Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SƏNİ GÖRMƏYƏNDƏ

Sənsiz öz köksünü ötürür bu yaz,
Göylər də açılmır dərddən, kədərdən,
Sənsiz azan yoxdu, gecikir namaz,
Əlimi üzmüşəm mən göydən ,yerdən,

Ümid böyüdürəm köksümdə hələ,
Sənsiz günlərimi ağlayıram mən,
Axır gözlərimdən yaş gilə-gilə,
Yaralı sinəmi bağlayıram mən,

Sənsiz dünya mənə məzardı indi,
Məni yuxularda qoyub getmisən,
Nolar ruhumu yavaşca dindi,
Sən könül bağımı viran etmisən.

Sənsiz ağı deyir ağlayır ürək,
Şeirimə, sözümə bükmüşəm səni
Qara gözlərimdə oynayır şimşək,
Sənli misralarım incidir məni.

Ən şirin sözləri sənə qoşuram,
Həsrətdən alışır dilim, dodağım,
Səni görməyəndə vallah çaşıram,
Gəl güldür qəlbimi, ay gülyanağım.

BU SEVGİ

Üzür ürəyimi, üzür bu həsrət,
Hicranın əlindən gəl qurtar məni.
Ağlayır, sızlayır sevgi, məhəbbət,
Ürəkdən sevirən inan ki, səni.

Gözümü yolunda kor eyləmişəm.
Hər gün misra-misra əriyirəm mən,
Gülüzlüm mən sənə, can söyləmişəm,
Kəsib yollarımı indi duman, çən.

Gözlərim qaynayan bulağa dönüb,
Düşünmə, ürəyim döyünər sənsiz,
Sənsiz ayım sönüb, günəşim sönüb,
Goynunu bükübdü bənövşə, nərgiz.

Gəl oxşa ruhumu, könlümü nolar,
Dirsəklən yastığa, fikirləş bir az,
Sevgisiz gül, çiçək saralar, solar,
Cünəşdən nur əmib, gülər bahar, yaz.

Qayıt, sən ömrümə, günümə, qayıt,
Həsrətə öyrətmə qəib eşqimi,
Vallah əfsanədi sevgisiz həyat,
Sevgisiz, Tanrı da sevməz heç kimi.