AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

Açar sözlər: mənəvi əsarət, daxili saflıq, xalq və dövlət, demokratik dövlət, despotizm, azad cəmiyyət
Key words: spiritual slavery, internal purity, people and state, democratic state, despotism, free society
Ключевые слова: духовное рабство, внутренняя чистота, люди и государство, демократическое государство, деспотизм, свободное общество

1918-1920-ci illərdə mətbuat və ədəbiyyatda müstəqilliyin qazanılmasından irəli gələn sevinc, qürur, rəğbət hislərinin tərənnümü yer alır, onun əbədi qorunması ideyası təbliğ edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin gətirmiş olduğu milli azadlıq ideoloji xətti Əhməd bəy Ağaoğlu yaradıcılığına da təsirsiz ötüşmədi. Böyük türk lider M.K.Atatürkün əqidə yoldaşı olan Əhməd bəy Ağaoğlu əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. O, ayrı-ayrı əsərlərində türkçülük, islamçılıq, millətçilik ideyalarının əsas təbliğçisinə çevrilsə də, milləti “mənəvi əsarətdən” qurtarmaq və hələ də “iç zəncirləri” ilə yaşayan xalqa azadlıq əqidəsini aşılamaq ideyası “Sərbəst insanlar ölkəsində” adlanan əsərinin başlıca motivini təşkil edir. Xalqın öz azadlıq hüququnu dərk etməsi və “mənən” azadlığa qovuşması ilə demokratik dövlət və cəmiyyət yaratmaq iqtidarında olduğunu Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı əsərində başlıca motiv seçmişdir.
Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı fəlsəfi traktatını İstanbul şəhərində ilk dəfə 1930-cu ildə “Cümhuriyyət” qəzetində hissə-hissə çap etdirmişdir. Əsərin müqəddiməsində yer alan müəllifin “xalqımın göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində diqqətinizə yetirmək cürəti verdi” (1, 21)- sözləri əsərə olan maraq və istəyin göstəricisi idi. Beləliklə, həmin ildə “Sanayi natişe” mətbəəsində kitab şəklində çap olunur. Əsərin AXC-nin süqutundan sonra yazılması təsadüfi deyildi. İki ilə yaxın ömür sürən dövlətin müstəqillik amallarını yaşatmaq və yenidən müstəqillik hüququ əldə etmək üçün Azərbaycanın vətənpərvər, savadlı ziyalılara ehtiyacı vardı. Öz azadlığının dəyər-qiymətini anlaya bilməyən və hələ də daxili zəncirlərlə yaşayan xalqın ayılmağı, müstəqilliyi dadması, istibdad zülmündən can qurtarması gərək idi. Bu isə xalqın ideya, məfkurə birliyi sayəsində baş verə bilərdi. Ağaoğlu da əsəri bu məqsədlə ərsəyə gətirir və demokratik dövlət quruculuğu ideyası mənəvi buxovlardan azad olunmaq ideya paralelliyində şərh olunur. O, xalqın azadlıq şərabını daddıqdan sonra yenidən qəflət yuxusuna dalmağını zehniyyətə hopmuş buxovlarla, mənəvi əsarətin bilavasitə əksi kimi hələ də daxili zəncirlərlə yaşamaqda görürdü və xalq azadlığının əbədiliyini mənəvi əsarətdən qurtuluşla əlaqələndirirdi.
Əsərin müqəddiməsində onun yazılma məqsədini açıqlayır: “Bu aciz müəllif də türk millətinin bir fərdi olmaq etibarilə, o xüsusiyyətləri necə təsəvvür etdiyini, necə mənalandırdığını bu kiçicik əsərdə yazmaq istədi” (1, 20). Hekayə şəklində yazdığı əsərdə müəllif türk millətinin bir fərdini “sərbəst insanlar ölkəsinə” aparır, Türkiyə Cümhuriyyətinin qurucuları (onlar əsərdə “pir” adlandırılır) ilə görüşdürür, onların ideologiyası ilə tanış edir. Siyasi-fəlsəfi esse janrında yazılmış əsərin müqəddiməsində görkəmli fransız ideoloqu Şarl de Monteskyönün “Qanunların ruhu” əsərinə xitabən üç üsuli-idarənin (istibdad, monarxiya və respublika) səciyyəsindən danışaraq üstünlüyü hakimiyyətin xalqın əlində cəmləşdiyi respublikaya verirdi. Əhməd bəy Monteskyönün “istibdad qorxuya, monarxiya şərəfə, respublika fəzilətə dayanır” fikrinə şərik çıxır, bu bölgünün hələ də məna və əhəmiyyətini itirmədiyini bildirirdi. O, üsuli-idarədə iştirak etmək səlahiyyəti olan insanların yüksək vəzifə, məsuliyyət duyğuları və üstün əxlaqi dəyərlərlə silahlanmağın lazımlığını qeyd edirdi. Respublika idarə üsulunun xalqdan bəzi mənəvi özəlliklər tələb etdiyini bildirir və “respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir”. “Vətəndaş fəziləti”nin mahiyyəti və respublika quruluşunda xalqın vəzifə və rolunun və respublikanın mənəvi-əxlaqi əsaslara söykənən ideologiyasının izahı şərti olaraq, “fərd” adlandırılan əsarətdən qurtulmuş şəxsin “Sərbəst insanlar ölkəsi”nə səfəri timsalında verilir. Əhməd bəy Ağaoğlunun epik təsvir üslubunda yazdığı bu əsər “Mən bir əsir idim, azad olmaq istədim”, “Sərbəst insanlar ölkəsinin Əsas Yasası (qanunu)”, “Azadlıq bir güldür”, “Yalan, riya və yaltaqlıq”, “Azadlıqla casusluq”, “Bir mitinq: natiqlərin sözləri”, “Xalq idarəsində dövlət”, “Sərbəst məmləkətdə nəzarət işi”, “Xüsusi bir evdə verilən konsert”, “İnsanlar qorxaq doğulmurlar”, “Kinoda görüb eşitdiklərim”, “Azadlıq və xarakter”, “Sərbəst ölkənin akademiyasında”, “Ziyalılar zümrəsinin mövqeyi”, “Ruhların və qəlblərin təmizliyi”, “Hürriyyət və fikir ayrılığı”, “Parlamentdə nələr gördüm”, “Universitetdə və institutda”, “Yaşayış sadəliyi”, “Azad insan ac qalmaz”, “İradəmə yeni qüvvət gəldi” kimi bölmələrdən təşkil olunmuşdur və eləcə də, bölmələrin hər birində pirlərlə söhbət prosesində qoyulan məsələlərə siyasi və mənəvi-əxlaqi kodeksdən yanaşmanın şərhi yazıçı məramının daha aydın şəkildə açılmasına yönəlmişdir.
Əsərin ekspozisiyasında baş qəhrəman demokratik əsaslar və əxlaqi dəyərlər zəminində qurulan Sərbəst insanlar ölkəsinə gəlir. Azad olmaq niyyəti ilə zəncirlərini qırıb qala divarlarını aşan fərd geniş bir çöldə hara gedəcəyini, nə edəcəyini bilmir. Bir qədər getdikdən sonra iki yol ayrıcına çatır, burada yerə basdırılmış bir dirəyin üstündə yazılmış yazını oxuyur – sol tərəf – azadlıq, sağ tərəf – köləlik yoludur. Müəllifin qəhrəmanını iki yol ayrıcında, iki seçim qarşısında qoyması təsadüfi ola bilməzdi və oxucusuna iki seçim yolu göstərir- Azadlıqmı? Əsarətmi? Əsarəti “dadmış” şəxs azadlıq, qurtuluş yolunu seçib irəliləyir və budur, qala qapısının üzərinə qızıl hərflərlə yazılmış lövhəni oxuyur: “Sərbəst insanlar ölkəsi”. Qala keşikçilərinin “Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı?”- sualı onu çaşdırır və respublikanın mənəvi ideologiyasının ilkin əsasları – tamah, doğruluq, həqiqət, ləyaqət konsepsiyalarına ilk işarələr verilir. Düzdür, onlara “bəli” cavabını verir, ancaq bunların azadlıq ilə əlaqəsini anlaya bilmir. Bu etik-mənəvi konsepsiyaların mahiyyəti onun pirlərlə söhbətində açılır. Pirlərlə söhbəti zamanı özü barədə məlumat verərkən, qəhrəmanın dilindən onun yurdunun keçdiyi tarixi yola nəzər salınır. “Sərbəst insanlar ölkəsi”nin Əsas Yasası ilə tanış olanda isə azadlığa çatmağın necə çətin olduğunu anlayır, tərəddüdlərə qapılması, özü ilə fikir mübadiləsi aparması Ağaoğlunun azad olmaq sadəcə zahiri zəncirləri qırmaqla yekunlaşmır, daxili zəncir və buxovlardan qurtulmaq ideyasının açılmasına yönəlir. On dörd maddədən ibarət olan “Sərbəst insanlar ölkəsi”nin Əsas Yasasının sonunda “bu maddələri əzbərləmək və onlara əməl etmək hamının “vətəndaşlıq borcudur” – sözləri yazılmış və qanunların “ümumi əsaslar” başlığında aşağıdakı maddələr ehtiva olunurdu:
1. Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
2. Tamahlarına yiyə dura bilməyənlər azad ola bilməzlər.
3. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.
“Sərbəst insanlar ölkəsinin əsas yasası (qanunu)” adlı ikinci başlıqda isə aşağıda göstərilən maddələr yer almışdır:
1. Azadlıq doğruya və cəsarətə söykənir.
2. Yalan sərbəst insanlar ölkəsində tamamilə qadağandır. Bu azara tutulan ölkə xaricinə çıxarılır.
3. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqla daşa tutulurlar
4. Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılır
5. Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz
6. Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır
7. Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar
8. Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər
9. Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar
10. Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər
11.Ölkə işlərini görmək yalnız təcrübə və ixisas sahiblərinin haqqıdır.
12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər
13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdırlar. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar
14. Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl etmək hər bir vətəndaşın borcudur. (1, 26-27)
Oxuduqları qarşısında mat-məəttəl qalır. Axı o, bu günə qədər bunların tam tərsini eşitmişdi, görmüşdü. Necə yəni yaltaqlıq, ikiüzlülük və hiyləyə görə ölkədən xaric olunasan, əksinə belələri onun yaşadığı cəmiyyətdə daha irəli gedirdi. Necə yəni vətəndaş məmurdan fəaliyyəti barədə hesabat istəsin.
Bəli, “Sərbəst insanlar ölkəsi” vətəndaşlarının vəzifələrindən biri də türkünün əzbərlənməsi idi. Qəhrəman türkünü oxuyub onun təsirindən az qala huşunu itirsin.
“İnsan kainatın şüurudur,
Ona tapınıb, onu müqəddəs sayırıq.
Azadlıq şüurun müqəddəs cövhəridir,
Onu sevib, ona bağlanmışıq.
Sərbəst insanlar ölkəsi şüurun və azadlığın məbədidir,
Ona sığınıb, ona güvənirik” (1, 29)
Qəhrəmanın rəfdəki kitablardan birində “Sərbəst insanlar ölkəsinin tarixçəsi” başlığı diqqətini çəkir. Oxumağa başlayır və oxuduqca onu dəhşət bürüyür. Bəli, bu bir tarix deyil, faciə idi. Bu azadlıq yüzillərcə aparılan mübarizə sayəsində ərsəyə gəlmişdir. Neçə-neçə qanlar axıdılmış bu günkü sakin küçələrdə…
O, iki gün sonra pirlərlə söhbətə yenidən başlayır və bu ideologiyanın mahiyyəti və mənası ölkəyə yeni təşrif buyurmuş insana izah edilir. Əsərdə azadlığın mahiyyəti barədə belə izahat verilir: “Yəqin bağçada çalışarkən bir ağacın, bir gül yaxud bir çiçəyin tutub yetişməsi üçün o ağacın, gülün, o çiçəyin təbiətindən irəli gələn şərtlərlə hesablaşmaq lazımdır. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir.
– Hansı şərtlərdən söhbət gedir?
– Ölkəmizin türküsü ilə tanış oldunuzmu?
– Oldum.
– Orada deyilir ki, azadlıq şüurun cövhəridir, şüur da insandır. Ona görə, bu cövhəri cilalayarkən insandan göz-qulaq olmalısan. İnsana da baxmasan, cövhər tutmaz. Uzun zamandan qəlbə, ruha hopmuş istibdadı silib atmaq asan məsələ deyil. Bəzən sizə elə gələ bilər ki, artıq istibdad yıxılıb. Ancaq həqiqətə qalanda, onun hər tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. Tutalım, görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə “azadlıq” bağıranlar, qonşusunun azadlığına dözə bilmirlər. Özləri başqalarının azadlığı ilə toqquşanda qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər!” (1, 32)
Ruha, qəlbə hakim kəsilmiş istibdad azarının kökünün kəsilməsi, istibdad taxt-tacının qəlblərdən yıxılması asan məsələ deyildi. Azadlığa çatmış adam artıq bu vəzifə və məsuliyyət yükünün ağırlığını hiss edir və ölkə qanunlarında yer alan maddələrin mahiyyətini anlamaq üçün söhbətə davam edir.
Yalan, ikiüzlülük, yaltaqlıq – maddəsinin mahiyyətini şərh edən pir yalanı “zəiflərin, zəlillərin, qorxaqların işi” adlandırır. Axı azadlıq doğruluğa, cəsarətə söykənir. Yalan həqiqətin gizlədilmə vasitəsidir və həqiqətin gizləndiyi yerdə yalançı inanclar hakim olur. Bir xalq arasında yalanın kökünün kəsilməsi işini bir tərbiyə məsələsi adlandıran pir bu işə ailə və məktəbdən başlanmasını labüd bilir. Müəllim və valideyn etalonu uşaq tərbiyəsi üçün ən təsirli vasitədir. Uşaq ailə və məktəbdən cəmiyyətə gələndə yalanın iyrənc azar olduğunu dərk etməlidir. Yox, əgər əksinə, məharətlə söylənmiş yalanı “ağıl nümunəsi” hesab edildiyi və yalanla əldə edilən uğurun alqışlandığı cəmiyyətdə yalançılıq azarının kökünün kəsilməsi mümkün deyildir. Hər bir şəxs cəmiyyətin bir nümayəndəsi kimi şəffaflığı nümunə götürdüyü və riyadan uzaq durduğu halda bu azarı qəlblərdən və şüurlardan tamamilə silib atmaq mümkündür.
Vəzifə və güc sahiblərinin öyülməsi və onlara sitayiş edilməsi maddəsi barədə yeni sakin “bəs ədəbiyyatdan bildiyimiz neçə-neçə parlaq qəsidənin, yəni heç qiyməti yoxdur? Axı bu da bir gerçəkdir ki, min cür nemət və səadət bu güc və yüksək vəzifə sahiblərinin əlindədir. Belə isə, onların qürurunu oxşamaq təbii sayılmazmı?” sözləri ilə özünün yaşadığı cəmiyyətin reallığını ortaya qoyur və əlbəttə, bu cür şərtlər altında yaşamış insanın indi düşdüyü cəmiyyətdə vəzifə sahiblərini öyən, məddahlıq edən insanlar ölkədən xaric olunması onda sual doğururdu. Pir “yaltaq adamda şərəf və sayqı-sevgi olmaz. Bu cür adam söz dediyi insanı da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar”- deyir və Şərq qəsidəxanları özləri də bilmədən millətlərinə ən böyük pisliyi etmişlər və bu cür şeirlər insanda mənən kasad xislətlərin yaranmasına səbəb olmuşdur. Ağaoğlu azad cəmiyyətin ədəbiyyatı üçün varlığa tənqidi münasibət nə dərəcədə vacibdirsə, mədhiyyə və ucdantutma tərif o qədər zərərlidir qənaətində idi və hətta azad olmaq istəyən ölkələrin məktəblərində hələ də qəsidələrin tədris olunmasını təəssüflə bildirirdi. Həmçinin, Pir hörmət anlayışını yaltaqlıq və baş əyməklə yarınmaqdan tamamilə fərqləndirir və gerçək hörmətin sevgiyə, səmimiyyətə və doğruçuluğa dayandığını qeyd edir. Yaltaq və riyakar insanların tüfeyliliyi bir də o zaman üzə çıxır ki, onların tərifləyib göyə qaldırdıqları adamın “bəxti bir balaca üz döndərir”. Bu cür insanlar göyə qaldırdıqları həmin adamı “sancmağa” başlayır və digər tərəfdən, yeni mənsəb sahibinin ətrafını bürüyürlər. Belə mənfi sifətlərin yayılmasında cəmiyyət günahkardır. Cəmiyyət taleyini kimə etibar etdiyini bilməli və min ildə bir doğulan böyük şəxsiyyətlərindən bacardıqca çox faydalanmalıdır.
Qanunun IV maddəsində “çuğulçuluq edənlər sərbəst ölkənin vətəndaşı ola bilməz” göstərilirdi. Pir “çuğulçuluq olan yerdə azadlıq olmaz, azadlıq olan yerdə də ondan-bundan çuğulluq etmək” (1, 40)- fikrini istibdadın hökm sürdüyü ölkələrdə gizli xəbərçiliyi ən qüdrətli vasitə kimi istifadə olunduğunu və bunun insanlar arasında nifaq, şəkk-şübhə doğurmaq məqsədilə işlədildiyi fikirləri ilə əsaslandırır. Çuğulluğun olduğu yerdə kimsə kimsəyə inanmaz, doğruluq aradan qalxar və istibdad yenə kök salar.
Duyduğu izahatlar adamın fikirlərini alt-üst edir və bir qədər düşünmək üçün Azadlıq parkına yol alır. Parkda ilk dəfə azadlıq bayrağını qaldıran şəxsin heykəli ucaldılmışdı. Burada bir mitinqə rast gəlir və nitqlərə qulaq asmağa başlayır. Dinlədiyi nitqlərin birincisində gənc bir kişi hökuməti tənqid edir və hələ də işsiz adamların gəzdiyini ölkədən ötrü bir ayıb hesab edirdi, ikincidə yaşlı bir kişi gənclərin pula, qazanca qaçıb, iş adamı olmaq həvəsi ilə yüksək bəşəri duyğulardan uzaqlaşdığını qeyd edir və maarif sisteminin dəyişdirilməsi tələbini irəli sürürdü; üçüncüdə gənc qadın kişi-qadın hüquqlarına toxunub, “axı necə ola bilər ki, qadının doğub bəslədiyi oğul vəzifə tutsun, amma qadın yox?” sözləri ilə qadınların fizioloji zəifliyinin bəhanə edildiyini pafosla deyirdi. Ədib qəhrəmanını ən çox heyrətləndirən cəhət natiqlərin nitqləri və ədalarının etik, səmimi, hörmətcil əsaslarda qurulması və fikirlərinin inandırıcı səslənişi idi. Öz ölkəsində isə tənqid təhqirlə, söyüşlə ifadə olunurdu. Öz-özünə “bax, indi anladım ki, azad olmaq yalnız istəyə və arzuya bağlı deyilmiş! İnsanın özünü tərbiyə edib, kübar olması lazım imiş!”,- dedi.
Sərbəst insanlar ölkəsi qanunlarının onuncu maddəsində ölkənin vətəndaşları arasında həmrəyliyin təmin olunması, hamının bir yumruq altında birləşməsi ifadə olunurdu. Ölkənin həmrəylik prinsipini pir “burada vətəndaşlıq bir tordur ki, içinə girən insanlar bir-birinə bitişik halqalara bənzəyirlər”- sözləri ilə şərh edir. İstibdad quruluşu eqoizm, mənbazlıq aşılayır və insanların bir-birinə yaxınlaşmasına imkan vermir. Qəhrəmanı ən çox düşündürən məsələ idi- xalqın idarə etdiyi dövlət!. Qanunların 11-ci maddəsində ölkə işlərini görmək üçün bacarıqlı olmaq əsas şərt kimi qeyd olunurdu. Burada “bacarıq” məfhumu “azad olmayan məmləkət” və “hakimiyyətin xalqın əlində olan məmləkət” kontekstində şərh edilmişdir:
– Azad olmayan ölkəni tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən daha çox, həmin şəxsin şıltaqlıqlarının yerinə yetirilməsinə diqqət edilir. Belə yerlər işbilməzlər üçün sərfəlidir. axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə dəyər verilir. Beləcə, tək ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır.
Amma o yerdə ki, hakimiyyət xalqın əlindədir, ölkəni xalqın öz arasından seçdiyi adamlar idarə edir. Ölkə başçısı və hakimiyyət üzvlərinin işi sadəcə ölkənin iqtisadi məsələlərini həll etmək və xarici dövlətlərlə münasibətlərini tənzimləmək deyil, maarif, sosial və sənaye sahələrində də səriştəli olmalıdır. Səriştəsiz adam onların altından çıxa bilməz. Buna görə də xalq etibar etdiyi və səriştəli adamları hakimiyyətə gətirir. Çünki xalqın, millətin taleyi onların əlindədir və taleyi etibarlı əllərə vermək gərəkdir” (1, 50-51).
Sərbəst insanlar ölkəsinin dövlət idarəçiliyində nəzarət işi qəhrəmanın xüsusilə diqqətini çəkir və “nəyə lazımdır nəzarət?, həqiqətən də ölkə idarəçiliyinə nəzarət etmək mümkündürmü?”,- sualları xeyli düşündürürdü. Pirin nəzarət barədə verdiyi izahat da maraqlı idi. “Sərbəst ölkədə məmurlar diqqətlə seçilir. Unutmaq olmaz ki, hakimiyyət və güc pozucu amillərdir. İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət sürənlər qıraqdan baxan, görən və lazım olduğu zaman tənqidə tutub qınayan gözlərin olduğunu bilməzlərsə, özləri fərqində olmasalar belə, bu həvəsləri artar və axırda zorakılıq yoluna düşərlər. O səbəbdən, idarə edənlərin öz şərəfləri üçün də nəzarətin olması vacibdir. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli hüdudları aşmamağa çağırar” (1, 51). Nəzarətin azad olmaq qədər çətin bir iş olduğunu qeyd edən pir nəzarətin xəbərçiliklə qarışıq salınmamasını xüsusi vurğulayır. Yalan, şayiə və böhtan işi nəzarət etmək deyil. Nəzarətçi çuğulçudan fərqli olaraq, başqasını ləkələmir. Həqiqətə dayanaraq haqqın qorunmasına çalışır. Əsər qəhrəmanı Sərbəst ölkənin Əsas Yasası ilə tanış olanda “hər bir məmur, cəmiyyət və dövlət adamı hər an həyatı haqqında hesabat verməyə borcludur”- maddəsi öz ölkəsinin hakimiyyət üzvləri ilə sərbəst ölkənin hakim təbəqəsinin xalq qarşısındakı mövqeyi ciddi təzad təşkil edirdi. Pir xalq o insanlara verilən tutduğu vəzifədən irəli gələrək əmək haqqı, nüfuz, hörmət müqabilində onlardan həyat və fəaliyyətlərini xalqa həsr etmələrini istəyirlər. Bu şəxslər dövlət hesabına yaşadıqlarından dövlətin onlardan hesabat istəmək haqqı var. Təmiz mənəviyyatlı dövlət adamları öz şəxsi həyatı və fəaliyyətləri ilə başqalarına nümunə olmalıdır və ömrünü xalqa həsr etmək ancaq vətənpərvər, fədakar insanların işidir.
Qəhrəmanın öz-özünə dediyi “axı mən ömrümdə özümdən başqa heç kimi düşünməmişəm. Dövlət məmuru görəndə qorxumdan yeddi məhəlləni birdən qaçardım. Mən dövlət adamı olsaydım, elə bilərdim bütün dünyanı mən yaratmışam. İndi bilmirəm, bu ölkənin adətlərini necə öyrənəcəm?”- fikir və sualları bir daha aradakı ziddiyyəti ortaya qoyur və onun bu qəbildən olan fikirləri köhnəlik və yenilik kontekstində şərh olunmalıdır. Əsərin “insanlar qorxaq doğulmazlar” bölməsində pirlə qorxu barədə söhbət açılır. Ailə və məktəb sistemində verilən tərbiyə və hakimiyyətdə istifadə olunan idarəetmə üsulları insanları qorxağa çevirər. İnsanlar qorxaq doğulmazlar. Ata yumruğu, polis dəyənəyi ilə böyüyən uşaq öz şəxsiyyətini itirər və heyvan kimi hürkən olar. “Azadlıq və xarakter” bəhsində sərbəst ölkə vətəndaşı olmaq fədakar xarakterə sahib olmada təzahür edir. Öz “mən”indən çıxıb cəmiyyətin “mən”i, idealları ilə yaşamaq, onun uğrunda mübarizə aparmaq azad insan xarakterində yer almalıdır. Heysiyyət məsələsi də əsərdə mərkəzi yer tutur. Nəfsdən uzaqlaşıb ləyaqəti və heysiyyətini qorumaq azad insanın borcudur.
Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov “millət” və “ziyalı” məfhumlarının sosial-mənəvi aspektdən şərhinə xüsusi diqqət yetirmişdir: “Əsərdə ziyalı millətinin güzgüsüdür və millətin ziyalısı necədirsə, özü də o cürdür” tezisi fonunda şərh edilir. Daha sonra, sərbəst insanların şərtlərində verilən “söz, fikir və hərəkət təmizliyi” ideyası barədə pirlərlə söhbəti qədim “Avesta” abidəsinin “xeyir söz, xeyir fikir, xeyir əməl” tezisi ilə səsləşir. Ağaoğlunun qənaətinə görə, daxildən azad olmayan saflığa qovuşmayan adam ümumun rifahını düşünə bilmir. Bu cür düşüncə XVIII əsr fransız ideoloqu J.J.Russonun fikirləri ilə bilavasitə əlaqələnir” (4, 179). Əsərin digər maraq doğuran bəhsi “Azadlıq və fikir ayrılığı” adlanır. Qəhrəman pirlə söhbət edərkən bu iki terminin bir-birilə necə səsləşdiyi və azad cəmiyyətdə bunların bir-birinə maneçilik törətmədiyi barədə məlumat almaq istəyir. Pir isə öz növbəsində, azadlığın olduğu yerdə fərqlilik və müxtəliflik var. Əlbət ki, müxtəliflik fikir ayrılığına səbəb olur. Azad cəmiyyətdə fikir ayrılığının olması hadisələrə çoxcəhətli prizmadan baxmaq şansı verir. Bir məsələnin bir deyil, bir neçə həll yolu göstərilir. Bu isə ən optimal həll variantının seçilməsinə gətirib çıxarır.
Ağaoğlunun “Sərbəst insanlar ölkəsi” adlı bu bədii-fəlsəfi traktatı süjet etibarilə, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və “Mozalanbəyin səyahətnaməsi” və Zeynalabdin Marağayinin “Səyahətnameyi İbrahimbəy” kimi əsərlərlə yaxınlıq təşkil edir. Ə.Haqverdiyevin “Xortdan”ı, “Mozalan bəy”i kimi Ağaoğlunun “Fərd” adlandırdığı bu qəhrəman “Sərbəst insanlar ölkəsi”ni səyahətə çıxır. Mövzu-ideya etibarilə Əhməd bəy Ağaoğlunun bu əsəri Nizami Gəncəvinin “İsgəndərnamə” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” kimi əsərlərlə səsləşir. “Sərbəst insanlar ölkəsi”nin insanları Nizami Gəncəvinin “Xoşbəxt insanlar ölkəsi”, Yusif Vəzir Çəmənzəminlinin “Meymun” (“Qızlar bulağı”) qəbiləsindəki insanlar kimi xoşbəxtdirlər. Çünki onların ölkəsində rüşvət, ədalətsizlik, haqsızlıq yoxdur. Hamı təmiz vicdanla xalqın firavanlığına və dövlətin birliyinə çalışır.
Əhməd bəy Ağaoğlunun demokratik dövlət idealı olan “Sərbəst insanlar ölkəsi”nin xalqın arzu və ideallarının təcəssümü olması və xalqa hesabat verən, fəaliyyəti xalqın diqqət və nəzarətində olan hakimiyyət üsuli-idarəsinin qurulması müəllifin əsas qayəsi idi. Bəli, xalq bir dövlət idarə edə biləcək qədər maarifləndiyi, çirkin xislətlərdən azad olduğu, sözün həqiqi mənasında, istibdad zəncirini qırıb azadlığa qovuşduğu halda, xalq öz dövlətini özü idarə edəcəkdir. Hakimiyyət yumruq gücü ilə, qorxu silahı ilə yox, birlik şəklində idarə ediləcək. Əsirlik zənciri boyunlardan əbədiyyən çıxacaq, azadlıq günəşinin şüaları gələcəyə işıq saçacaq.
Ədəbiyyat:
1. Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Ön sözün müəllifi: Rəhman Bədəlov. Bakı: Kitab Klubu MMC, 2014, 144 s.
2. İsmayıl. Örnək şəxsiyyət: Əhməd bəy Ağaoğlu mühacir həyatı yaşasa da, azərbaycançılığın ən məşhur carçılarından olub // Şərq, 15 may 2014
3. İsmayıllı Sevda. Çoxmədəniyyətli, çoxdüşüncəli, çoxsəsli cəmiyyətin ideal modeli: Sərbəst insanlar ölkəsində // Multikulturalizm, 2016, №1
4. Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı: Ərgünəş, 2014, 264 s.
5. Mustafa Ə. Milli azadlıq mücahidi // Zaman, 13 fevral 2013.

Tahmina Valiyeva
“SƏRBƏST İNSANLAR ÖLKƏSİ” (“THE COUNTRY OF THE FREE PEOPLE”) AS A AHMAD BEY AGHAOGLU’S DEMOCRATIC STATE IDEAL
Summary: İn his book “The Country of Free people”, Ahmad Bey Aghaoglu proposed the idea of creating a democratic state in the context of public and state relations. It is undeniable that to gain liberty and to create a democratic state begins with the recognition of the people’s own freedom.
This freedom is earned by getting rid of the spiritual bondage. “The Country of Free people” is the ideal of Ahmed bey Aghaoglu as a democratic state and there is the embodiment of his ideas about a democratic state and people in this book. Ahmed bey Aghaoglu has described democratic state on the background of moral values. Besides, people living in this state should be pure and true. Because the state could be kept owing to this people.

Тахмина Валиева
«СТРАНА СВОБОДНЫХ ЛЮДЕЙ » ДЕМОКРАТИЧНОE ГОСУДАРСТВA ИДЕАЛОМ АХМЕД БЕЙ АГАОГЛУ
Резюме: В своей книге «Страна свободных людей» Ахмад Бей Агаоглу предложил идею создания демократического государства в контексте общественных и государственных отношений. Нельзя отрицать, что освобождение и создание демократического государства начинается с признания свободы людей. Эта свобода заработана, избавляясь от духовного рабства.
«Страна свободных людей» является идеалом Ахмеда бей Агаоглу как демократического государства и есть воплощение его идей о демократическом государстве и людях в этой книге. Ахмед Бей Агаоглу описал демократическое государство на фоне моральных ценностей. Кроме того, люди, живущие в этом состоянии, должны быть чистыми и истинными. Потому что государство могло сохраниться благодаря этим людям.