Baharda ayrılıb yola salanda
çəmən güllərinin gözləri dolur,
daha alışmışam,nağılların da
sonluğu bu cürə qəhərli olur.
Daha alışmışam,”Eşq ocağında”
kül olur ürəklər isidən kömür,
hər yerdə,hər zaman–payız çağında
yuvalar dağılır,yarpaq tökülür.
Ayrılıq çəkəcək,uzağı bir il,
yenə də sonalar uçub gələcək,
nərgiz,bənəvşə də,lalə də bir-bir
üstümə qolların açıb gələcək.
Yaz gələr–əriyər dağların qarı,
daşların altına axar kuzələr,
yarını aparan yollara sarı
qaşların altınnan baxar gözəllər.
Gün vurar,isinər teli sazların,
qoca da,cavan da açar qol-qanad,
tumurcuq timsallı çiçək qızların
kimi yar gözləyər,kimisi övlad.
Güllü yamaclara seyrə çıxanda
qızlar çiçəklərə oxşadar bizi,
can əsas olsa da,belə baxanda,
“sevirəm”–deyənlər yaşadar bizi…