Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Pıçıltı

Nə bir rahat yuxum var,
nə yuxumda bir dinclik.
Bir nazik ipin üstdə oynamaq zülüm işdi.
Səni çəkib yuxumdan evimə gətirmişəm,
gör necə xarabadı…
Divarlarda boya-boy hər yerdə sənin şəklin.
Gəlişinə sevinən qapım necə ağlayır,
pəncərəm açıq qalıb
görən hansı axşamdan?
Masamın üstü dolu…yer yox barmaq qoymağa,
burda nələr desən var,bir sevincdən savayı.
Ağ varaqlar üşüyür sükutun soyuğundan…
əllərin nə soyuqdu.
Sən gələndən dayanıb divardakı saat da,
əqrəblər üst-üstədi.
Sonsuzluğun içində biz ikicə nəfərik.
Sən yaralı göyərçin…
Istəmirəm mən sənə dəmir qəfəs olmağı,
yaranı sarımağa bir azca göz yaşım var.
Ağacların yarpağı
Gecənin qulağına gör nələr pıçıldayır…
Şam əriyib qurtarıb…
Bir söz denən,yandırım ürəyimi sübhəcən.

***

Heyif,mən də beləyəm,
Bir az zalım adamam.
Hər addımda aldanan,
Uşaq kimi inanan.

Gözlərimi qırpmadan
Tərk edərəm bu canı.
Mənimçün canı vermək,
Can deməkdən asandı.

Qoy səni aldatmasın
Şairliyim,filanım.
Ələsən,çıxar üzə
Neçə-neçə yalanım.

Dərdim başımdan aşsa
Söyləmərəm birini.
Özümlə aparacam
Neçə gizli sirrimi.

…Çox da gülməli deyil
Taleyin zarafatı.
Günahkaram sənintək,
Sevirəm bu həyatı.