İbrahim SƏFƏRLİ (Sadıqlı İbrahim Nəriman oğlu) 1961-ci ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. Kəlbəcər şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra Rusiyanın Penza şəhərində Penza İnşaat Mühəndisləri İnstitutunun mülkü tikinti fakültəsini bitirib.
Uzun müddət Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət evində ədəbi işçi, bədii qqiraətçi vəzifəsində çalışıb. Bədii qiraət ustası kimi tanınan İbrahim Səfərli o zamanlardan dövri mətbuatda şeir və yazıları ilə çıxış edib. «Yenilik Press» və «Yeni bəşər» qəzetlərinin Gəncəbasar üzrə bölgə müxbiri vəzifələrində çalışıb. Hazırda Kəlbəcər rayon Dövlət Arxivinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Şeirləri 2005-ci ildə çapdan buraxılmış «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antologiyasında dərc edilib. 1998-ci ildə «Gənclik» nəşriyyatında çapdan buraxılmış «Qanlı köynəklər» adlı şəhidlər kitabının və 2009-cu ildə «Adiloğlu» nəşriyyatının buraxdığı «Məhəmməd Nərimanoğlu: Ömrüm kitab ömrü» toplusunun tərtibçi həmmüəllifidir.
Evlidir, üç uşağı (Samirə, Güllər və Ələkbər), bir nəvəsi var.

KƏLBƏCƏR

Ayrılığın bir dərd olub sinəmə,
Bu niskili necə yazım, Kəlbəcər?!
Düşüb boranına, çovğununa mən,
Murovda, Keytidə azım, Kəlbəcər.

Bağlanıb yolların, ellər aralı,
Həsrətdən çəməndə güllər saralı.
Oxumur bülbüllər, dillər yaralı,
Girovdu sədəfli sazım – Kəlbəcər.

Əlim ətəyindən üzülü qalıb,
Sinəmdə dağ-düyün düzülü qalıb.
Qönçəsi açılmır, büzülü qalıb,
Şirin ləhcəm, xoş avazım – Kəlbəcər.

Nazını çəkmədik çiçəyin, gülün,
Bir ağır mahalın, bir ağır elin.
Düşdük girdabına biz daşqın selin,
Gəlməyəydi bax o yazın, Kəlbəcər.

GÖRƏSƏN

Yazdığım misralar qəm-kədər yükü,
Sonu puç sevdanın boş, hədər yükü.
Budur tale yükü – bu qədər yükü…
Ümidli bir şeirim varmı görəsən?

Sualı verən kim, cavab verən kim,
Mənim dərdlərimi axı, görən kim?
Bir ümid əkdim ki, ümid dərəm ki,
Ümidli bir şeirim varmı görəsən?

Baxma dən düşməyib hələ başıma,\
Cavan sayma məni, baxıb yaşıma.
Demə ki, daşürək çıxıb qarşıma,
Ümidli bir şeirim varmı görəsən?

İbrahim Səfərlinin sual-cavabı,
Almasın ürəkdən dözümü, tabı.
Yazıram, dadılsın sevincin dadı,
Ümidili bir şeirim varmı görəsən?

DEYİM

Qardaşım Məhəmməd Nərimanoğluya

Əziz qardaş, qönçə gülüm,
Qismət oldu xara, deyim?!
Yad olubdu qohum-qardaş,
Yox dərdimə çara, deyim?!

Xoş günü yox qürbət elin,
Doğma yurdun qədrin bilin.
Səsi yox Sarı bülbülün,
Bəlkə dərdin sara deyim?!

Ömrün yetkin çağlarında,
Soldu bağça, balarım da,
Bir ehtiyac dağlarında
Yaman düşdüm dara deyim.

İbrahimi əzəl gündən
Fələk salıbdı nəzərdən?!
Bəlkə Allah qəzbindən
Olub bəxtim qara, deyim?!

Penza, 1990

YAMAN YAŞADIM

Qaçqınam, köçkünəm, bilmirəm kiməm,
Bilirəm yamandan yaman yaşadım.
Nə vardı çiynimə şələ yükləyim,
Qəlbimdə dərd-qəmi haman daşıdım.

Elim vardı – urvatlıydı əzəldən,
Yaylaqlarda yatağımız xəzəldən.
Perik düşdü cavanları gözəldən,
Baba olub indi mənim yaşıdım.

Nə çəmən var, nə çiçəyi, nə gülü,
Ömür keçir hey yuxulu, mürgülü.
Bir daşım da qalmayıbdı hörgülü,
Öz əlimlə taxt-tacımı aşıdım.

Çiçəklərdən ətrini alırmı arı,
Getməmiş Qarnağın xarramış qarı?!
Ömrümüz olubdu günbəgün yarı,
Qalmayıbdı nə sevincim, nə şadım.

İbrahimi yesir saydı gədələr,
Dözəmmədi, dözəmməzdi dədələr.
Saralarmı nadan vuran zədələr?!
Pak ruhumu bədənimdən boşadım.

AĞLAMA

Yaman günün ömrü azdır, ay ana,
Belə qalmaz, ötüb-keçər, ağlama.
Kəlbəcər elinə zülm eyləyən
Əcəl şərbətini içər, ağlama.

Altun sarayların şamın söndürən,
Neçə zülmkarı dilə gətirən,
Fironu taxtından vaxtsız endirən
Yaxşını yamandan seçər, ağlama.

Bir elin varına göz dikənləri,
Nahaqdan torpağa qan tökənləri,
Saxta var-dövlətlə ev tikənləri
Zaman dəryazıyla biçər, ağlama.

İbrahim, Fələyin budur gərdişi,
Düşməsin heç kimin tərsinə işi.
«Günü günortadan qaytaran kişi»,
Bir qapı bizə də açar, ağlama.

Hacıkənd, 1994

GECƏLƏR

Tənhalığın şəkilini mən necə,
Qalmasaydım, çəkərdimmi gecələr?!
Ömürdən tək bircə xatirə qalar,
Qovuşsa həsrətlə vüsal gecələr.

Lal duyğular dil də açar, dillənər,
Dərdlər cövlan edər, zilə zillənər.
Kədər hücum çəkər elə, sellənər,
Həsrət donlu, baxışı lal gecələr.

Ay qaranlıq, çay da axır aramla,
Çarpışıram, vuruşuram yaramla.
İbrahiməm, Xan Çoban tək Saramla,
Üzür bizi belə bihal gecələr…

ALA GÖZLƏRİN

Bir xəyal çeşməsi durulub orda,
Könlümdən süzülə ala gözlərin.
Necə qıyım, sınıq könlüm dözərmi,
Ömürlük yollarda qala gözlərin?!

Yarın həsrəti də yara yaradı,
Düşməz dildən yar sevdası, yar adı.
Bu məhəbbət, yarım, bil ki, yaradı,
Uzanmasın çox da yola gözlərin.

Həyatımı verdim sən gözələ, sən,
Sağalar yaralar, sən gözələsən.
Vüsal leysanını sən döz, ələ, sən,
İbrahimi salar belə hala gözlərin.

AYRILIQ

Vətənə eşq dedim, ürəyə möhnət,
Kəsildi ömrümə yağı ayrılıq.
Nə gözdə nur qaldı, nə dizdə taqət,
Çəkibdi sinəmə dağı ayrılıq.

Çəmənə şeh düşmür, dağlara qırov,
Hürküb bərəsindən, görünmür bir ov.
Kəkliklər qayada, daşlarda girov,
Meyvədən salıbdı bağı ayrılıq.

Millət qara gündə, yas içindədi,
Zamana uğursuz tas içindədi.
Bənövşə gizlənib, kol-kos içindədi,
Qorxur ki, tapdaya yağı, ayrılıq.

Lalə, nərgiz, lilpar, maralçiçəyi,
Olublar həmişə dağlar göyçəyi.
Saralıb çəməndə gülün ləçəyi,
Unudulub ötən çağı, ayrılıq.

Ətək-ətək qırxbuğumu, yarpızı,
Toplayardı Kəlbəcərin hər qızı.
İbrahimə loğman olub qar-buzu,
Tapdanmamış bir də tağı, ayrılıq.

Hacıkənd, 1994

ANA

Ömür boyu qəmli gördüm üzünü,
Bircə yolsa üzün gülmədi, ana.
Qəm-qüssəli, məşəqqətli günlərin
Fələk taleyindən silmədi, ana.\

Sənsiz açılmayır gecəm sabaha,
Qalmadı ümidim, pənahım daha.
Çox yalvardım, çox yaxardım Allaha,
Dərdini mənimlə bölmədi, ana!

Pərinin dərdini çəkirdin elə,
Öz halın düşmədi bəs niyə dilə?!
Açıldı gül üzün, sevindin hələ,
Dağlara hay-haray gəlmədi, ana!

Minayəni düşünürdün, anırdın,
Sən Zöhrənin taleyinə yanırdın.
Mahirəni hey kimsəsiz sanırdın,
Sənin yoxluğunu bilmədi, ana!

Yurdsuzluq qəlbində yuva bağladı,
Dağ çəkib sinəmə dağın dağladı.
İbrahim sənin tək – dilsiz ağladı,
Ölmədi, ölmədi, ölmədi, ana!

Hacıkənd 3 may 2005-ci il.

AĞLADI

Dərddən qala qurdu anam, bir qala,-
Kimsəyə açmadı, pünhan ağladı.
İtkin qardaş, xəstə ata dərdinə
Cahanda tapmadı dərman, ağladı.

Cismini didirdi keçmişin dərdi,
Həsrət becərəndən dərd əkdi, dərdi.
Daldada sızladı, üzdə kiridi,
Etdi könülləri viran, ağladı.

Bir yandan yandırdı yurdun həsrəti,
Getmədi üzündən abır, isməti.
Bu imiş yəqin ki, köçkün qisməti,
Qürbət məzar oldu, üryan ağladı.

Yaş tökürdü, el eşitsə sözünü,
Görən dedi: «keçirmisən yüzünü?»
Qəm-qüssəli, nəmli görən gözünü\
İtirib dözümün hər an ağladı.

İbrahimin çox çəkmişdi arzusun,
İstəmişdi Tanrısından ruzusun.
Qismət imiş qərib məzar qazılsın,
Kənddə qalan bağlı Quran ağladı,
Can, ay ana, tufan, boran ağladı..

03 may 2005-ci il.

AĞILAR-BAYATILAR

Bir qara yel əsdi, hey,
Ümidimi kəsdi, hey!
Samirəsiz gəlmişəm,
Anam məndən küsdü, heyy!

Eləmi hər ayı,
Sızıldaram hər ayı.
Sənə yetmir, ay ana
Gülbənizin harayı…

Anamı anan ağlar,
Həm Sənan, Kənan ağlar.
Ələkbəri, Gülüsü,-
Canından yanan ağlar.

Qətibən qalıbdı yetim,
Olmaz belə ölüm-itim.
Sən gedəli, ay ana,
Küskünləşib sənətim.

Qara bulud gəldi hey,
Səmaları dəldi, hey!
Qan ağlayan, yaş tökən,
Tək gəzdiyin çöldü, heyy!

Yardıma əl açmadın,
Qızılgül tək saçmadın.
Sinən dolu getmisən,
Neçə ağı qoşmadın.

Eləmi qara yaz,
Al qələmi, qara yaz.
Çoxuna güllü bahar,
Bizə gəldi qara yaz.

Ana – Vətən qoşadı,
Ömürlük baş-başadı.
Hər ikisin itirdik,
Ümidlər göz yaşadı.