SƏNƏ EHTİYACIM VAR
Yaxamı ruzgarların
Əlində qoyub getdin.
Elə bil ki, vüsalın
Gözünü oyub getdin.
Mən səndən doymamışdım,
Sən nə tez doyub getdin?!
Duymadınmı sinəmdə
Neçə ağrım-acım var?!
Sənə ehtiyacım var.
Suvar oldu xoş günüm
Yel qanadlı atına,
Bülənd oldu fəğanım
Göyün yeddi qatına.
Daha kim anar məni,
De, kim salar yadına?!
Dərd birdimi, beşdimi –
Durum hara qaçım – var,
Sənə ehtiyacım var.
Zalım həsrət ayırdı
Ağuşunda yer mənə,
Bu dərd hələ nədir ki,
Varsa yenə ver mənə.
Bu qədər zülm az kimi,
Hicran baxıb der mənə:
-Yandırmağa, yaxmağa,
Pul-pul olmuş sacım var,
Sənə ehtiyacım var.
Bu elə bir dərddi ki,
Nə qohuma danışmaq,
Nə yada demək olmur.
Bu elə bir dərddi ki,
Nə suya pıçıldamaq,
Nə oda demək olmur.
Bu elə bir dərddi ki,
Nə kamana söyləmək,
Nə uda demək olmur.
«Nə»lər səltənətində
Möhtəşəm taxt-tacım var,
Sənə ehtiyacım var.
Qoşun-qoşun dərdlərin,
Səfini yarıb gəlim,
Ruhsuz nəyə gərəyəm,
Ruhuma varıb gəlim.
Bir himə bəndəm, gülüm,
Dünyanın o başından –
Sən səslə – durub gəlim,
Zalım fələk əlində
Didim-didim saçım var,
Sənə ehtiyacım var.
Halım dərya misallı –
Kükrəmədə, daşmada,
Dalğa-dalğa qabarıb
Sahilini aşmada,
Mən sənə can atmada,
Sənsə uzaqlaşmada;
Gedirsən, get – nə qəm ki,
Ta yalnız deyiləm ki, –
Dərd adında qardaşım,
Nisgil adlı bacım var…
… Amma yenə, yenə də,
Sənə ehtiyacım var.
BÖYÜK
Bir nadana
Fərqi yox – xan ol, ya paşa,
Dərd varsa dərdlə tapışar.
Yaxandan bir əl yapışır,
Yapışar yaxandan böyük.
Dən varsa, bir dənlik də var,
Hər qəmdə bir şənlik də var.
Unutma bir mənlik də var, –
Paşadan, yan xandan böyük.
Ümmanıq, ya heçik – hər nə,
Böyüyük, ya kiçik – hər nə.
Uzaqdan kiçik görünən,
Görünər yaxından böyük.
Xan Araz da, Kür də vətən,
Yaşayar hər sirdə vətən.
Bir ANAdır, bir də VƏTƏN,
Varından, yoxundan böyük!
Yetər, az dalımca daş at,
Kainatla sevgi yaşıd.
Qəlbində bir sevgi yaşat,
Tanrıya, qorxundan böyük!