Gülümsəyib keçmək lazımdı bəzən həyata,
Sadəcə gülümsəmək.
Tüpürüb ağrılarına,
Səni ağrıdanlara da
Qucaq-qucaq,
buket-buket gülümsəmək.
Əllərini tutmayan
Soyuq əllərə inad,
Ürəyindən gəlməyən
Bir “salam”ı
verməyə üşənən dillərə inad
Gülümsə!
Kədər səndən böyük ki deyil…
Əslində yazdıqların
Körpə ürəyinin iniltisidi.
Yad qulağa xoş gələn
hüznlü sətirlərin
Yaralı hisslərin əsintisidi.
Bütün bunları bilən varmı ki?!
Gülümsə!
Çəkdiyin acının tərənnümünə
Bər-bəzək geydirib “şeir” deyirlər.
Bəlkə də sən başqaları-
Elə lap yadlardan yad adamlarçün
Şairsən.
Sıyrılıb doğmalıq təbəssümündən
Saxta təntənəylə
Adının yanına “şair” deyirlər.
Ya elə olsun, ya da ki belə
Bütün cəbhələrdə sən hələ təksən,
İndi nə anlamı var ki
Nə deyirlər desinlər…
Gülümsə,
Şair, gülümsə!