Müstəqillik dövründə yaranan postmodern nəsr sahəsində İlqar Fəhminin yaradıcılığını xüsusi vurğulamaq lazımdır. Yazarın xüsusilə “İlk sui-qəsd” (Çənlibel tülküsü – 1-ci kitab -2005), “Qarğa yuvası” (Çənlibel tülküsü – 2-ci kitab – 2006), “Kölgədə əqrəb” (Çənlibel tülküsü – 3-cü kitab – 2007) romanları bu kontekstdən son dərəcə əhəmiyyətlidir.
“İlk sui-qəsd” (Çənlibel tülküsü – 1-ci kitab) romanı Keçəl Həmzənin Çənlibel, Koroğlu, dəlilər və gedişatla bağlı düşüncələrini şərh etməklə başlayır. Romana başlayan oxucu bu düşüncələrin ilk öncə Koroğluya, ya da hər hansı dəliyə aid olduğunu düşünsə də, yazar tərs gediş edərək Keçəl Həmzəni səhnəyə çıxarır. Və yeni modeldə, bütün mənfi xüsusiyyətlərdən arındıraraq oxucuya təqdim edir. Burada yazar Keçəl Həmzənin Çənlibelə əslində necə gəldiyini xəbər verərək dastandan fərqli istiqamətdə şərh olunacaq mövzunun siqnallarını verir. Göstərilir ki, Koroğlu Keçəl Həmzəni Xotkar və paşaların hiylələrindən xəbər tutmaq və ona daimi sığınacaq verib yanında saxlamaq məqsədilə yanına dəvət edib. Koroğlu kimi igidin yanında kiçilməyi ləyaqətsiz paşalarla birgə çalışmaqdan üstün görən Keçəl Həmzə Dona xanımla evləndikdən sonra Koroğluya sığınır. Romanın gedişatından aydın olur ki, Koroğlu ilə Keçəl Həmzənin arasından su sızmır və Çənlibel sərkarı ona məşvərət etmədən addım atmır. Son zamanlar sakit həyatdan sıxılan Həmzə xislətinin tələbi ilə, Çənlibeldə casus olduğuna dair alınan namənin gəlişi ilə sevinir və daha sonra hadisələr mürəkkəbləşir. Həmzə Koroğluya dəlilər arasında casus olduğunu və onun Koroğlunu öldürməyə hazırlaşdığını deyir. Koroğlu bu xəbərdən sarsılır. Sonrakı proseslər isə sabiq dəlilərin sadiqliyini sübut edir, aydın olur ki, Koroğlunu dəlilər yox, Dəmirçioğlunun həyat yoldaşı Telli xanımın əkizi İnanc xanım və dəvaçısı zəhərləyib öldürmək istəyirmiş. Koroğlunun İnanc xanımı cəzalandırmaması isə onun ədalətini göstərir.
Keçəl Həmzədən sonra əsərdə dekonstruktiv dəyişikliklərlə təqdim olunan obraz Aşıq Cünunundur, hətta Çənlibeldə dəlilərin onun haqqındakı fikirlərdir. Aşıq dilbaz, gopçu, mübaliğəçi kimi təqdim olunur: “Amma aşıq danışanda birinin üstünə beş qoyub Koroğlunu o qədər şişirdirdi ki, Çənlibelə bələd olan adamlar mat-məəttəl qalırdılar ki, bu Koroğludan danışır, yoxsa Məlikməmməddən”…
Romanda yazar geniş şəkildə pastişdən istifadə edib.
Roman “Koroğlu” dastanı ilə intertekstual əlaqadə inkişaf edir.
…Romanda dekonstruksiya ilə yanaşı, kollajdan geniş şəkildə istifadə olunub.
Silsilənin davamı olan ikinci kitab isə “Qarğa yuvası” (Çənlibel tülküsü – 2-ci kitab) adlanır. “Qarğa yuvası” romanı İlqar Fəhmi yaradıcılığında xüsusi yer tutur. Dünya intellektual postmodernizmindən fərqlənsə də, İlqar Fəhmi yaradıcılığında intellektualizmin izləri görünür. Ancaq müəllif dastan və dastançılıq xüsusiyyətlərini əvvəldən sonadək qorumağa çalışır. Əsərin üslub və dil xüsusiyyətlərinə gəldikdə vurğulamalıyıq ki, bu aspektdən də yazar dastanda olduğu kimi, sadəliyi, axıcılığı, lakonikliyi üstün tutub. Əsər xüsusi mütaliəli oxucu tələb etmir. “Kitabi-Dədə Qorqud” dastanını oxuyan, yaxud oxumayan hər kəs əsəri dastanın davamı kimi qəbul edib oxuya bilər. Postmodernizmin tələb etdiyi skeptizm kontekstindən isə yazar “Kitabi-Dədə Qorqud”da, yəni klassik mətndə baş verən proseslərin başqa variantını ortaya qoymaq təşəbbüsü ilə çıxış edir.
Keçəl Həmzənin gözüylə müəllif həm də Koroğluya böyük zat kimi baxır. Əsərdə Koroğluya ikili mövqe mövcuddur. Keçəl Həmzənin gözüylə Koroğlu etdiyi saleh əməllərə görə İmam Hüseynə, Qara Mahmud Yezidə bənzədilir. Burada da müqəddəs mətnlərə, hədislərə işarə olunur. İlk kitabda olduğu kimi, “Qarğa yuvası”nda da Keçəl Həmzə obrazı hadisələrin mərkəz xəttini təşkil edir. Hər iki əsərdə ana xarakter Keçəl Həmzədir. O, ağıllı, bacarıqlı və ən çətin məsələlərin həllində yüksək ağıl, siyasət nümayiş etdirir. Ancaq əsərdəki konfliktlər və onların həll yolları sadədir. Bu aspektdən də yazar dastan mövqeyini qorumağı seçir.
Əsərdə oxucu mərkəzçilik, qurğu içində qurğu, oxucunu mətnə ortaq etmək, oxucunu düşünməyə məcbur etmək, mətnlərarasılıq istehza, parodiya, pastiş, oyun prinsipi, magik realizm kimi faktorlar ön plandadır.
Yazar əsərdə magik realizmdən istifadə edib. “Qarğa yuvası” romanı magik realizm ünsürləri ilə zəngindir.
Əsərdəki sehrli dərədə baş verənlər, damğa, tacirin həyətində ağdan qırmızıya dönən qızılgüllər, ölü qarğalar, cadu-əfsun kitabları, dərvişlərin zindandan qarovulçunu ovsunlayaraq qaçmaları kimi məsələlər, rituallar magik realizm ünsürü kimi son dərəcə maraqlıdır.
Detektiv ünsürlərlə zəngin süjetin postmodernizm kontekstindən təqdim olunması əsəri daha da qüvvətləndirir. Yazar postmodern texnikaları detektiv hekayələrlə sintez edir.
“Qarğa yuvası” romanında yazar postmodernizmin bir çox ünsüründən şüurlu şəkildə istifadə edir: “Onunçün Çənlibel sərkarı qəzəblənəndə qurd kimi dağa-daşa düşüb ulamırdı, yumruqlarını sıxıb şir kimi nərildəyirdi”… “Vallah, lap hövsələm daraldı. Görünür ki, mətləbi çox uzatdım. Keçək yenə də təsvirində bulunduğumuz vaqeələrə”. Burada İlqar Fəhmi əsərin qurma, uydurma, fantastika olduğunu oxucuya bildirir. Gerçəkliklə uydurma arasındakı fərqi və romanın uydurma olduğunu meta-fantastik üsul ilə oxucuya çatdırmağı hədəfləyən postmodern yazar mətnin strukturunda oyunlar qurur və reallığı sual altında qoyub sorğulayır. Bu texnika ilə oxucuya bir oyunda olduğunu daima xatırladır.
Bundan başqa, əsərdə Səfəvilər dövrü hadisələri Ərdəbilə səfər edən Keçəl Həmzə, Toxmaqvuranın şeyxin zirzəmisində 15 il dustaq qalan Əli bəy Şamlu tərəfindən danışılır. Burada yazarın Səfəvilər dövründə baş verən hadisələrə dekonstruktiv yanaşması mövcuddur. “Hipertekstual əlaqələrin özünü əks etdirdiyi digər mətn isə Ərdəbildə şeyxin gizli kitabxanasına daxil olmaq istəyərkən tələyə-quyuya düşən Həmzə və dostlarına quyudakı digər başqa bir əsir Əli bəy Şamlu tərəfindən danışılan əhvalatdan ibarətdir. Əli bəy Şamlu Səfəvi şahı Təhmasibin oğlu Heydər Mirzənin hərəminin eşikağası olub. Şah öləndən sonra Ustaclu tayfası Heydər Mirzəni, digər Qızılbaş tayfaları isə şahın Qəhqəhə qalasına saldığı oğlu İsmayıl Mirzənin varisliyini müdafiə etməyə başlayırlar. Digər tayfalar Heydər Mirzəni öldürmək üçün saraya hücum edəndə şahzadə Əli bəy Şamlu tərəfindən ələ verilir və başı kəsilir. Şahzadəni ələ verməyinin səbəbi isə onun qaçış üsulu idi. “…Qabağımdakı kəniz… şahzadə Heydər Mirzəydi, əyninə arvad paltarı geyib ləçək bağlamışdı…”.
“Qarğa yuvası”nda Əli bəy Şamlunun oğlunu öldürməsi epizodu “Quran”dakı İbrahimin oğlu İsmayılı Allaha qurban etmək ayininə oxşayır. Hər iki hadisə yuxu yolu ilə insandan istənilən əmr kimi təlqin olunur: “Ortaya ağır sükut çökdü. Həmzə fikirləşdi ki, hərgah bu adam Allah qabağında öz günahını yumaqçün oğlunun da canını əsirgəməyibsə, demək, həqiqətən çox böyük adamdı. Bu, İbrahim qurbanı kimi bir şeydi”.
Romanda həm dastançı (müəllif), həm də mətn ön plandadır. Mətndə bir çox dastançı səsi, hekayə içərisində hekayələri bir-birinə bağlamaq və ya başqa bir hekayə / və ya mətn içərisində hekayələri izləmək kimi elementlər də mövcuddur…
Silsilədə üçüncü kitab “Kölgədə əqrəb” (Çənlibel tülküsü – 3-cü kitab) adlanır. İlqar Fəhmi “Kölgədə əqrəb” romanına təbiət təsviri ilə başlayır. Qızılbaş atlısının düşüncələri fonunda şərh olunan məsələlər kontekstində postmodernizmin elementi olan kollajdan istifadə olunur: “Sən bir dağın-daşın gözəlliyinə bax. Öylə bil ki, əleyhürəhmət İsmayıl padşah Xətai həştad il əqdəm haman bu yolun sağ əlindəki qayalığın üstünə dırmaşıb doyunca buraları seyr eləmiş, sonra da vəzirlərdən birinin belinə qoyduğu ağappaq Səmərqənd kağızında haman məşhur “Bahariyyə”sini inşa eləmişdi…”.
Əsərin sonrakı hissələrindən bir daha aydın olur ki, bu hissədə də, yenə əsas süjet “Koroğlu” dastanı ilə intertekstual əlaqə içindədir. Ancaq “Qarğa yuvası” əsərindən fərqli olaraq bu dəfə müəllif əsərdə din və təriqətlər məsələsinə ironik nöqteyi-nəzərdən yanaşır…
Əsərdə yenə də, əsas obraz Keçəl Həmzədir. O hadisələrin inkişafı və açılmasında xüsusi rol oynayır. Koroğlu və dəliləri, xanımlar arxa planda qalır. Hətta əsərdə hər yerə səpələnən dəlilərdən qeyri-adi qəhrəmanlıq görmürük…
Əsərin sonrakı inkişafından Bəlli Əhmədlə Həmzənin dialoqunda dastanda var olan Həmzə obrazı və Bəlli Əhməd dekonstruksiya edilir…
Nəticə olaraq qeyd edək ki, İlqar Fəhminin romanları, çoxşaxəli Azərbaycan ədəbiyyatında yaranan postmodern nəsr sahəsində xüsusi yerə malikdir.
Sonluqda yazar postmodern romanın əsas tələblərindən biri olan skeptizim nöqteyi-nəzərindən çıxış edərək oxucunu çaşdırır, elə göstərir ki, Mustafa bəy və Həmzə uçqunun altında qalıb kəndlilərlə birgə ölüb. Ancaq bundan Koroğlu daxil heç kim xəbər tutmur. Hər ikisi kəndlilər tərəfindən dəfn olunur.