Tüstü otağımı dumanlandırıb,
süfrə,kağız,qələm batıbdır külə,
külqabı gəzirəm kibrit yandırıb,
səhərin qaranlıq vaxtıdır hələ.
Yamacda yel qaçlr,duman qovulur,
buludlar rəngbərəng–boşalır,dolur,
göylərin bənizi açır-tutulur;
baharın bulannıq vaxtıdır hələ.
Sevinc nə çəkdi ki?–zamanı qısa,
“salamı” təlaşlı (o da alınsa),
qəlbini gül kimi bəxş edir qıza;
görüşün bir anlıq vaxtıdır hələ.
Qartallar zirvədə qıy vurub uçur,
şəfəqlər sellərin yolunu açır,
körpə ayq açıb–qaçdıqca qaçır…
dünyaya heyranlıq vaxtıdır hələ.
Sıxma ürəyini gül verən oğlan,
hələ pərvanətək başına dolan,
işın nə biryolluq “o yanlıq” olan,
nə də ki,”bu yanlıq” vaxtıdır hələ.
Ümidi qəlbində söndürmə-ölməz!
hər iş ya düzələr,ya da düzəlməz(!?)
“Sevirəm”-deməknən dil dada gəlməz;
sevginin “yavanlıq” vaxtıdır hələ.
Dünyaya gəlmək də,getmək də qəliz,
hesabat verəcək saldığın hər iz,
özün qocalsan da,ay Vahid ƏZİZ,
şeirinin cavanlıq vaxtıdır hələ…