1957-ci il fevral ayının 18-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisaca rejissor-jurnalistdir.
Hal-hazırda Azərbaycan MEA-nın Ədəbiyyat İnstitutunun dissertantıdır. 1987-ci ildən 1993-cü ilədək Kəlbəcərdə çıxan «Yenilik» qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-95-ci illərdə «Respublika», 1995-2000-ci illərdə «Yeni Azərbaycan» qəzetlərində məsul katib, 2000-2003-cü illərdə «Gələcək», «7-ci qitə», «Yeni bəşər» və «Ozan» qəzetlərində redaktor və baş redaktor vəzifələrində çalışmış, 2003-cü ildən 2010-cu ilin aprel ayınadək Dövlətqaçqınkomun orqanı olan «Vətən səsi» qəzetinin şöbə müdiri vəzifələrində, həmin vaxtdan Azərbaycan Respublikasının Milli Məclisinin orqanı olan, rəsmi dövlət qəzeti – «Azərbaycan»da çalışır.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb, dövri mətbuatda məqalələrlə müntəzəm çıxış edib.
1994-cü ildə ilk kitabı («Dağların sinə dağı», «Azərbaycan» nəşriyyatı), 1995-ci ildə «Yurd göynərtisi» («Azərbaycan» nəşriyyatı), 1996-cı ildə «Ümid işığı» («Səda» nəşriyyatı), 1998-ci ildə «Dədə ocağı», «Qanlı köynəklər», «Qiyamətə qalan qisas» («Gənclik» nəşriyyatı) 2001-ci ildə «Kəlbəcər- Azərbaycanın qala qapısı», «Şərəfli ömürlərin işıqlı yolları» («Təfəkkür» nəşriyyatı), 2005-ci ildə «Kəlbəcər dünyası: yüz şairin bir kitabı», 2006-cı ildə «Kəlbəcər: sazın-sözün harayı», 2008-ci ildə «Heydər Əliyev: Astara – Azərbaycanın cənub mirvarisi», 2009-cu ildə «Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası», 2010-cu ildə «Kəlbəcər dünyası: folklor nümunələri», beş dildə (Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində) «Ağdaban faciələri» və «Kəlbəcər – təbii sərvətlər və möcüzələr diyarı», «Kəbədə möcüzə» (Bakı, «Adiloğlu», 2010) kitabları kütləvi tirajla nəşr edilmişdir.
Yüzlərlə kitabın naşiri və redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Ailəlidir, həyat yoldaşı Sadıqova Gülbəniz Vəli qızı xeyli müddət müxtəlif redaksiyalarda çalışmışdır, hazırda evdar qadındır.
İki oğlu (Sənan Sadıqzadə Azərbaycan Texniki Universitetini bu il bitirib, hazırda hərbi xidmətdə zabit kimi xidmət edir, Kənan Sadıqzadə isə Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsidir) var.
Ailəsi Kəlbəcərin Ermənistan tərəfindən işğal olunduqdan sonra Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşmışdır.

KƏLBƏCƏRİMİN

Əzəldən yaranıb hüsnü-tamaşa,
Vurğunam qışına Kəlbəcərimin.
Sübhün işığından axşam çağına
Dolanam başına Kəlbəcərimin.

Heyranam, vurğunam bulağa, çaya,
Aran haraylayır, tələsir haya.
G/öylərə ucalan min-min sal qaya,
Yaşıddı yaşına Kəlbəcərimin.

Baldı dodağımda şirin ləhcəsi,
Tarixdir, muzeydir hər bir guşəsi.
Məhəmməd, dövranın, zamanın səsi
Yazılıb daşına Kəlbəcərimin.

DAĞLARI

Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları?!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.

Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları.

Məhəmmədəm, ocağım yox bu yanda,
Qılınclar yamanca pas atır qında.
Hər «Novruz» günündə, bayram ayında
Dağlayır sinəmin dağı dağları.

HAYANA

Kəlbəcərdən özgə diyar görmədim,
Nəzər saldım nə zamandı ha yana.
Odu qalmaz hər doğulan övladın,
Yad ocaqda ha alışa, ha yana.

Çox dözmüşəm, əzab verib and içə,
Oğulsansa, bu torpağa and iç, ə!
Oğul odu el başına and içə,
Qeyrətindən kömək uma, hay ana.

Bu sinəmdə bir düyün var – yarandı,
Həsrətimi andısa da, yar andı.
Dərd köksümdə yara üstə yarandı,
Məhəmmədəm, verəmmədim hay, ana!

DÜZ ON ÜÇ İLDİ

Xəyalıyla qovrulduğum yurdum
Açılmır səhəri düz on üç ildi.
Yəhərsiz-yüyənsiz, həm də ki, nalsız
Minilir kəhəri, düz on üç ildi.

İzim düşmür cığırına, yoluna,
Meşəsinə, talasına, koluna.
Tamarzıyıq pətəyində balına,
Dadırıq zəhəri düz on üç ildi.

Zəngilan, Qubadlı, xan Şuşam hanı?!
Batdımı Ağdamın, Laçının qanı?!
Cəbrayıl, Füzuli… neçədi sanı?!
Dağılıb məhvəri düz on üç ildi.

Məhəmmədə hücum çəkir dərd-qada,
Həsrətdi bir isti ocağa, oda.
Qalıbdı yağıya, quldura, yada,
Neçə ləl-kövhəri düz on üç ildi.

Bakı, 2006

YAVAŞ-YAVAŞ

Ömür-gün yoldaşım Gülbəniz xanım Vəli qızına

Siz gedəli könlüm gülü saralır,
Alır bağça-bağı qış yavaş-yavaş.
Ağıl çaşıb, hövsələ də daralır,
Süzülür eynimdən yaş yavaş-yavaş.

Vədəni uzatdın həftədən aya,
Ötən hər anları düzürəm saya.
Ürək tablaşarmı bu ahı-vaya?!
Bağladın bağrına daş yavaş-yavaş?!

Könlümün gülüsən – güllü bənizim,
Ayrılıqdan istəyirsən mən bezim?
Həsrətin üzübdü canı, əzizim,
Gəl, uca dağları aş yavaş-yavaş.

Ocağımın odu sönüb havaxdan,
Bərəkəti yoxa çıxıb tavaxdan.
Məhəmmədin gözü yolda savaxdan,
Deyəsən, oluram çaş yavaş-yavaş.

ÖMRÜMÜN KÖÇKÜN İLLƏRİ

Gözlərimin yaşındadı,
Ürəyimin başındadı.
Erkən gələn qışındadı,
Ömrümün köçkün illəri.

Yaşdandı,
Gözüm yaşla yaşdandı.
Qəmnən cığırlandı üzüm,
Dedilər ki, yaşdandı.

Nə yaman ağrılı imiş,
Yarama naşımı dəymiş?!
Yardımlardan libas geymiş
Ömrümün köçkün illəri.

Odu söndü,
Ocağın odu söndü.
Bacarırsan sinəmdən
Sən qalxan odu söndü.

Odu sönən ocaqdı ki,
Bir körpəsiz qucaqdı ki,
Bərəkətsiz bucaqdı ki,
Ömrümün köçkün illəri.

Sındı əyilmdə piyalə,
Eşidilməz bu ah-nalə.
Çoxmu uzanacaq hələ
Ömrümün köçkün illəri?!

Dərdə məni,
Tuş etdin dərdə məni.
Dərdindənmi, ay ana,
Bükürdün dərdə məni?!
Məhəmmədə verib dərdi,
Bircə-bircə uddu mərdi.
Başdan-başa dərddi-sərdi,
Ömrümün köçkün illəri.

Dərd əməni,
Üzübdü dərd, ə, məni.
Baxışından tanıram
Qəm içib, dərd əməni.