ÖLDÜ «SONA BÜLBÜLLƏR»
Qədir Rüstəmov öldü deyən bir xanıma
Özünə yağı deyən,
Bir sinə dağı deyən,
Dərdinə ağı deyən
Dildi «Sona bülbüllər».
Tüm sirlərə çəm olan,
Həm olmayan, həm olan,
Bir yumruqda cəm olan,
Eldi «Sona bülbüllər».
Ümid yeriydi sanki,
Zəfər şeriydi sanki,
Tanrı sirriydi sanki,
Soldu «Sona bülbüllər».
Axdı gözün qorası,
Hanı ağı-qarası?!
Kanla Məkan arası
Yoldu «Sona bülbüllər»
.
Könlündə dağlar qalan,
Göz yaşı çağlar qalan,
Sonası ağlar qalan,
Göldü «Sona bülbüllər».
Dünya kiçik nöqtədir,
İnsan ona müqtədir.
Merac eylədi Qədir,
Öldü «Sona bülbüllər».
KİM SEVƏR Kİ…
Mən haqqa aşiq biriyəm,
Haqqım yox susam, kirirəm,
Açılmaz tanrı sirriyəm,
Məni özgə kim sevər ki…
Xəzan aldı ilk baharı,
Puç eylədi arzuları,
Saçımdakı dümağ qarı,
Dəni özgə kim sevər ki…
Yelə verdik son gümanı,
Baş çəkir qəlbə damanı.
Ruhlara çökən boz dumanı,
Çəni özgə kim sevər ki…
Bir «yox» var, bir də «bəli» var,
Çiynimdə bir dost əli var.
Yer üzündə bir dəli var –
Səni özgə kim sevər ki…