“İnsanı ömründə peşmançılıq əzabı qədər
daxilən tərbiyə  edən  başqa bir hiss  
yoxdur”.  Fridrix Şiller

 

Ağır müharibə illəri idi. Kəndin başı papaqlılarını aparmışdılar davaya. Yaşayış gündən-günə çətinləşirdi. Gülpəri arvad beş balaca-balaca uşağı ilə qalmışdı kiçik bir damın altında. O, səhərdən axşama kimi işləyir, toyuq-cücə bəsləyir, bir də olmazın əziyyətə qatlaşaraq iki inək saxlayırdı ki, körpələrinə süddən-qatıqdan yedizdirə, onları bir yana çıxarda  bilsin. 

   Gülpəri çox zirək və ağıllı qadın idi. Allah baisin evini yıxsın, müharibə olmasaydı, əri Həsrətlə necə də xoşbəxt idilər. 

   Kəndə mal-qara oğrusu dadanmışdı. Həftədən, iki həftədən bir kiminsə qoyun-quzusu, kiminsə danası, ya da inəyi oğurlanardı. Danışırdılar ki, oğru silahlıdır. Ona görə də axşam düşən kimi hamı həyətin darvazasını, evin qapısını bərk-bərk bağlayıb Allaha dua  edirdi ki, oğrunun yolu bağlansın, onlara dəyib-dolaşmasın. 

   Gecədən xeyli keçmişdi. Gülpərinin üçüncü uşağı, altı yaşlı Ağaverdi anasını silkələdi. Gülpəri yorğun gözlərini güclə açıb: 

 –Nə olub, bala, niyə yatmırsan? 

 –Ana, bayıra çıxmaq istəyirəm. 

 –Axşamdan o qədər su içirsən ki, – ana deyindi –dur gedək. 

   Ana-bala həyətə düşdülər. Qəfildən Ağaverdi qışqırdı: 

   –Oğru, oğru! 

   –Oğru nə gəzir, ay bala, it-pişikdi –demişdi ki, Gülpərinin gözləri tövlənin yanındakı qaraltıya sataşdı. Qaranlıq olsa da, qaraltının adam  olmasına şübhə yox idi. 

   Gülpərinin beynindən bircə anda yüz fikir keçdi. Qışqırmaq, qarğımaq yersiz olardı. Özünü güclə ələ alıb: 

   –Bala, sənin gördüyün oğru deyil, dayındı. Dayın insaflı adamdı. O, inəyin  birini aparacaq, birini bizə saxlayacaq, – deyib oğlunun əlindən yapışaraq sürətlə evə girdi. 

Qəribağa neçə illər idi ki oğurluq edirdi. Həmişə onu üzünə də, arxasınca  da söymüşdülər, qarğış etmişdilər. Heç kimə məhəl qoymamış, heç kəsə cavab verməmişdi. Amma onların söyüş və qarğışları Qəribağanı oğurluğa daha da həvəsləndirmişdi. 

   Bu gecə isə onu oğurluq vaxtı görən bir qadın  “insaflı adam, “uşaqların dayısı” adlandırırdı. Bəlkə də… O, insaflı adam ola bilərmi?  ”İnsaflı adam”,  necə də gözəl səslənir. Yox, yox, mən insaflı adam olacağam”. Qəribağa tövlədən uzaqlaşdı. O, ürəyində indiyə kimi etdiklərinə görə qəribə bir hiss keçirdi. Bu peşmançılıq hissi idi. 

   Gülpəri səhərə kimi yata bilmədi. Sakit-sakit ağladı ki, uşaqları oyanmasın. Sübh tezdən Gülpəri tövləyə getdi. Ümidsiz-ümidsiz tövlənin qapısını açdı və gözlərinə inanmadı… Hər iki inək tövlədə idi.