AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

“İRAN İNQİLABI”NIN ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA ƏKSİ (“İran inqilabı” əsərinə əsasən)
Açar sözlər: İslam dünyası, Şərq xalqları, despotiya, fikri təsirlər, hərəkatlar, İran inqilabı
Key words: the world of İslam, the people of Eastern, despotisizm, mental influences, movements, İranian revolution
Ключевые слова: мир Ислама, народ Востока, деспотизм, духовные влияния, движения, Иранская революция

XIX əsrin sonları, XX əsrin əvvəllərində İranda baş verən ictimai-siyasi proseslər sözsüz ki, onun ədəbi-mədəni inkişafına öz təsirini göstərirdi. İstibdadın İran xalqının həyat və fəaliyyətinin hər sahəsində özünə yer alması, yeni, mütərəqqi fikirli ziyalıların təqib edilməsi, Avropa yeniliklərinin məqsədli surətdə dəyişdirilərək gətirilməsi ölkənin hərtərəfli inkişafının qarşısını alırdı. Ancaq fikri təsirlər xalqı oyanışa, inqilaba çağırırdı. Dövrün ayıq-sayıq və açıqfikirli ziyalılarından olan Əhməd bəy Ağaoğlu İranda gedən bu proseslərə biganə qala bilməzdi. Elə bu səbəbdən, yaradıcılığında İran mövzusu məxsusi yer tutmuşdur. Bu mövzuda ərsəyə gətirdiyi yazı və məqalələr Ə.Ağaoğlu yaradıcılığında problematika baxımından çoxsəpkili xarakter daşıyır. Belə ki, İran tarixi, farslıq və türklük, mövhumat, istibdad, şiəlik, qadın kimi problemləri o, İran mövzusu üzrə işləmişdir. Dövri mətbuatda İran həyatından mövzu almaq onun yaradıcılığında bu problemlərlə yekunlaşa bilməzdi. Xalqların maddi və mənəvi əsarəti məsələsi də Əhməd bəyin diqqət mərkəzində idi. Hələ Parisdə Sorbonna Universitetində təhsil alarkən İran tarixi, məişəti və həyatına dair məqalələrlə çıxış edən Ə.Ağaoğlu İran inqilabına da etinasız qalmamışdır. Bu və ya digər xalqı maddi və mənəvi istibdaddan xilas edəcək hər hadisəyə xüsusi həssaslıqla yanaşan ədib üçün İran inqilabı mövzusu, əlbəttə, ideal seçim idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində İranda mövcud olan vəziyyət, Müzəffərəddin şah, Məhəmmədəli şah, Nəsrəddin şahın yürütdüyü istibdad hakimiyyəti bu məsələnin qoyuluşu üçün kifayət qədər material verirdi. Çünki 1905-1911-ci illərdə baş tutan İran inqilabı İran xalqının istibdaddan azad olmasına və məşrutiyyə hakimiyyətinin qurulmasına zəmin yaratmaqla bərabər İranın, o cümlədən İslam dünyasının əqidəsinin “əskimiş fikirlər”dən qurtulmasında, Şərq xalqlarına azad ruh, demokratik düşüncə aşılanmasında da inqilab yaratdığı danılmaz faktordur. Bu baxımdan, Əhməd bəy Ağaoğlu da İran inqilabının müsəlman xalqlarının oyanışındakı rolunu yüksək qiymətləndirirdi.
Əhməd bəy Ağaoğlunun “İran inqilabı” əsəri ilk dəfə 1934-cü ildə “İran və inqilabı” adı ilə Türkiyənin Ankara şəhərində, Baş nazirlik mətbəəsində “1500 ilə 1900 arasında İran” adı altında çap edilmişdir. İkinci dəfə isə 1941-ci ildə İstanbulda nəşr olunmuş əsər “Ağaoğlu külliyyatı”nın üçüncü cildinə salınmışdır. Kitabı nəşrə Ə.Ağaoğlunun oğlu Səməd Ağaoğlu hazırlamışdır. “İran inqilabı” əsərində Əhməd bəy Ağaoğlu İran şahı Müzəffərəddin şah zamanında gerçəkləşən İran inqilabının baş tutma səbəblərini göstərməklə bərabər həmin dövrdə İranda mövcud olan ictimai-siyasi, sosial vəziyyəti də şərh edir. Əvvəlcə ədib Müzəffərəddin şah və onun fəaliyyətinin inqilabın meydana çıxmasındakı rolundan bəhs edir. Daha sonra inqilabın reallaşma səbəblərini və onun baş vermə prosesini bütün təfərrüatı ilə göstərməklə İran inqilabının tam mənzərəsini yarada bilir. İnqilab səbəblərini isə o, maddi və mənəvi olmaqla iki böyük qrupa ayırır. Maddi səbəblərə “idari uyğunsuzluq”, “sui-istifadə”, “cəbr və zülm”, “yoxsulluq və ehtiyac”, “əcnəbi hökmranlığı”nı, mənəvi səbəblərə isə “iranlıların xariclə münasibətlərinin artması və onların bir dərəcədə avropalılaşması”, “fikri təsirlər”, “Rusiyada və xüsusilə İran yaxınlığında Qafqaz və Azərbaycanda baş verən oyanma hərəkatları”nı daxil edir. Əsərin “İnqilabdan əvvəlki İranın maliyyə vəziyyəti” bölümündə ədib İranda mövcud olan iqtisadi-maliyyə vəziyyəti barədə təsəvvür yaratmağa çalışmışdır. O, bu bölümdə İranın inqilabdan əvvəlki idari və maliyyə vəziyyəti barədə ətraflı məlumat almaq üçün ingilis dilində yazılmış Ser Moryerin “Hacı Baba İsfahani” və Lord Kerzonun “İran və İran məsələsi” adlı əsərlərini oxumağı öz oxucusuna məsləhət görür. Hətta İngiltərənin İrandakı səfiri olmuş Moryerin əsərini Şükrü Qaya bəyin türk dilinə tərcümə etməklə məşğul olduğunda informasiya verir. Ədib “Hacı Baba İsfahani” əsərinin məzmununu yığcam şəkildə şərh edir. Həmçinin “İran inqilabı” əsərində Ə.Ağaoğlu Londonda nəşr olunan “Times” qəzetinin əməkdaşı L.Kerzon şəxsiyyətini oxucusuna tanıtmaq üçün onun avtobioqrafiyasına nəzərən məlumat verir. “İran inqilabı” əsərini ərsəyə gətirmək üçün ədib adı çəkilən iki əsərdən təsirləndiyini qeyd edir.
İnqilabdan əvvəlki İranda idari vəziyyətinin Səfəvilər dövründəkinin eynisi olduğunu bildirən Ə.Ağaoğlunun o dövrdəki idarə sisteminə dair verdiyi “fəqət əskidən vilayətlərin, qəzaların və nahiyələrin başlarına qəbilə rəisləri keçərkən sonralar bu üsul dəyişdirilmiş, daha mərkəzləşdirilmiş bir şəkil almış və təyinatlar bazarlıq üsuluna tabe tutulmuşdur” təkcə bu qeydi belə bizə çox şey deyir. Hərc-mərcliyin baş aldığı, məmuriyyətlərin satışa çıxarıldığı, idarə rəhbərlərinin “bazarlıq” üsulu ilə seçildiyi, xalqın isə ağır vergilərlə yükləndiyi bir üsuli-idarədə hansı demokratiya, inkişaf və firavan yaşayışdan söhbət gedə bilər?! Valilərdən alınan pullar, peşkəşlərlə (rüşvətlə), padşahın iltifatını qazanmaq üçün verilən “xələtlər”lə, şahın ziyarəti şərəfinə gətirilən hədiyyələrlə L.Kerzonun sözləri ilə desək, “şaha mədaxil təmin edilirdi”.
Əsərin bu bölümündə təbəələr hesabına dolanan iki növ tüfeyli dəstəsindən də söhbət açılır. Belə ki, birinci növ tüfeylilər böyük məqam sahibinin çıxışları zamanı izdiham yaratmaq kimi peşə sahibi idilər. Onlar bu işə görə sahiblərindən muzd almırdılar və bunu öz sahiblərinə sədaqət göstərmək xatirinə edirdilər. Ə.Ağaoğlu bu izdihamlar barədə yazırdı: “İranda bu kimi izdihamlar nə qədər ziyadə olurdusa, məqam sahibi də o nisbətdə əzəmətli sayılırdı” (1, 130). Ədib ikinci növ tüfeyli dəstəsinə münşilər, mirzələr, müstövfilər daxil edir. Məqam sahibindən qopardığı bəxşişlər hesabına dolanan bu qisim insanlar isə bir növ vəzifə sahibinin “katibləri” sayılırdı. Ə.Ağaoğlu onların fəaliyyətini təsvir etmək məqsədilə yazırdı: “Bunlar hər yerdə məqam sahibinin ardınca gəlirdilər, qələm-davatları və kağızları ciblərində olur, istənilən yerdə divan qurulur və bunlar işə başlayırdılar” (1, 130). O, əsərdə L.Kerzondan sitat gətirərək cərimə məsələsinə də toxunur. Bir yavərdən duyduğu yanlış xəbərlə bir bölüyün fərdlərini heç bir araşdırma etmədən öldürən şah yavərə külli miqdarda cərimə kəsməklə kifayətlənir. Öldürülən şəxslərin ailəsinə verilən “bəşər” pulu yavər üçün təyin edilmiş külli miqdarda pul məbləği olan cərimə hesabına ödənir, qalan pul isə “şah mədaxili”nə gedirdi.
Əsərin “Ədliyyə sistemi” bəhsində şəriət qanunları ilə, mollalar və müctəhidlər tərəfindən idarə olunan şəri məhkəmələr və hüquqi məsələlərdə tətbiq olunan və yerli valilər tərəfindən aparılan mülki məhkəmələrdən bəhs açılır. Mahiyyət etibarilə bir-birilə eynilik təşkil edən bu məhkəmələrdə hüquq və əxlaq pozğunluğu hökm sürürdü. Ədib bununla bağlı olaraq İranda yaranan durumu “hər hansı bir məsələnin zühurunda tərəflər öz aralarından bir ağsaqqallar heyəti seçirlər və bu heyətin verdiyi qərara avtomatik surətdə itaət edirlərdi” sözləri ilə göstərirdi. Əsərin “Ordu” adlı bölümündə İran ordusunun qurulma tarixinə ekskurs edən Ə.Ağaoğlu inqilabdan əvvəlki İranın zəif hərbi qüvvəyə və zəif hərbi texnikaya malik ordusunun olduğunu bildirir. “Ticarət və maliyyə vəziyyəti” adlı hissədə isə üç dəfə Avropaya səyahət etmiş Nəsrəddin şahın dövründə mövcud olan ticari və maliyyə vəziyyətinə nəzər salınır. Gözdən pərdə asmaq üçün Nəsrəddin şahın gətirdiyi “yeniliklər” burada öz əksini tapır. Şah tərəfindən sərbəst müzakirə haqqı verilən “Dövlət Şurası”nın əbədiyyən “xamuşan” (“səssizlər”) məclisi ləqəbini qazanması, birbaşa padşaha ərz ediləcək şikayətnamələr üçün qoyulan “şikayət qutuları”na atdığı şikayətə görə Tehran valisindən qırx dəyənək yeyən ilk şikayətçi nümunəsində “qutular”ın boş qalması, “Mədrəsətül-Şah” adını daşıyan Avropa tipli məktəb təşkil edən Nəsrəddin şahın gənclərə Avropaya getməyi qadağan etməsi bu “yeniliklər”in görüntü xarakterli olmasının birbaşa təcəssümü idi. “İnqilabın mənəvi amilləri” bəhsində isə ədib Seyid Əli Məhəmmədin babilik hərəkatı, Seyid Cəmaləddin Əfqaninin fəaliyyəti, Qərb ilə ticarət əlaqələrinin artması, Avropa ölkələrinə imkanlı ailələrin uşaqlarının təhsil üçün getməsi, Avropa missionerləri tərəfindən məktəblərin yaradılması, İstanbulda “Əxtər”, Tiflisdə “Əkinçi”, Bakıda “Həyat”, “İrşad” qəzetlərinin və “Füyuzat” jurnalının nəşr edilməsi İran inqilabına təkan verən mənəvi amillər sırasına daxil edir. Türkiyə, Rusiya və Hindistanda gedən oyanma hərəkatları İran xalqı üçün də təsirsiz ötüşmədi. Rusiyada gedən inqilabi hərəkatlarda “hər xalq öz müqəddəratını özü təyin edir” şüarı istibdad və Nəsrəddin şah zülmündən cana gəlmiş xalq üçün bir fikri oyanışa səbəb oldu. Əsərin “İnqilabın tarixçəsi” hissəsində ingilis təbəəsi Talbotun “tənbəki inhisarı”nın İran bankına külli miqdarda zərər vurması hadisəsi xalqın ayağa qalxmasına gətirib çıxartdı. Nəsrəddin şah Talbota verdiyi imtiyaznaməni ləğv etməli oldu. Bu hadisələr isə şahın nüfuzunu xeyli zəiflətdi. Nəsrəddin şahın qəfil ölümü isə inqilabın başlanmasını sürətləndirdi. Şahın vəfatından sonra hakimiyyət başına Müzəffərəddin şah keçdi. Rus tərəfdarlar Nəsrəddin şahın sədrəzəmi Atabəy Əzəmin, ingilis tərəfdarları isə Əminüssultanun simasında Müzəffərəddin şahın yanında təmsil olunurdular. Ə.Ağaoğlu şahın iradə zəifliyi göstərərək gah o tərəfə, gah bu tərəfə meyil etdiyini bildirirdi. Müzəffərəddin şah bu iki qüvvə arasında seçim etməkdə və müstəqil qərar verməkdə acizlik göstərirdi. Buna görə də İran bir növ Rusiya ilə İngiltərə arasında qalmışdı. Lakin xalqın inamlı mübarizəsi nəticəsində Müzəffərəddin şah xalqın seçdiyi Müşiriddövləni sədr-əzəm vəzifəsinə gətirir. Şah vəliəhdi Məhəmmədəli ilə birgə məşrutəni (konstitusiya) imzalayır. “Məhəmmədəli şah” bölümündə də inqilabın gedişatı ardıcıl izlənilir. Müzəffərəddin şahın vəfatından sonra şahlıq taxtına oturan Məhəmmədəli şah əcnəbilərlə əlbir olmasına baxmayaraq inqilabi qüvvələr qarşısında duruş gətirə bilmir və İranı tərk edir. İsfahan mücahidlərinin başçısı Sərdar Əsəd bəy on üç yaşlı Əhmədin şah elan edilməsi xəbərini verir. Əsərin sonuncu bölməsi olan “Əhməd şah”da isə ümidləri doğrultmayan, Avropa əyləncələrinə qurşanan Əhməd şah ədib tərəfindən tənqid olunur və Rza Pəhləvinin məşrutiyyət üsulu ilə İranı idarə etməsini isə alqışlayır.
Göründüyü kimi, Ə.Ağaoğlunun bu əsəri həm də tarixi səciyyəsi baxımından da olduqca böyük əhəmiyyət daşıyır. Əhməd bəy Ağaoğlunun “İran inqilabı” əsəri görkəmli mütəfəkkirin XIX əsrin sonları, XX əsrin əvvəllərindəki İrana, orada gedən proseslərə və İran inqilabına münasibətini öyrənmək üçün kifayət qədər faydalı material verir. Həmçinin ədibin əsəri ərsəyə gətirməsini çar hakimiyyətində olan xalqını inqilaba hazırlamaq məqsədi ilə də bağlamaq olar. Axı onun da xalqı XX əsrin əvvəllərində istibdad zülmü ilə əzilməsində İran xalqından heç də geri qalmırdı. İran inqilabı konstitusiyalı monarxiyanı İrana gətirə bilmişdi. Azərbaycan xalqı isə zamanla müstəqil, demokratik respublika yarada bildi. Çar zülmündən qurtaran xalq Sovet istibdadından da qurtulmağı və müstəqil olmağı bacardı.
Ədəbiyyat:
1. Ağaoğlu Ə. Seçilmiş əsərləri. (Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı, Şərq-Qərb, 2007, 392 s.
2. Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı, Ərgünəş, 2014, 264 s.
3. Hüseynov Ş. Əhməd bəy Ağaoğlunun görüşləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1998, 128 s.

Tahmina Valiyeva
THE REFLECTİON OF “İRANİAN REVOLUTİON” İN AHMAD AGHAOGHLUꞌS WORKS
SUMMARY: Ahmed Bey Aghaoghlu’s work- “The İranian Revolution” was dedicated to the İranian Revolution, which took place in 1905-1911. İn this work, he commented on the publical-political and social situation of İran in the late 19th and early 20th centuries. As well the writer had showed that the causes of the İranian revolution. He divides these causes in two groups – into material and spiritual factors. A.Aghaoghlu has gave the example of Atabey Azam and Aminissultan on the role of English and Russian forces in the İranian government.
The activity of İran kings – Nasreddin Shah, Muzaffereddin Shah, Mammadali Shah and Ahmed Shah has been described with all of their sides in this work. İn the period of their activity, different issues were raised about conditions of in the İran by the writer. Ahmad Aghaoghlu also points out to the progress of the İranian revolution there. At the same time, he has described all of happens in details. He applauded Reza Shah Pehlevi restoration of constitutional monarchy. “İranian revolution” gives valuable material to study the social and political life of İran in the late 19th and early 20th centuries, as well as focus on the unprecedented role of the revolution in the minds of the people.

Тахмина Валиева
ОТРАЖЕНИЕ «ИРАНСКОЙ РЕВОЛЮЦИИ» В АХМЕДА БЕЯ АГАОГЛУСКИЕ ПРОИЗВЕДЕНИЯ
РЕЗЮМЕ: Произведения Ахмеда Бея Агаоглу – «Иранская революция» была посвящена иранской революции, которая произошла в 1905-1911 годах. Он прокомментировал общественно-политическое и социальное положение Ирана в конце 19 и начале 20 веков в нем. Также писатель показал, что причины иранской революции. Он делит эти причины на две группы – на материальные и духовные факторы. А.Агаоглу привел пример Атабея Азама и Аминисултана о роли английских и русских войск в иранском правительстве.
Деятельность иранских королей – Насреддин-шаха, Музаферддин-шаха, Мамедали-шаха и Ахмед-шаха была описана со всеми их сторонами в этой работе. В период их деятельности писатель поднимал разные вопросы об условиях в Иране. Ахмад Агаоглу также указывает на ход иранской революции. В то же время он подробно описал все происходящее. Он приветствовал реза шаха Пехлеви о восстановлении конституционной монархии. «Иранская революция» дает ценный материал для изучения общественной и политической жизни Ирана в конце 19-го и начале 20-го веков, а также акцентирует внимание на беспрецедентной роли революции в сознании людей.

Rəyçi: Vüqar Əhməd
filologiya elmləri doktoru, professor