GÖTÜRMÜR
Əsmə hər bir yarpaq üstə,
Bu ağac balta götürmür.
Yük olanı torpaq üstə,
Torpağın altı götürmür.
Nə sızlarsan, viran könlüm,
Öz içinə varan könlüm.
Dərdə könül verən könlüm
Başqa ovqatı götürmür.
Bıçaq kürəyə yol tapır,
Haram – çörəyə yol tapır.
Çat hər ürəyə yol tapır,
Ürək hər çatı götürmür.
Ölümü almam eynimə,
Əgər batmasa beynimə,
Dar ağacı, çox öyünmə,
Bu boğaz çatı götürmür.
KƏRƏM ET
Bir gözələ
Məni kim anlayar de, səndən özgə,
Dada çağırıram səni, kərəm et.
Onsuz da vədəsiz qar ələnibdi,
Artırma saçımda dəni, kərəm et.
Kim məhkum eylədi bu baxta məni,
Cismin əsir etdi otaqda məni,
Bir də kim qaldırar bu taxta məni,
Gəl salma taxtımdan məni, kərəm et.
Qəsdləmi canıma qəsd eyləyirsən,
Yoxsa iradəmi test eyləyirsən?!
Bircə baxışınla məst eyləyirsən,
Sarırsan ömrümə çəni, kərəm et.
Baxmırsan şöhrətə, ada yaxırsan,
Baxmırsan doğmaya, yada yaxırsan,
Sanki bilə-bilə oda yaxırsan,
Ruhdan ayırırsan təni, kərəm et.
Gün boyu gör neçə dərd məndən keçir,
Toplu məndən keçir, fərd məndən keçir,
Bir az da sevgini qat – məndən keçir,
Bu qədər çətindi yəni? – kərəm et!