(Şəfa Vəlinin “Poçtalyona məktub” kitabı haqqında)

Tanrı, insafın olsun,
Adam unudularmı?
Eh…
Hanı telefonum?
Məni axtaran varmı?

Şəfa, bu misralar “Poçtalyona məktub” kitabının sonuncu şeirinin sonuncu misralarıdı. Soruşursan ki, “məni axtaran varmı?” Əlbəttə var, ay qızım. Elə biri mən. Kitabını aldım, oxudum, (şeirlərinin çoxunu əvvəldən oxumuşdum), haqqında deyəcəklərim olduğunu dəqiqləşdirdim.
Bu yazım kitabına təbrikdir. Ona görə də şeirlərinin ancaq məziyyətlərindən söhbət açacağam. Çünki, əsərlərində çatışmazlıqları özün də yaxşı bilirsən. Mənə elə gəlir ki, onları da elə özün düzəldəcəksən.

…Sən uzaq, çox uzaq coğrafi bir kəşf,
Adasan, körfəzsən, dənizsən, nəsən?
Bəlkə savannalar, tropik meşə?
Bəlkə də ən zərif, incə bənövşə…
Ya bəlkə quruca bir səhrasan sən?!

Şeirin pıçıldayır ki, “sevginin coğrafiya dərsi” çox maraqlıdır. Sən coğrafi bir kəşf eləmisən. Lakin bu kəşfin çox uzaqdadır. O qədər uzaqdadır, hətta özünün əlin çatmır. Bu kəşfin adamı, dənizmi, körfəzmi, savannamı, meşəmi, ya səhramı olması bilinmir. Şeirinin gözəlliyi ondadır. Kəşf var, bu, mütləqdi. Mütləqin özünün naməlum olması mənə qəribə gəldi. Bu, əlçatmayan, ünyetməyən müqəddəs bir eşqdir. Bu eşq insanın sonuna kimi ondan əl çəkmir. Eşqi sonsuz olanlar duyğusaldı, kövrəkdi, mərhəmətlidi; sənin “Səməni” şeirində olduğu kimi…

Çərşənbə tonqalını
Gözlərimdə qaladım…
Getdim Bakı yolunu,
Həsrətimə doladım…

Küsdüyüm şəhərimlə,
Barışdım…Bayram idi…
Bir mesajlıq təbriklə
“Danışdım”…Bayram idi…

Yeni arzular kimi
Göyərtmədim mən səni…
Bağışla ürəyimi,
Səməni, ay səməni…

Şəfa, sənin bu şeirin indiyədək oxuduğum səməni şeirlərinə bənzəmir. Bu şeirin ruhu, məğzi, mənası tamamilə təzədir, yenidir, gözəldir. Elə burdaca arzulayıram ki, sənin arzuların xoşbəxt-xoşbəxt göyərsin. Sən də “Bağışla ürəyimi…” deməyəsən.
Qızım, sənin hekayələrini də oxumuşam. Sən nəsrdə özünü daha rahat hiss edirsən. Ancaq, bu, o demək deyil ki, şeirin nəsrindən zəifdir. Əsla! Son illər yazdığın poeziya nümunələri əsas verir ki, bu sahədə də sən özünü təsdiqləyirsən. Yazarın özünü təsdiqləməyi çətindi. İstər cavanlar, istər yaşlılar çox vaxt kimləri isə təqlid edir, yeni söz, yeni fikir tapmaqda aciz qalırlar.
Sən aciz deyilsən, Şəfa! Sənin şeirlərini oxuduqca ürəyin, qəlbin, sirrin aşikarlanır, görünür. Səndə o cəhətin xoşuma gəlir ki, yalnız özünü yazırsan. Bu, istər zəif, istərsə də güclü şeirlərində bilinir.
Sənin bir şeirin var, adsızdı. Onun axırıncı bəndində inamla deyirsən:

Qadınlar sevgidən ölür,
Qadınlar ağlayır, gülüm…
Hər kəndin yeganə yolun
Kişilər bağlayır, gülüm…

Burada hər kəndin yeganə yolunu kişilərin bağlamasına inanmasam da, “bu da Şəfa Vəlinin qənaətidir”-deyib keçirəm…
Şeiri quraşdırmırlar. Bunu şairlər bilir. Şeir gül kimi açılır, ot kimi göyərir, yel kimi əsilir, göy kimi gurlayır, yağış kimi, qar kimi yağır, tufan kimi qopur. Bunları daha çox sadalamağa ehtiyac yoxdur. Nə demək istədiyim anlaşıldı.
Sənin də şeirlərin quraşdırılmır, Şəfa, canından, qanından qopub gəlir. “Bircə damcı hüznlüyəm…” şeirindəki kimi.
Əvvəla, hüzn damcıyla, kiloqramla, metrlə, saatla ölçülmür. Sən bunu yaxşı bilə-bilə hüznünü damcıyla ölçürsən. Çox gözəl eləyirsən! Damcıyla ölçdüyün hüznü isbatladığın üçün heç bir iradım yoxdur. Əksinə, xoşuma gəldi. Şeir ümumilikdə qəşəngdi.

Bircə damcı hüznlüyəm…
Tale qəlbimə toxunub…

Taleyin qəlbə toxunuşu şairanədi…

Bircə damcı hüznlüyəm…
Bura Gəncə…
Bakı yolu
Qəza dolu, qorxulu…

Yollar insanı xoşbəxtliyə, səadətə, sevinclərə aparsa da, qəzalara da sürükləyir. Onda şair bir damcı yox, dəryalarca hüznlü olur. Ancaq bu şeirdə qəza yoxdur, ehtimal var. Ona görə belə demək olar.

Bircə damcı hüznlüyəm…
Nəğmələrə kədər hopub…

Nəğməsinə kədər hopan şair hüznlü olacaq, özü də bircə damcı… Güman var ki, sabah onun nəğməsinə sevinc hopacaq.

Bircə damcı hüznlüyəm…
Həsrətini bu axşam
Bərk-bərk qucaqlamışam…
Sənsiz ruhum üşüyüb
Bir az soyuqlamışam…

Şəfa Vəli, sən burada istedadlı bir şairsən. Burada duyğuların, hisslərin bayram edir. Ona görə ki, istədiyini yaza bilmisən. Ona görə ki, ruhun üşüyüb, bir az soyuqlamısan. Soyuqlayan şair bir damcı hüznlü olar də…
“And” şeirində: “Təbəssümümə yaraşma, Səni and verirəm Allaha…”-deyirsən. Bu da gözəldi. Bunu da ürəkdən, qəlbinin lap dərinliyindən söyləyirsən. Təbəssümünə yaraşan sənin yanında deyil, uzaqdadır. Ona görə Allaha and verirsən. Allah adildi, qadirdi, təbəssümünə yaraşanı, eyni zamanda yanında olanı saxlayır. Qalanları lazım olanların yanına göndərir.
“Qumarbaz” şeirin də mənə maraqlı gəldi. Xüsusən də, axrıncı bəndi.

…Bir az sevgiyə bənzə sən,
Bir damcı ehtiras…
Olur…
Həyatla qumar istəsən
Oyunda basabas olur.

Həyatla qumar oynamaq istəyəndə basabas olur. Basabasda adam istədiyinə çatmır. Bəzən aralıqda itib-batır…
Sən, Şəfa, həyatla qumar oynayanlardan deyilsən. Sən ağıllısan, düşüncəlisən, nə istədiyini əvvəldən götür-qoy edənsən. Ona görə səni axtaran, tapan, sevən çoxdur.
Yazımın əvvəlinə qayıdıram, mən səni axtarmıram. Səni çoxdan tapmışam. Tapdığıma görə də bütün yaradıcılığınla birgə sənə uğurlar arzulayıram. Arzulayıram ki, ay kimi doğub, günəş kimi parlayasan!

Aləmzər Əlizadə
(AYB Gəncə bölməsinin katibi, Prezident təqaüdçüsü)
(Gəncə-2018)