– Elnur, ay Elnur!
Elnur qulaqardına vurdu, guya eşitmirdi. Məktəbdən yenicə gəlmişdi. Acdı, qarnının hayındaydı. Stol arxasında anasının yeməyi haçan qızdırıb gətirəcəyini gözləyirdi.
Çağıran əl çəkməyəndə durub küçəyə baxan pəncərəyə yaxınlaşdı. Sinif yoldaşı Məzahirdi.
– Nədi, ə?
– Aşağı düş, sözüm var.
Bayırda quşbaşı qar yağırdı. Soyuqdu.
– Elnur, yeməyin hazırdı ha, – anası mətbəxdən xəbərdarlıq etdi.
– Gəlirəm.
Həvəssiz aşağı düşdü. Məzahir pilləkənin ayağında gözləyirdi. Həyəcanlıydı.
– Noolub? – Elnur soruşdu.
– Ermənilər bu gecə rusların köməyi ilə Xocalını yernən yeksan eləyib, bizimkiləri qırıblar. Qaçıb canını birtəhər qurtaranlar Naxçivanik, Qaraqaya tərəfdən Şelliyə axışır.
Şelli qonşu kənddi.
– Hardan bildin?
– Atam, əmimgil yığışıb köməyə getdilər. Mən də onlara qoşulmaq istədim, qoymadılar, dedilər, sən uşaqsan.
Neçə gündü Xocalıdan cürbəcür bəd xəbərlər gəlirdi. Ermənilər türklərin yaşadığı qonşu Malıbəyli, Quşçular kəndlərini işğal edəndən, sakinlərini güllədən keçirəndən sonra qana batmış dişlərini Xocalı şəhərinə qıcamışdılar. Mühasirəni günbəgün daraldırdılar.
Qədimdən türk məskəni olan Xocalı şəhəri erməni kəndləri¬nin əhatəsində adanı xatırladırdı. Düşmən nə qədər amansız, qaniçən olsa da, xocalılar mərd dayanmışdılar. Təslim olmaq, torpağı ermənilərə vermək fikrində deyildilər.
Elnur nə fikirləşdi, nə fikirləşmədisə, çönüb həyətdəki “Niva”ya baxdı. Atası hardaydısa, gözə dəymirdi.
Ayaqlarının ucunda geri qayıdıb anasından xəlvət gödəkcəsini geyindi, təzədən aşağı düşdü. Məzahirə arxasınca gəlməyi işarə etdi.
Zənnində yanılmamışdı. “Niva”nın açarı üstündəydi. Sürücülük vəsiqəsi olmasa da, maşın sürməyi pis bacarmırdı. Gözünü açandan həyətdə maşın görmüşdü.
Nə qədər ehtiyatlı tərpənsələr də, mühərrikin tırıltısına anası duyuq düşüb ikinci mərtəbədə, eyvanda göründü. Maşının arxasınca harayladı:
– Elnur, hara gedirsən?..
Özünü eşitməməzliyə vurdu.
Onlar artıq qanmaz uşaq deyildilər. Onuncu sinifdə oxuyurdular. Bu gün-sabah orta məktəbi bitirəcəkdilər. Bir tərəfdən də Qarabağ hadisələri onları vaxtından əvvəl kişiləşdirmişdi. Ermənilərin xəyanətindən, məkrli əməllərindən, təkcə indi yox, tarix boyu türklərə qarşı törətdikləri cinayətlərdən az-çox xəbərləri vardı. Məktəbi tez qurtarmaq, ermənilərlə döyüşən könüllü dəstələrə qoşulmaq, vətən torpağının keşiyində dayanmaq arzusu ilə alışıb-yanırdılar.
Qonşu kənddən şəhərə doğru uzanan asfalt yolda maşınlar, piyadalar əriş-arğacdı. Keçmiş dövrdəki kimi bel, yaba, dəhrə-balta ilə silahlanan kənd sakinləri (Qarabağ hadisələri zamanı başbilənləri erməniləri müasir silahlarla təpədən dırnağacan silahlandırdıqları halda, bizimkilər yerli əhalinin quş tüfənglərini belə qapı-qapı düşüb zorla yığmış, onları düşmən qarşı¬sında əliyalın qoymuşdular) kəndin yuxarı hissəsindəki dağlara doğru axışırdılar. O tərəfdən yaralılarla dolu qayıdan şəxsi minik, təcili yardım maşınları yolu boşaltmaq üçün əsəbi şəkildə siqnallaya-siqnallaya Ağdama, şəhər xəstəxanalarına tələsirdilər.
Kəndin kənarındakı dağların ətəyi, qəbiristanlığın böyür-başı camaatla doluydu. Elnur “Niva”nı lap irəlidəki nəhəng bir qayanın arxasında daldalanmış adamların yanına sürdü. Burda bir neçə minik, təcili yardım maşını da vardı.
Çiyni avtomatlı könüllü əsgərlərdən biri “Niva”nın qabağına yeridi.
– Dayan! – dedi. – Özünü hara soxursan? Geri qayıt!
– Niyə qayıdım? – Elnur cır xoruzlar kimi şeşələndi.
– Görmürsən atırlar? Burda sizlik bir iş yoxdu.
– Olmasa, gəlməzdik. – Elnur höt-hötlüyünü yerə qoymadı.
– Baş qoşma, – başqa bir könüllü Elnurla öcəşənin qo¬lundan dartıb apardı.
Elnur mühərriki söndürdü. Uzaqda, iki dağın arasındakı yamacda pərakəndə halda ağzı bəri qaçışan insan qaraltıları gözə dəyir, aramsız atılan güllə səsləri eşidilirdi.
Atan arxadakı qayalıqda gizlənmiş erməni yaraqlıları idi. Düşmən gülləsinə tuş gələn xocalılar yıxılır, ağır yaralananlar bir daha ayağa qalxa bilmir, yüngül yaralananlar güc-bəla dikəlir, havadan yapışırmış kimi əl-qol ata-ata, kimlərisə köməyə çağıra-çağıra təzədən qaçırdılar. Köməyə gedənlər yaralıları güllə yağışı altından birtəhər sürüyüb çıxartmağa çalışırdılar. Kənd sakinləri, mülki şəxslər igidlikdə, fədakarlıqda könüllü dəstələrin əsgərlərindən heç də geri qalmırdılar.
Xocalı qaçqınları Elnurgilin böyür-başında, qayanın arxasında daldalananların arasında da az deyildi. Ac-susuz, yaralı, əyin-başı tökülüb-itən bu adamlar qarın altında, soyuqda güclə ayaq üstə dayansalar da, heç yana getmək istəmirdilər. Təzə gələn qaçqınları sorğu-suala tutur, ayrı düşdükləri, yolda itirdikləri doğmalarından, qohum-əqrəbalarından nəsə bir xəbər öyrənməyə çalışırdılar. Qışın qar-boranı ağır yaralıları, xəstələri, qocaları, körpələri keçib gəldikləri meşliklərdə, dağda-daşda dondurmuşdu.
Növbəti qaçqın dəstəsi bir ailədən – qoca kişidən, qarıdan, gəlindən və bir oğlan uşağından ibarətdi. Əyin-başları şiltim-şiltim, üz-gözləri qan içindəydi. Meşədə, dağda-daşda kol-ko¬sun, daş-kəsəyin dağıtdığı yalın ayaqları şişib kötüyə dönmüşdü. Ağ saqqalı sırsıra bağlamış qoca onu da itirəcəyindən qor¬xurmuş kimi balaca nəvəsinin əlindən bərk yapışmışdı.
Bayaqdan gözünü qarşıdakı yamacdan çəkməyən cavan bir gəlin adamları aralayaraq onlara yaxınlaşdı. Həyəcanla soruşdu:
– Ay xocalılar, bəlkə, Əlifdən xəbəriniz ola?..
Nəvəsini təcili yardım maşınına mindirən qoca gəlinə sarı döndü. Zəif, xırıltılı səslə dedi:
– Əlif sağdı. Düşmənlə döyüşür.
– Özünüz gördünüz?.. – gəlinin səsi titrədi.
Kişi saqqalını tərpətməklə təsdiqləsə də, gəlinin üzünə baxmamağa çalışdı.
Gəlin Xocalı cəngavəri Əlif Hacıyevin xanımı idi.
Fevralın 25-də rusların Xankəndindəki 366-cı motoatıcı alayı ilə birləşərək Xocalını bütün gecə iri çaplı silahlardan, qrad qurğularından, toplardan atəşə tutan, viran qoyan ermənilər səhərisi zirehli texnikanın müşayiəti ilə şəhərə soxulmuş, dinc əhalini qırmağa başlamışdılar.
Əlif Xocalı aeroportunun komendantı idi. Düşmənə qalmasın deyə, son anda aeroportun dispetçer məntəqəsini partlatmış, kiçik dəstəsi ilə sağ qalan Xocalı sakinlərinin Ağdam istiqamətindəki təhlükəsiz əraziyə çıxmasına yardım etmişdi. Düşmənlə qeyri-bərabər döyüşdə Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev qəhrəmancasına şəhidliyə qovuşmuşdular.
– Getdik irəli!..
Elnur birdən maşını işə salıb sürətlə yerindən tərpətdi. Qarşıdakı qəbiristanlığın alt tərəfindən dolanıb dağın döşü ilə ağzı yuxarı, qaçqınların gəldiyi yamaca dırmaşdı. Ermənilər onları güllə yağışı ilə qarşıladılar.
– Saxla, neynirsən?.. – Məzahir həyəcanla Elnurun qolundan yapışdı.
Elnur maşını geri döndərib saxlasa da, mühərriki söndürmədi. Xocalılar “Niva”nı görüb ona tərəf qaçdılar. Düşmən gülləsi onlardan neçəsini yerə sərdi.
– Tez, tez gəlin!.. – Elnur maşının qapısını açıb onları tələsdirdi.
Son anda düşmən gülləsi daha bir nəfəri də haqladı. Köməkləşərək yaralıları götürüb ağzı aşağı şığıdılar.
Güllələr maşının gövdəsini deşik-deşik eləsə də, yaralıları təcili yardıma təhvil verib təzədən geri qayıtdılar. Canlarında əvvəlki qorxu-ürküdən əsər–əlamət qalmamışdı. Sanki şəhid olan qorxunun özüydü. Yalnız qaçqın və yaralıları düşmən gülləsindən qurtarmaq haqqında düşünürdülər.
Üçüncü dəfə yaralıların dalınca gedəndə onlara mane olmağa çalışdılar.
– Uşaqlar, daha bəsdi, – dedilər. – Baxın, maşın güllələrdən deşik–deşikdi.
Elnur fikir vermədi. Sükan arxasına keçməyi ilə gözdən itməyi bir oldu. Dağın döşündə düşmən gülləsi maşının qabaq şüşəsini ciliklədi. Elə qızışmışdılar ki, bu da onları qorxut¬madı. İki yaralını götürüb geri dönəndə uzaqdan daha iki nəfərin əl-qol ata-ata onlara tərəf qaçdığını gördülər. El¬nurun gözləməyə səbri çatmadı. Maşını irəli sürüb onları da götürdü.
Güllələrdən yayınmaq üçün sükanı o tərəf-bu tərəfə döndərdi¬yinə görə maşın dərə-təpəlikdə atılıb-düşür, hərdən az qalırdı sürüşüb böyrü üstə çevrilsin.
İri bir daşın yanından ötəndə bağırtı eşitdilər. Ağır yaralıydı. Tərpənə bilmirdi. Elnur maşı¬nı saxlayıb arxaya verdi. Məzahir tez düşüb hıqqına-hıqqına onu yuxarı qaldırdı. Maşındakıların köməkliyi ilə yaralını qabaq oturacağa uzatdılar. Məzahir qapını bayırdan örtüb Elnura dedi:
– Sən bunları apar, mən bu daşın dalında gözləyirəm.
Aşağıda hamı həyəcanla onları izləyirdi.
Birdən Elnurun qulağının dibində sanki bomba partladı, aləm gözündə qaraldı.
Düşmən bayaqdan ona meydan oxuyan “Niva”nı qranatatanla vurmuşdu. Sağdan dəyən zərbə maşını dağıtmış, Elnuru huşsuz halda kənara atmışdı.
Elnur bir də xəstəxanada ayıldı. Həkim onu gətirənlərdən soruşdu:
– Bu da Xocalıdandı?
– Əşi, fərqi nədi?.. – onlar əsəbiləşdilər.
Kimsə kənardan dedi:
– Bu gün bütün ağdamlılar, hamı xocalılıdı…