ÇANAQQALA ZƏFƏRİ
Çanaqqala Zəfərinin 100 illiyində yazılıb.
Azadlığı başa tac
Seçənlərin püşküdü,
Vətənə namus andı
İçənlərin püşküdü,
Bu andla şirin candan
Keçənlərin püşküdü, –
Əbədiyyət yoluna
Çıxanların səfəri,
Çanaqqala zəfəri!
Gözümüzün qan adlı,
Seli, suyu qurudu,
Bu qan aydan arıdı,
Bu qan sudan dururdu,
Türkün qurtuluş himni,
Varolma düsturudu,
Odur bizə bəxş edən
Al şəfəqli səhəri,
Çanaqqala zəfəri!
Qos-qoca bir ağacı
Qurutmaq mümkün deyil.
Buna təşəbbüsləri
Unutmaq mümkün deyil,
Yüz səksən milyon bu gün
Qürurla: “Türküm” – deyir.
Bitib-tükənərmi heç
Qırx budağın bəhəri? –
Çanaqqala zəfəri!
Qorxu bizdən uzaqdı,
Kənardı hürkü, Tanrım.
Neylər sonsuz səmaya,
Bir ovuc bürkü, Tanrım,
Türk – Tanrının əsgəri,
Qorusun Türkü Tanrım.
Göyün yerə müjdəsi,
Yerin göyə xəbəri, –
Çanaqqala zəfəri!
18 mart 2015.