“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik, əllə tutammırıq. Ona görə də həqiqət hamı üçün fərqli olur.

Ədəbi əsərdən tam olaraq reallıq gözləmək mümkün deyil. Hadisələrin mahiyyəti real həyatda baş verənlərlə eyni ola bilər, amma ən azından, müəllif adları dəyişmək haqqına sahibdir. Ədəbi əsərdəki istənilən uydurma müəllifin azadlıq ölçüsüdür. Bəzən bu ölçü hüdudsuz görünür, lakin mütləq və mütləq dəqiq xətli bir sərhədi vardır. Bəli, dəqiq xətli. Çünki girinti-çıxıntılar incəsənəti xaosa döndərə bilər. Yaradıcılıq, yaratmaq istəyi məhz kainatın mövcud xaotik nizamından qaçmaq istəyindən doğan təbii instinktdir. Bəzi insanlar üçün yazmaq xarakterə çevrilir və hər əsərdə yenilənir, yenilənir… İnstinktlər bizə yaradılışdan verilən ən böyük hədiyyədir. Xarakteri isə biz özümüz qazanmışıq və qazana-qazana da gedirik. Eynilə immun sistemimizin müxtəlif virus və xəstəliklərə qarşı möhkəmləndiyi kimi…

***

Cerom Devid Selincerin qızı xatirələrində yazır: “Atam düşünürdü ki, istedadsız adam incəsənət sahəsini seçməklə küfr edir, təmiz, müqəddəs bir şeyi korlayır”. Doğrudanmı, ədəbiyyat korlana bilər? Axı, ədəbiyyat adlı həqiqətin nədən ibarət olduğunu, sərhədlərinin harda bitdiyini heç kim bilmir… İtirilmiş krallıq xəzinəsi kimi daim axtarılan “əsl ədəbiyyat”ı kim necə korlaya bilər? Öz hisslərini gündəliyinə yazan yeniyetmə bir qız, yoxsa sınıq-salxaq xəttiylə xaraba qalmış yaddaşında xatirələrini axtaran bir qoca? Məncə, heç biri… Yazmaq onların da haqqıdır və heç kim zəmanət vermir ki, nə vaxtsa onların yazdığı bir-iki cümlə hansısa romanda qarşımıza çıxmayacaq, biz onu sevməyəcəyik…

Ədəbiyyatı “bulvar ədəbiyyatı”, “işsizlərin ədəbiyyatı”, “küçə ədəbiyyatı”, “yeraltı ədəbiyyat” kimi “ayamalarla” təqdim etmək bütün dövrlərdə olub. Amma hələ də bu “ayamaların” konkret olaraq nəyi ifadə etdiyini izah edən tapılmır. Madonna uşaq ədəbiyyatı yazanda da, Sezen Aksu öz şeir kitabını nəşr etdirəndə də üsyançılar və inkarçılar vardı… Amma sevinən, oxuyan, qonşudan borc aldığı pulu o kitablara verən də az deyildi… Bu məqamda Müşfiq Şükürlünün “Yazıçı olmağa iddialı nankor oxucular” adlı yazısını xatırlayıram: “Yazmaq ki yazıçının ibadətidir, necə axı yazma deyər… Yazmaq ki seçimdir. Seçimsə azadlıq deməkdir…” Sonra da düşünürəm ki, görəsən, özünə “elit ədəbi tənqidçi” deyən biri çıxıb Madonnaya “kitab yazma” desəydi, Madonna da onu “azadlığıma müdaxilə edir” iddiasıyla məhkəməyə versəydi, həmin məhkəmədə kim qazanardı?

… Yaddaşını itirən bir xəstəyə müxtəlif şəkillər göstərməklə nəyisə xatırlayıb-xatırlamadığını test edirlər. Bunu “görsəl yaddaş” adlandırırlar və mütəxəssislər yaddaşın bərpasında əhəmiyyətli olduğunu vurğulayır. Ədəbiyyat da belədir; hansı əsəri zehnində yaşayırsansa, hansı əsərin içində “itib-batırsansa”, onu xatırlayırsan, onunla yaşayırsan… Özünü vərəqlərində itirdiyi kitab oxucunun ehtiyacıdır. Bu gün dünyanın hər yerində nəşriyyatlar məhz oxucunun ehtiyacına hesablanmış kitabları nəşr etməkdə həvəslidir. Tamam, burda iqtisadi maraqlar var, anlayıram. Bəs, nəşriyyatların geri itələdiyi əlyazma qovluqları? Onları yazanların da ehtiyacı düşünülürmü? Məncə, yox… Bu da yazıçının faciəsidir… Yazmaq ehtiyacı ödənməyəndə yazmaq eşqiylə dəliyə dönənləri sağlığında dəliyə, öldüyündə dahiyə döndərən də bizlər deyilikmi?! Elə bizik… “Nə yazıldığının, necə və nəyə yazıldığının önəmi yoxdur çox vaxt. Sadəcə, yazmaq ehtiyacının ödənilməsi vacibdir bəlkə də… Bəli, yazmaq ehtiyacdır, ehtiyacdan ötə əlacdır… Hətta, könlün antibiotikidir… Nizamlı və davamlı olmalıdır”- deyə yazır Kübra Aydın… Haqq verirəm ona… Yazmaq kiminə görə dəlilik olsa da, kiminə görə yaşamağın açarıdır…

***

Günahlandırılan yazıçı olmağı heç kim istəmir. Amma oxucunun şəhadət barmağının ucu həmişə yazıçıya tərəfdir: istər günahkar axtarışında, istərsə də xilaskar axtarışında… Bəzən düşünülür ki, yazıçının tək günahı “yaxşı yazmamağındadır”. Bəzən bu sözü lap kobudlaşdırırlar; “filankəs yazmağı bacarmır…” Alt qata enəndə, Xəstə Qasım demiş, “qəvvas olub dəryaya baş vuranda” “yazmağı bacarmaqdan” daha çox şey tələb olunan yazıçıya adamın yazığı gəlir… Kənan Hacının fikrincə, “yazıçı ideoloq olmazdan əvvəl humanist olmalıdır”. Burda fikirlərin qladiator döyüşünə çıxdığını görməmək mümkün deyil. Zaman-zaman bütün ideologiyalar ədəbiyyatdan süzülüb; ya ideologiyalar ədəbi abidə qazanıb, ya da ədəbi edama məhkum edilib. Bütün bunların arxasında dayanan da yenə insanın “canı yanmağı”, ibarəli desək, empati bacarığıdır. Düzdür, bu gün insanı “bəşərin əşrəfi edən” duyğunun məhz sevgi olduğunu, sevginin də empatinin rüşeymi olduğunu, bütün bunların da ümumi terminlə humanistlik adlandığını bilməyən qalmayıb. Yenə də yazıçı ideologiyasını Femidanın görməyən gözlərinin önündə yelləmək ədalətsizlik olardı…

Ədalət demişkən, görəsən, ədəbiyyat adildirmi? O, öz həqiqət axtarışında nə vaxtsa haqlının haqqını haqsıza qurban verirmi? Təlatümlü düşüncədir… Bəlkə də, qorxunc düşüncədir… “Dünya ədəbiyyatının dünyaları” essesində Deniz Gündoğan İbrişimin dediyinə görə: “…daim bir təxəyyül gücüylə ictimai, mədəni və fərdi çərçivədə oxucunu və dünyanı formalaşdırma gücünə sahibdir ədəbiyyat…” Bəs niyə məktəbin “ən yaxşı oxuyan şagirdi”nin on ildən sonra həbsxanaya düşmə ehtimalı yox deyil? Öz qüdrətiylə ədəbiyyat onu xilas edə bilməzdimi? Məncə, yox… Nə qədər qüdrətli olursa-olsun, ədəbiyyat insanın seçimlərini diqtə eləmək gücünə malik deyil… Özünü “oxucu” hesab edən hər kəs Pompey əfsanəsindən xəbərdardır və “insanın insana olan sevgisinin mücərrədliyə ünvanlanan bütün sevgilərdən daha dərin” olduğunu, bu sevginin öldürmə qüdrətini bilir. Yenə də həyatla savaşda öz sevgisi və ehtirasıyla silahlanır. Həmin an insanlıqdan çıxıb bir ağac donunda olanları seyr etdikdə ədəbiyyat heç də adil təsir bağışlamır… Nə yaxşı ki, ağac deyilik!

***

Oxucu termin kimi ayrıca müzakirə olunmalıdır. Yazılan əsərlərin, nəşr edilən kitabların taleyini “müəyyən etmək” qədər hökmlü olan oxucu kimdir? O, nəyi oxuyur? Niyə oxuyur? Qarşı-qarşıya dayansaq, bu sualları özümə də ünvanlaya bilərəm: Mən nəyi yazıram? Niyə yazıram? Özümün özümə cavablarım çoxdur, ən qısacası isə budur: “Bilmirəm…” Çünki yazmağın mənası da insanın missiyası qədər naməlumluqda çoxdan azıb… Hər gün tapılan yeni cavablar təxəyyülümüzdə yaşayan “böyük həqiqət”ə tərəf sürüklənərkən əlimizə keçənlərdir…

“Ədəbiyyatın ən sadə və çox yayılmış düsturu budur ki, əgər oxuduğu əsər oxucuya tanış gəlirsə, personajları özü kimi hiss edirsə, deməli, əsər alınıb”. Bunu Şahanə Müşfiq deyir… Fikir olaraq doğrudur, hətta illərlə deyilmiş fikirləri sadə bir düstura çevirdiyinə görə Şahanəyə təşəkkür düşür. Bu düsturdakı yeganə naməlum əmsal yazıçının özünü buxovlamasıdır. Oxucuya xoş gəlmək üçün fikirlərini çərçivəyə salmaq, öz-özünə qadağalar qoymaq yazıçıya uğur qazandıra bilər, hətta bu, necə deyərlər, günah sayılmır. Amma yazı alma bağı deyil ki, yazda-payızda budamağa, calamağa ehtiyac duyulsun… Yazı böyürtkən kolu kimi qollarımızı sıyıranda, kol dibindəki bənövşəyə dönəndə, yarpağında şeh düymələnmiş yemlik təki parıldayanda daha dürüst olur. Həyatın hər köşəsində dürüstlük axtara-axtara yazıçıdan fikirlərinə maska taxmağı tələb edən oxucunu qazanmaq faciəm olardı, yoxsa uğurum? Bilmirəm…

Şahanə Müşfiq “Bəzən yazarlar “oxucu yoxdur” – deyib şikayətlənirlər. Oxucu isə susmaqla kifayətlənir” cümlələrini yazmaqda da haqlıdı. Oxuduğunu “vaxt öldürmək”, “gün keçirmək” vasitəsi sayan bir oxucu üçün hayqırmaq, haray çəkmək yazıçının dəliliyidi, cəsarəti yox. O yazıçı qəhrəmandır ki, özüdür, fikirlərini buxovlamır, budamır, sinəsi tənqidçilərin tənqidinə, oxucuların təhqirinə hədəf olanda kürkünə bürünmür… Amma qəhrəmanlar da uzunömürlü olmur… Qısa ömürlərindən geriyə isə əfsanələr qalır. Rəşad Məcidin təbirincə desək, “əfsanələri dəyişmək olmaz”.