Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) — Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987).

Həyatı

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişmişdir. O, nənəsi Qəribin himayəsində böyümüşdür. 150 saylı orta məktəbdə oxumuşdur. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri çap olunub.

1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsini söndürmür.

Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə “Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm işıq üzü görür. O, “Hizbitudeyi İran” partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945-1946) işləyir. “Ana dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir.

Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat “21 Azər” medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şerlər kitabı da çap ərəfəsində idi. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı “Mən nə gətirdim” şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şer tez bir zamanda dillər əzbərinə çevrildi.

Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947-1952). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, “Azərbaycan” qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri olur (1952-1962). Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak etmişdir. “21 Azər” (1946), “Əməkdə fərqlənməyə görə” (1959) medalları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən). 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Əsərləri

Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950, 99 səh.
Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950, 40 səh.
Vətən sevgisi. Bakı: Azərnəşr, 1951, 64 səh.
Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952, 28 səh.
Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954, 48 səh.
Şerlər. Bakı: Azərnəşr, 1955, 76 səh.
Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956, 131 səh.
Qartal. Bakı: Azərnəşr, 1959, 170 səh.
Qəzəb. Bakı: Azərnəşr, 1960, 98 səh.
Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962, 227 səh.
Buludlar. Bakı: Azərnəşr, 1964, 132 səh.
Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966, 187 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968, 321 səh.
Кеманча и знамя. Москва: Советский писатель, 1969, 78 стр.
Şerlər. Bakı: Gənclik, 1970, 68 səh.
Город в горах. Москва: Советский писатель, 1972, 71 стр.
Sevinc. Bakı: Gənclik, 1973, 112 səh.
Şəlalə. Bakı: Azərnəşr, 1974, 183 səh.
Ömrün illəri. Bakı: Gənclik, 1976, 164 səh.
Həyat sınağı. Bakı: Yazıçı, 1978, 232 səh.
İran Xalq Partiyası. Təbriz: 1358.
Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh.
Nəğməli gecələr. Bakı: Yazıçı, 1981, 210 səh.
Если скажет жизнь сама. Москва: Советский писатель, 1982, 78 стр.
Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983, 87 səh.
Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983, 145 səh.
Araz üstə palıd. Bakı: Yazıçı, 1984, 303 səh.
Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986, 161 səh.
Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988, 255 səh.
Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990, 276 səh.
Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996, 240 səh.
Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997, 328 səh.
Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998, 386 səh.
Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.

Mənbə

Nəbioğlu Sabir. Kökdən düşməyən rübab:Bu karvanın yolu güneyədir. Bakı: Nurlan, 2007, 440 s.

Xarici keçidlər

Sabir Nəbioğlu. Kökdən düşməyən rübab.