Azərbaycan Yazıçılar Birliyinin üzvü

Əslən Kürdəmir rayonunun Şilyan kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, medalları ilə təltif edilmiş tankçı baş leytenant Hüseynov Fərrux Baxış oğlunun əziz xatirəsinə ithaf edirəm.

Uşaqlıqdan arzusu
Hərbçi olmaq idi,
Kafirləri yurdumdan
Bir yolluq qovmaq idi.

Hərb elminin sirlərin
Öyrənib zabit oldu,
Eli-obanı sevən
Cəsur bir igid oldu.

Üz-gözündən yağırdı
Qalibiliyyət, cəsarət,
Qarabağ uğrunda o,
Göstərdi çox şücaət.

Tankçı komandir idi,
Sevirdi, sənətini,
Qazanmışdı orduda
Hamının hörmətini.

Əsgərlərinə arxa,
Böyük bir qardaş idi,
Onların hər birinə
Dost idi, sirdaş idi.

Döyüşərkən düşmənlə
Yaralansa da ağır,
Dedi, dayanmaq olmaz,
Vətən məni çağırır.

Yenə cəbhəyə getdi,
Döyüşlərə atıldı,
Müqəddəs savaşlara,
Yenə qəlbən qatıldı.

Şəhidliyə qovuşdu,
Öiməz qəhrəman oldu,
Düşməni məhv eylədi,
İntiqam yaman oldu.

Fərrux, biz hünərindən
Duyuruq bir fəxarət,
Göstərdin döyüşlərdə
Gör, nə qədər rəşadət.

Matəmə bürünübdür,
Bil, qan ağlayır yağı,
Fərrux kimi oğullar
Vətən edir torpağı!

19.12.2020.