-yeyə Nəsib bəy Yusifbəylinin kitablarına, yazı masasına baxaqmı?
Uşaqlar birağızdan:
-Həəəə!-deyə qışqırışdılar.
Naibə xanım ərklə Şükufə xanıma baxdı. Yusifbəylilərin gözəl qızı, Pişnamazzadələrin məğrur gəlini sadəcə gülümsədi…
…Uşaqlar Nəsib bəyin kitab rəfinə baxır, ağıllarına gələn bütün suallarla öz maraqlarının hüdudsuzluğunu ifadə edirdilər. Naibə xanım səbrlə, təmkinlə onların bütün suallarına cavab verməyə çalışır, bu uşaqların zehninə, yaddaşına əsl Nəsib bəy Yusifbəylinin obrazını “həkk edirdi”… O da bu xalqın ziyalı qadını kimi sanki, “gələcəyi görürdü”… Daxilində əmin idi ki, nə vaxtsa Nəsib bəy Yusifbəylinin əsl kimliyi üzə çıxacaq, xalq öz qeyrətli oğlunun məğrurluğunun əsl mahiyyətini anlayacaqdır… O, özü həmin günləri görməsə də, bu balaca fidanların Nəsib bəy Yusifbəylinin adıyla qürurlanacaqları günü “görürdü”, bütün varlığıyla buna inanırdı… Bu inam zamanın axarıyla qarşı-qarşıya dayandığında uzaqdan, lap uzaqlardan zəfər nəğməsinin səsi duyulurdu… Bu səs keçmişdən süzülən qaval daşının səsiydi… Bu səs gələcəkdən xəbər verən, daşlara hopan yurd sevgisinin, milli özünüdərkin əks-sədasıydı… Gələcəklə keçmiş bu uşaqların zehnində, təfəkküründə elə qovuşmalıydı ki, iyirmi üç aylıq ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin əsl anlamı əbədilik qazanmalıydı…
Uşaqların səsi Şükufə xanımın qulaqlarına “Yusifbəylilər mülkü” haqqında nəğmə kimi toxunurdu… O, sinəsinə sıxdığı bükülünü darvazanın sağ tayına söykədi, kürəxananın qarşısına qoyduğu iki kətildən birini götürüb düz bükülünün yanına gəldi. ayaqqabılarını soyunub kətilin üstünə çıxdı, əyilib bükülünü götürdü, dörd ucu bir-birinə düyünlənmiş qalın şalı açdı… Uşaq evinin ünvan lövhəsini şalın arasından tumarlaya-tumarlaya çıxardı. Onun baxışları lövhəni ümidgah kimi sevələyirdi…
…Uşaqlar həmin gün naharı da “Yusifbəylilərin mülkü”ndə elədi. Naibə xanım uşaqlara evin otaqlarını, həyətdəki kiçik bağçanı bütün gəzdirdi. Uşaqlar bu böyük evə tez isinişdilər. Tumurcuqların macəra həvəsi bu evin divarlarında elə əsrarəngiz əks-səda verirdi ki… Naibə xanımın bu evlə, Gəncənin tarixi, iyirmi üç aylıq cümhuriyyət barədə sadə dillə danışdığı əhvalatlar uşaqlara Şükufə xanımı bir neçə saatlıq da olsa unutdurmuşdu. Yalnız günortadan sonra onlar Şükufə xanımı gördülər. Yusifbəylilərin gözəl qızı gözlərindən axan yaşı dodağındakı sevincli sözlərə qatıb danışırdı ki:
-Naibə, getdim. Getdim düz idarəyə. Dedim onlara ki, uşaq evini təmirə bağlamışam. Daha uşaqlar o təmirsiz yerdə olmayacaqlar dedim. Bəribaşdan hazırladığım ərizəni də masanın üstünə qoydum ki, uşaq evini öz evimə köçürmüşəm. Kim istəsə gəlib buranın şəraitinə baxa bilər deyə şəstlə düz gözlərinin içinə baxdım. Razılaşdılar. Məşədilərdən Kazım bəy də orda işləyir axı. Sağ olsun, dedi mən o evi görmüşəm, uşaqlar üçün yaxşıdı. Razılaşdılar hamısı, ərizəmə qol çəkdilər. Hələ o erməni var ha, erməni, idarənin müdiri. Nə desə yaxşıdı?! “Ara, pılımız cibimizda qaldı ki! Remont istayırdı Şukufa xanım. Özü düzaltdı bax!”
Naibə xanım da kövrəlmişdi… Bu dəfə təmkini də yadına düşmədi. Qürurla Nəsib bəyin divardakı şəklinə baxdı…Dedi:
-Sən bunu bacardın, Şükufə xanım! Sən Nəsib bəy Yusifbəyli adlı tarix səhifəsində ağ sətir qalmağına izn vermədin! Səninlə qürur duyuram!
…Şükufə xanım Yusifbəyli-Pişnamazzadə 1943-cü ildə dünyasını dəyişəndə hələ də uşaq evinin lövhəsi iki taylı darvazanın üstündən asılmışdı… Ailə sərdabəsində dəfn olunan Yusifbəylilərin gözəl qızı, Pişnamazzadələrin məğrur gəlini o evin tarixçəsini yenidən yazmışdı 1930-cu ilin sentyabrında… Bu gün isə o evin ikitaylı darvazasından başlayaraq bütün divarı boyu bir nəslin adı yazılmış xatirə lövhələri yan-yana asılıb… Hər bir daşıyla Yusifbəylilərin dünənini-bu gününü “danışan” evdə Şükufə xanımın cehizlik dolabı, Nəsib bəyin yazı masası hələ də o evin qonaqlarına “tarix danışır”…
Şəfa Vəli (Gəncə)